Emoməli Rahmon: Dialoq Dağlıq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur

Adəm Abbaslı/AZADİNFORM. Siyasi-diplomatik dialoq Dağlıq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur.

Azadinform-un məlumatına görə, bunu Tacikistan Prezidenti Emoməli Rahmon Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

Tacikistan Prezidenti bildirib: "Dost Azərbaycan torpağında rəsmi səfərdə olmaq və Azərbaycan xalqının səmimi sevincini duymaq mənim üçün xoşdur. Azərbaycan Tacikistanın xarici siyasət strategiyasında mühüm yerlərdən birini tutur və biz Tacikistan-Azərbaycan əməkdaşlığının gələcəkdə də inkişafında və möhkəmlənməsində maraqlıyıq.

Bu gün bizim siyasi dialoqumuz çərçivəsində həm ikitərəfli, həm də regional və beynəlxalq xarakterli məsələlərin geniş spektoru üzrə konstruktiv və maraq doğuran fikir mübadiləsi aparıldı. İlham Heydər oğlu ilə mən belə bir fikrə gəldik ki, bütün istiqamətlər üzrə sıx əməkdaşlıq üçün mövcud imkanlardan daha da geniş istifadə olunması vacibdir. Bu barədə indicə İlham Heydər oğlu sizə məlumat verdi. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması məsələləri və iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığımızın istiqamətlərinin genişləndirilməsi diqqət mərkəzində oldu. Bu cəhətdən biz ticari-iqtisadi əməkdaşlıq üzrə iki ölkənin dövlətlərarası qarşılıqlı fəaliyyət mexanizmi kimi birgə hökumətlərarası komissiyanın mühüm rolunu qeyd etdik. Biz o fikirdə həmrəy olduq ki, komissiya çərçivəsində əldə olunmuş razılaşmaların dəqiq yerinə yetirilməsi və imzalanan dövlətlərarası sənədlərin reallaşdırılması bizim ticari-iqtisadi münasibətlərimizin gələcək inkişafının amilidir. Biz hesab edirik ki, bugünkü razılaşmalar sənaye, energetika, nəqliyyat, aqrar sektor və turizm kimi iqtisadiyyatın baza sektorlarında uzunmüddətli əməkdaşlıq formalarının inkişafına təkan verəcək. Belə fikir bildirildi ki, ikitərəfli əmtəə dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və əmtəə nomenklaturası strukturunun təkmilləşdirilməsi üçün qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığı fəallaşdırmaq və yaxşılaşdırmaq zəruridir. Bu səfərin gedişində ikitərəfli əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi üzrə işləri davam etdirdik. Danışıqların nəticələrinə görə bu gün imzaladığımız sənədlər zamanın tələbidir və əməkdaşlığın əsas sahələrini əhatə edir".

Prezident Emoməli Rahmon daha sonra qeyd edib: "Ənənəvi qarşılıqlı anlaşma mühitində keçən danışıqların gedişində biz BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional birliklər çərçivəsində də qarşılıqlı fəaliyyətimizin perspektivlərini müzakirə etdik. Biz ölkələrimizin ümumi mövqedən çıxış etdiyi Əfqanıstan problemini müzakirə etdik. Biz Əfqanıstanda sülhün və sabitliyin dirçəldilməsi məqsədlərinə sadiqliyimizi təsdiq etdik, həmçinin beynəlxalq terrorizm, ekstremizm, radikal dini ideologiya, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq və digər çağırışlar və təhlükəsizliyin təhdidləri ilə mübarizədə gələcəkdə də əməkdaşlığı inkişaf etdirməyə tərəfdar olduğumuzu bildirdik.

Xüsusilə qeyd etmək istərdim ki, bütün bu məsələlər üzrə bizim mövqelərimiz üst-üstə düşür. Bu da həmin istiqamətdə əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yaxşı təməldir. Biz Cənubi Qafqazda cərəyan edən proseslər üzrə fikir mübadiləsi də apardıq. Biz mövcud ziddiyyətlərin və münaqişələrin hamılıqla tanınan beynəlxalq normalar və meyarlar çərçivəsində sülh yolu ilə həlli prinsipinə qəti sadiqliyimizi ifadə edirik. Bizim əqidəmizə görə, siyasi-diplomatik dialoq Dağlıq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur".

Tacikistan Prezidenti bildirib ki, mədəni-humanitar əlaqələrin inkişafı məsələlərinə müvafiq diqqət ayrılıb: "Təhsil, elm, mədəniyyət, incəsənət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olundu. Bütövlükdə demək istərdim ki, biz baş tutan dialoqdan razı qaldıq. Əminəm ki, bugünkü danışıqların nəticələri ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bunlar son on ildə ilbəil yeni praktik məzmunla zənginləşən uğurlu qarşılıqlı fəaliyyət üçün əlavə şərait və zəmin yaradır. İmkandan istifadə edərək, qeyd etmək istərdim ki, Tacikistan öz tərəfindən xalqlarımızın rifahı naminə bizim dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsi üçün var qüvvəsini sərf edəcək. Əminəm ki, bu gün gördüyümüz iş bizim çoxşaxəli tərəfdaşlığımızın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək.

Bizim konstruktiv dövlətlərarası dialoqumuzun davamı üçün mən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlunu onun üçün münasib vaxtda Tacikistana rəsmi səfərə dəvət etdim.

Hörmətli İlham Heydər oğlu, bir daha Sizə və sizin simasında qardaş Azərbaycan xalqına səmimi qəbula və ənənəvi Azərbaycan qonaqpərvərliyinə görə təşəkkür edirəm. Sağ olun".

10.08.2018 15:56 / Baxılıb: 184 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo