Konvensiya Xəzəryanı ölkələrin qarşılaşdığı problemlərin həll olunması deməkdir

AZADİNFORM. “Xəzərin hüquqi statusu haqqında imzalanan konvensiya cənab prezidentin qeyd etdiyi kimi, tarixi sənəddir. Çünki 25 ildən artıq bir müddət idi ki, Xəzəryanı 5 ölkə Xəzər dənizi ilə bağlı ümumi razılığa gələ bilmirdilər”.

Azadinform xəbər verir ki, bu sözləri millət vəkili Azər Badamov bildirib.

Millət vəkili qeyd edib ki, konvensiyanın imzalanması Xəzər dənizdən istifadə olunmasında bir konstitusiyanın qüvvəyə minməsi deməkdir: “Yəni bundan sonra Xəzəryanı bütün dövlətlərin Xəzərdə maraqları konvensiya ilə qorunacaq. Konvensiyanın təsdiq olunması demək olar ki, Xəzərin hüquqi statusunun öz həllini tapmış olmasıdır. Konvensiya Xəzəryanı ölkələrin bir-birinə ərazi iddiası kimi məsələyə son qoyur. Burda Xəzərin dənizin dibinin sektorlarla, suyun səthinin isə sahələrlə bölünməsi nəzərdə tutulur. Həm də hər hansı problem yarananda məsələni iki ölkə arasında həll etməyə imkan verir”.

Millət vəkili deyib ki, konvensiyada Xəzərdə iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri öz əksini tapıb: “Konvensiyanın imzalanması Xəzər dənizindən istifadə olunmasında Xəzəryanı ölkələrin qarşılaşdığı problemlərin həll olunması deməkdir. Xəzəryanı ölkələr bundan sonra Xəzərdən istifadə olunmasında konvensiyanın tələblərini rəhbər tutacaq və ona uyğun hərəkət edəcəklər. Xəzərin hüquqi statusu haqqında imzalanmış konvensiya Azərbaycanın maraqlarına tam uyğundur”.

14.08.2018 15:00 / Baxılıb: 194 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.09.2018
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo