Uşaq Bərpa Mərkəzində kurs keçən gənclər imtahanda yüksək nəticə göstərib

Adəm Abbaslı/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Uşaq Bərpa Mərkəzində reabilitasiya kursu keçən daha dörd gənc – Xeyransa Rüstəmova (Neftçala rayonu), Emin Abbasov (Quba rayonu), Həbibə Ələkbərova (Gəncə şəhəri) və Elxan Qələndərov (Bakı şəhəri) ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğurlu nəticə göstəriblər.

ƏƏSMN-dən Azadinform-a verilən məlumata görə, Xeyransa imtahanlarda 524 bal, Həbibə 461 bal, Emin 431 bal və Elxan 279 bal toplayıblar.

Həmin gənclər vaxtaşırı olaraq mərkəzdə stasionar şəraitdə bərpa müalicə xidmətləri ilə təmin edilirlər. Mərkəzdə bərpa müalicəsi alan daha bir neçə gənc isə orta-ixtisas təhsili müəssisələrinin tələbələri sırasına qoşulub.

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün nəzərdə tutulan və müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradıldığı Uşaq Bərpa Mərkəzində uşaqların tədris-peşə reabilitasiyası üçün də ayrıca şöbə fəaliyyət göstərir. Burada müəyyən müddət ərzində stasionar şəraitdə bərpa müalicə kursunda olan uşaqların təhsildə geri qalmamaları üçün xüsusi müəllimlər tərəfindən tədris işləri aparılır. Eləcə də uşaqlar musiqi və əmək terapiyasına cəlb olunur, onlarda əl işləri hazırlamaq bacarıqları, əmək vərdişləri formalaşdırılır.

Bu ilin 7 ayında Uşaq Bərpa Mərkəzində 1832 uşağa (o cümlədən 705 nəfər stasionar, 1127 nəfər ambulator qaydada) reabilitasiya xidmətləri göstərilib.

14.08.2018 17:33 / Baxılıb: 362 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
12.11.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo