İlham Əliyev: Tacikistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi ədalətli mövqedir

Adəm Abbaslı/AZADİNFORM. Tacikistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həm dost mövqeyidir, həm də ədalətli mövqedir.

Azadinform xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tacikistan Prezidenti Emoməli Rahmonla birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Emoməli Şərifoviç, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Tacikistan Prezidentinin Azərbaycana səfəri ölkələrimizin ikitərəfli münasaibətlərində mühüm hadisədir. Biz həm Tacikistanda, həm Azərbaycanda tez-tez görüşürük. Təmaslar mütəmadi xarakter daşıyır. Beynəlxalq tədbirlər çərçivəsində də həmişə söhbət edib vacib məsələləri müzakirə etməyə vaxt tapırıq. Lakin, əlbəttə, rəsmi səfər məsələlərin müzakirəsi və həlli üçün tamam başqa formatdır, tamam başqa səviyyədir.

İlk növbədə qeyd etmək istərdim ki, biz Prezident Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə Tacikistanın uğurlu inkişafını çox diqqətlə izləyirik. Tacikistan sosial-iqtisadi inkişaf məsələlərini uğurla həll edir. Ölkənizin beynəlxalq nüfuzu artır. Siz dayanılqlı, sabit inkişafa, mühüm sosial məsələlərin həllinə yönələn vacib qlobal təşəbbüslərlə çıxış edirsiniz. Tacikistanda ictimai-siyasi sabitlik mövcuddur. Bu, davamlı inkişaf üçün əsas amildir. Biz Sizin uğurlarınıza sevinirik və əminik ki, Tacikistan bundan sonra da Sizin müdrik rəhbərliyinizlə inkişaf və tərəqqi yolu ilə gedəcək".

Azərbaycan Prezidenti qeyd edib: "Bu gün biz həm üzbəüz söhbət zamanı, həmçinin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin mühüm məsələlərini, regional problematika məsələlərini müzakirə etdik. Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək. Bu nəticələr ölkələrimiz arasında qarşılıqlı sosial-iqtisadi fəaliyyətdə mütləq özünü göstərəcək və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bu gün bir çox mühüm sənədlər imzalanıb. Həmin sənədlər bizim münasibətlərimiz üçün mühüm hüquqi baza yaradıb və bu sənədlər nəticəyə hədəflənib. Düşünürəm ki, əldə etdiyimiz razılaşmaların uğurlu icrası əmtəə dövriyyəsinin xeyli artmasına və bir çox istiqamətlər üzrə işimizin fəallaşmasına gətirib çıxaracaq. Əlbəttə ki, indicə imzalanan sənədlər arasında Tacikistan və Azərbaycan prezidentlərinin Birgə Bəyanatını xüsusi qeyd etmək istərdim. Bu, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən olduqca fundamental vacib siyasi sənəddir. Bu sənəd ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyəsini qeyd edir. Bu sənəddə iqtisadi əməkdaşlıq, nəqliyyat, humanitar əməkdaşlıq, təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində mühüm məsələlərin əsas prioritetləri əksini tapıb. Sənəddə ölkələrimizi narahat edən vacib məsələlər də əks olunub. Azərbaycan Tacikistanın BMT-də irəli sürdüyü və gələcək onilliyin - 2018-2028-ci illərin “Su - dayanıqlı inkişaf üçün” tezisi ilə bağlı onilliyin olmasına dair təşəbbüsünü fəal dəstəkləyir. Bu, çox mühüm təşəbbüsdür. Qeyd etdiyim kimi, biz onu dəstəkləyirik. Bu, indicə imzalanan Birgə Bəyanatda əksini tapıb.

Tacikistana Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyinə görə də minnətdarlığımı bildirmək istərdim. Bəyanatın mətnində yazılıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, ATƏT-in qərarlarına uyğun şəkildə həll olunmalıdır. Bütün Azərbaycan xalqı adından belə ədalətli mövqeyə görə minnətdarlıq bildirmək istərdim. Bu, həm dost mövqeyidir, həm də ədalətli mövqedir. Çünki uzun illərdir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır və Ermənistan BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər bu kimi aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirmir. Vaxtilə onların hamısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul ediblər və bu zaman belə bir nöqteyi-nəzərdən çıxış ediblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Prezident İlham Əliyev bildirib: "Bu gün biz ticarət, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyət məsələlərini fəal müzakirə etdik, bu istiqamətdə ölkələrimizin sənayesinin güclü artımına təkan verəcək ciddi razılaşmalar əldə etdik. Biz bir daha nə qədər qarşılıqlı bağlı olduğumuzu və kooperasiya ilə əlaqədar məsələləri nə dərəcədə həll edə biləcəyimizi gördük. Bu, həm alüminium təchizatı sahəsində əməkdaşlıq məsələsinə, həm neft koksunun təchizatı ilə bağlı bu gün imzalanan memoranduma, həm də bir çox digər məsələlərə aiddir. Bu, sadəcə ticari-iqtisadi razılaşmalar deyil, bu, iqtisadi sahədə uzun illər üçün münasibətlərin inamlı inkişafını müəyyən edəcək layihələrdir və yüzlərlə yeni iş yeri yaratmağa imkan verəcək.

Mən Tacikistan Prezidentini Azərbaycanın öz tərəfdaşları ilə birgə reallaşdırdığı və ixrac üçün, o cümlədən Tacikistandan, həmçinin Mərkəzi Asiyanın digər ölkələrindən Azərbaycan ərazisindən keçməklə ixrac üçün tamamilə yeni imkanlar açan nəqliyyat layihələri haqqında ətraflı məlumatlandırdım. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, eləcə də böyük Ələt ticarət limanının tikintisi bu dəhlizin yüklərin ixracı üçün istifadəsinə tamamilə yeni imkanlar açır. Təbii ki, biz Tacikistandan yüklərin artacağına ümid bəsləyirik və bu barədə razılaşmalar əldə olunub. Biz Azərbaycan ərazisindən keçməklə beynəlxalq bazara çıxarılacaq tranzit yüklərin əhəmiyyətli dərəcədə dəfələrlə artmasını gözləyirik. Biz humanitar əməkdaşlıq, təhsil, mədəniyyət sahələrində, kənd təsərrüfatı ilə bağlı məsələləri müzakirə etdik. Biz sıx qarşılıqlı fəaliyyət məsələlərinin işlənib hazırlanması üçün xüsusi nümayəndə heyətlərinin göndərilməsini razılaşdırdıq. Başqa sözlə, müzakirə etdiyimiz bütün məsələlər üzrə bizim aramızda tam anlaşma mövcuddur. Əminəm ki, müzakirə etdiyimiz bütün məsələlər reallaşdırılacaq. Çünki bütün bunların hamısı konkret nəticələrə hədəflənib. Əminəm ki, Tacikistan Prezidentinin Azərbaycana səfərinin nəticələri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin gələcəkdə də möhkəmləndirilməsində mühüm rol oynayacaq. Bir daha xoş gəlmisiniz, hörmətli cənab Prezident".

10.08.2018 15:00 / Baxılıb: 181 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo