Meşələri yanğından necə qoruyaq?

İnsan hələ ətraf mühiti güclü dəyişməzdən çox-çox əvvəl yanğınlar limitləşdirici faktor olubdur. Yanğının təbii başvermə səbəbi çox vaxt ildırımın vurması olur. Təəssüf ki, hazırkı dövrdə də insanın ehtiyatsız davranışı nəticəsində də məhsuldar meşə və bozqır əraziləri yanğınlara məruz qalaraq pozulur və ya məhv edilir. 

Əsasən yay aylarında meşələrə gələn turistlərin sayı artır. Bu zaman sakinlərin əksəriyyəti çox vaxt meşəlik ərazidə  ocaq qalayır ki, bu da yanğın təhlükəsi yaradır. Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Ən əsası da qeyd etmək lazımdır ki, isinmək, xörək bişirmək üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlarına səbəb olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün meşəyə atılması, maşınların mühərrikindən qopan qığılcımlar da yanğın törədir. Meşələrin məhv olmasının əsas səbəblərindən biri onun bu kimi yanğınlara məruz qalmasıdır. Meşələrimizin yanğın təhlükəsizliyini təmin etmək üçün bir sıra zəruri tədbirlərin həyata keçirilməsi vacibdir.


Meşələrdə yanğın təhlükəsizliyi


Respublikamızın meşələrində yanğın təhlükəsizliyinin təşkil olunmasında məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin və onun yerlərdəki strukturlarının üzərinə düşür. Meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, o cümlədən meşə mühafizə mühəndisləri meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etməli və bu rejimə riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar. Meşə təsərrüfatının rəhbər işçiləri mütəmadi olaraq yanğınsöndürmə texnikaları və vasitələri, təbii və süni su mənbələri, keçidlərin, yolların vəziyyətini yoxlamalı, yanğınsöndürmə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə bağlı işçilərlə təlim məşqləri keçirməlidirlər. Meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin yanğınsöndürmə texnikasına və vasitələrinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsinin təşkil edilməsi də zəruridir. Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək məqsədi ilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməli, yanğın baş verən zaman yanğınsöndürmə xidmətini hadisə yerinə çağırmalı, yanğının söndürülməsi üçün mövcud vasitələri təşkil etməlidirlər.


Yanğınların qarşısı necə alınmalı?


Meşədə yanğınlara yol verilməməsi üçün yanğın təhlükəsizliyi istiqamətində bir sıra qaydalara əməl olunması zəruridir. Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün hara gəldi atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi qadağandır. Küləkli havada tonqalların qalanması xüsusilə təhlükəlidir. Meşələrə sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əski və digər materialları atmaq olmaz. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir.

Dövlət meşə torpaq fondu, habelə meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin müəssisələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılmasına icazə verilməməlidir. Meşələrdə yanacaq və sürtgü yağlarının açıq şəkildə saxlanılması da yanğın təhlükəlidir.

Yanğın təhlükəsindən uzaq olmaq üçün meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə müəyyən olunmuş qaydada yığılıb saxlanılmalıdır. Belə ki, meşə materialları yığılan yerlər və yanğına qarşı ara məsafələr yanar materiallardan təmizlənməli, eni 1,4 metrdən az olmayaraq minerallaşdırılmış zolaqlarla haşiyələnməlidir.

Sonda qeyd etmək lazımdır ki, insanların həyat və fəaliyyətində mühüm rol oynayan, sözün həqiqi mənasında onların qayğısına qalan meşələrin özünün daim qayğıya ehtiyacı var. Meşələrdən bəhrələnməklə, onun sərvətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur.

 

Şəbnəm Zülfüqarova

Bu məqalə “Ekoloji Tarazlığın Qorunması” İB tərəfindən AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Məktəblilər arasında ətraf mühitin və sağlamlığın qorunması təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb. 

10.07.2018 19:35 / Baxılıb: 170 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo