Dəniz kuboku-2018 beynəlxalq yarışlarının bağlanış mərasimi olub

Samir Soltanov/AZADİNFORM. Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları–2018” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2018” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib. 

Azadinform xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib və “Dəniz kuboku–2018”dən bəhs edən videoçarx nümayiş etdirilib. 

Mərasimin aparıcısı Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani yarışda iştirak edən Azərbaycan, Rusiya, Qazaxıstan və İran ölkələri arasında keçirilən kubokun əhəmiyyətindən bəhs edib. A.Qurbani “Dəniz kuboku-2018”in Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafındakı rolundan söz açıb. 

Sonra kubok və “Dəniz kuboku–2018” yarışlarında iştirak edən komandaların bayraqları meydana gətirilib. 

“Dəniz kuboku–2018” müsabiqəsində yer tutan komandalar təqdim olunub. 

Bildirilib ki, hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Rusiya Federasiyası "Dəniz kuboku-2018"in qalibi olub. Yarışda ikinci yerə Qazaxıstan komandası çıxıb. Azərbaycan və İran Hərbi dənizçiləri müsabiqədə üçüncü yerə layiq görülüblər. 

Sonra yarışın qalibi olan Rusiyanın dövlət himni səsləndirilib. 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov tədbirin əhəmiyyətindən danışıb. Nizam Osmanov bildirib ki, yarışların şəffaf və ən yüksək səviyyədə keçirilməsi üçün dəniz poliqonlarında və təlim-məşq komplekslərində hər cür şərait yaradılıb. Yarışlarda gərgin mübarizənin şahidi olduğunu deyən N.Osmanov qeyd edib ki, bu yarışın ən böyük nailiyyəti Xəzəryanı ölkələrin hərbi dənizçilərinin bir-birini yaxından tanıması, qarşılıqlı etimadın güclənməsi, əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsi, dostluq və qardaşlıq mühitinin yaranması oldu. 

Sonra “Dəniz kuboku-2018” beynəlxalq yarışları bağlı elan edilib.

10.08.2018 12:39 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo