Qlobal dollar imperiyasının çirkin üzü- ANALİZ

və ya “Sem dayı”nın dünya ölkələrində “parçala hökm et” siyasəti


Hazırda Vaşinqtonun dünyada yeritdiyi aqressiv hərbi və iqtisadi siyasət Amerikanın birinci güc ölkəsi kimi daha uzun müddətli qalmasına xidmət edir. Son illər ABŞ-ın hərbi və iqtisadi müdaxiləsi ölkələrə böhranlardan və müharibələrdən, terror və xaosdan başqa heç nə vermədi. 

Dünya jandarmı vəzifəsinə özbaşına yiyələnmiş “samozvanets” dövlət dünyada itirilən nüfuzunu və çökməkdə olan iqtisadiyyatını xilas etmək üçün durmadan xaos və müharibə ssenariləri hazırlayıb həyata keçirir, vaxtında qurduğu şeytani sistemlə -  qlobal birjalar və təsirində olan beynəlxalq təşkilatlar vasitəsilə maliyyə maxinasiyaları törədib ölkələri böhrana düçar etməyə cəhd edir. 

Əslində, Amerika dövləti belə bir neçə ailənin (Rokfellerlər, Rotşildlər və s) tam mülkiyyətindədir və onlar Amerikanı dövlət kimi yox şirkət kimi istifadə edir və onun vasitəsilə öz qorxunc qlobal planlarını həyata keçirir. Hazırda bu qlobal satanist mafiyanın əlində qalan yeganə silah dollardır ki, var gücü ilə ondan istifadə edib ölkələri öz müstəmləkəsinə çevirməyə və sərvətlərini talamağa çalışır.

Demokratiya adı altında korparativ maraqlar

Amerikanın regiondakı xarici siyasətini daha yaxşı anlamaq üçün amerikalı politoloq Cozef Nayin işlətdiyi "hard power" (sərt güc) və "soft power" (mülayim güc) anlayışlarına istinad edək. Əgər Birləşmiş Ştatlar əsl düşməni məğlub etmək üçün zəruri iqtisadi və hərbi gücə (hard power) malik deyilsə, o zaman "mülayim gücə" (soft power) əl atır. 

Bu isə ideologiya vasitəsilə (Amerika dəyərlərini təbliğ edib oturtmaq, Amerika yönümlü şəxsləri hakimiyyətə gətirmək) digərlərinə öz iradəsini qəbul etdirmək siyasətidir. Vaşinqton bu yaxınlaradək daha çox yumşaq gücdən istifadə edirdi, lakin son illər sərt gücə daha çox əl atır. 

SSRİ dağıldıqdan sonra, xususilə 1996-cı ildən Amerika xarici siyasəti açıq imperial xarakter aldı və dünyanı öz nəzarəti altında saxlamağa çalışdı. Həmin vaxtdan özünün hərbi və enerji potensialına görə Rusiya Amerikaya güclü rəqib sayılan ölkəyə, yeni müstəqil dövlətlər isə əksinə, strateji tərəfdaşlara çevrildilər. 

Moskva həm Çin və Hindistanla, həm də Qərbi Avropa ölkələri ilə yaxınlaşaraq ABŞ-a qarşı rəqib rolunu oynayır. Amerikanın yeni siyasəti, məşhur politoloq Zbiqnev Bjezinskinin yazdığı kimi, Rusiyanı kənarlaşdıraraq onun Avrasiyada bütün hərəkət imkanından məhrum etmək niyyəti daşıyır. 

Bunun üçün Vaşiqton bir tərəfdən Qərbi Avropa və Rusiya arasında yaxınlaşmağa mane olmaq üçün Moskva ilə müəyyən gərginlik səviyyəsi saxlamağa, digər tərəfdən keçmiş SSRİ respublikalarının Rusiyaya qarşı düşmən mövqeyə keçməsinə çalışır. 


Rusiyanı zəiflətmək siyasətinin yeni konturları

 

Rusiyanı zəiflətmək üçün amerikan beyin mərkəzləri həm bu ölkədə həm də onun qonşularında, tərəfdaşlarında yeni “rəngli inqilablar”, vətəndaş müharibələri nəzəriyyəsini hazırladılar. Məqsəd isə Rusiyanı beynəlxalq və regional izolyasiya etməkdən və qonşu ölkələrlə belə normal münasibətlərinə imkan verməməkdən ibarətdir. 

Bunun üçün onlar dolayısı ilə yeni müstəqillik qazanmış respublikalarda “demokratik” inqilabların həyata keçirilməsinə yardım edirlər. Sonra isə onların Qərb dünyasına inteqrasiyasına köməklik edərək konkret bu ölkələr üzərində öz təsir imkanlarını gücləndirirlər və Moskvanın təsirindən uzaqlaşdırırlar. Misal üçün, Gürcüstan, Ukrayna və Ermənistanı göstərmək olar.

Bu, əslində hələ 1940-cı illərdə tarixçi-diplomat Corc Kenan tərəfindən hazırlanmış və SSRİ-yə qarşı yönəldilmiş köhnə “containment” (şaxələnməyə imkan verməmək) siyasətinin yeni formasıdır. 

Bu siyasət regionda qeyri-sabitliyi artırdı və Rusiyanın öz siyasətində sərt əks-addımlar atmasına gətirib çıxardı. Məhz belə bir vəziyyət Amerikanın strategiya sahəsindəki mütəxəssislərini Amerikanı, “zəruri dövlət” kimi təqdim etməyə, Qərbi Avropanı, Çini və Yaponiyanı öz təsirləri altında saxlamaq üçün yeni vasitələr tapmağa vadar edir. Çünki Amerikanın özünün iqtisadi və siyasi səviyyəsini saxlamaq üçün böyük dövlətlər üzərində siyasi təsirini saxlaması zəruridir. 

 

Dünya əhalisinin boynuna minmiş amerikalılar

 

SSRİ dağıldıqdan sonrakı ilk onillikdə - 1990-cı ildən 2010-ci ilə qədər Amerikanın ticarət dövriyyəsinin 100 milyard dollardan az qala 1 trilyon dollara qədər çatması sübut etdi ki, artıq bu ölkə təkcə öz istehsalı ilə yaşaya bilməz. İdxalın ixracdan qat-qat artıq olması Amerikanın sürətli sənayesizləşmə prosesini yaşadığını ortaya qoydu. 

Bu gün Amerika iqtisadiyyatı dünyanı bürümüş dolların, həmçinin 3-cü dünya ölkələrinin sərvətlərini talamaq hesabına davam gətirir. Lakin artıq bu da kömək etmir. Konqresin hər dəfə borclanma limitini məcburi artırmasına baxmayaraq, ölkə 20 trilyonluq borcla faktiki olaraq defolt vəziyyətindədir. 

Dünya əhalisinin 5 fazini təşkil edən amerikalılar dünyanın yüksək dəyərli sərvətlərinin 40 faizini istehlak edirlər. Başqa sözlə desək, indi dünya əhalisi işləyib amerikalıları saxlamaqla məşğuldur.

Nəyin bahasına olursa-olsun dolların üstünlüyünü saxlamaq ABŞ-ın marağında olan əsas məsələlərdəndir. Amerika dünyaya arxasında əmtəə dayanmayan kağız (dollar) ixrac edib, əvəzində mal idxal edir. Bütün siyasət qlobal maliyyə-birja maxinasiyalarının üzərində qurulub.

Vaşinqton bununla Avropa və Şərq üzərində güclü təsir imkanlarını əldən buraxmaq istəmir. Bu da hər şeydən öncə Amerika dövlətinin dünyada dolların birinciliyini saxlamağa imkan verir və onun iqtisadiyyatının ehtiyaclarını ödəyir. 

 

İqtisadi və hərbi hegemoniyanı saxlama siyasəti


Siyasi və strateji baxımdan, Amerikanın bugünkü vəziyyəti heç də yaxşı deyil. Əslində, çox pisdir demək daha doğru olardı. Bu səbəbdən ABŞ öz həyat səviyyəsinə zəruri olan dünya hegemoniyasını təmin etməyə çalışır. Bu məqsədlə hazırlanmış qlobal strategiyanın hədəfi zəif rəqib (üçüncü dünya ölkələri) seçməkdən ibarətdir. Bunlar Amerikanın hərbi gücünü nümayiş etdirməkdə bir növ səhnə rolunu oynayırlar. 

Vaşinqton belə dövlətləri təyin etmək üçün "rogue state" (fırıldaqçı dövlət) konsepsiyasını hazırlayaraq ön plana çəkir. Əsas hədəf olaraq İraq, İran, Misir, Liviya, Suriya, Şimali Koreya kimi ölkələr seçilir. 

Belə bir siyasət daha çox qeyri-sabitliyi artırır, sülhü və əmin-amanlığı bərqərar etməyə heç bir kömək göstərmir. Əksinə, terrorizmə yeni vüsət verir. Amma hələ ki, bu strategiya ABŞ üçün xeyir verir. Bununla yanaşı, strateji planda ABŞ-ın Şərqdə nüfuzuna zərər gətirir. Bu da məşhur Amerika ekspertlərini artıq narahat etməyə başlayıb. 

Beləliklə, Amerikanın dünya hegemonluğunu saxlanmağa yönəlmiş xarici siyasəti çox pis xarakter daşıyır və çoxlu problemlərlə müşayiət olunur. Bu siyasət Yaxın Şərq və MDB məkanında problemləri daha da kəskinləşdirir. Ukrayna, Qırğızstan, Gürcüstanda gizli ABŞ-Rusiya qarşıdurması bu ölkələrə fəlakət gətirdi. Suriya, İraq və Misirdə isə tam bir bəşəri faciə yaratdı. 

Yaxın Şərqdə Rusiya, Çin və İranın, həmçinin Türkiyənin apardığı əks-siyasət və hərbi kampaniya Amerikanın məqsədlərini pozduğundan, onlara qarşı hazırda əllərində qalan son silahdan - qlobal maliyyə maxinasiyalarından istifadəyə keçiblər. Dolların kursunu süni surətdə yüksəldir, bu ölkələrin valyutasını ucuzlaşdırır, birja təlatümləri yaradır. Hələlik, bu ölkələrdə milli valyuta ucuzlaşır, iqtisadi problemlər yaranır, lakin bu, qısa müddətli olacaq. Getdikcə daha çox ölkə anti-dollar, anti-Amerika cəbhəsinə qoşulur və qoşulacaq.

Azərbaycana gəldikdə, ölkəmizin heç kimdən siyasi və iqtisadi asılığı yoxdur. Həm Rusiya, həm ABŞ, həm Çin, həm Avropa, həm də qonşu İran və Türkiyə  ilə münasibətlər sivil müstəvidə və qarşılıqlı maraqlar əsasında qurulur. Azərbaycanda digər ölkələrdə sınaqdan çıxarılan strategiyalar səmərə vermir. 


Elçin Bayramlı

14.08.2018 17:23 / Baxılıb: 384 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo