Rusiya iqtisadiyyatı komaya düşəcək

Nərgiz Məmməd/AZADİNFORM. “Dünən ABŞ Senatına təqdim olunmuş sanksiya qanununun mətninin yayılması Rusiya maliyyə bazarlarında çaxnaşma yaratmışdı. Proses bu gün də davam edir. Bu dəfə səbəb həmin qanun layihəsi deyil, ABŞ hökuməti tərəfindən “Skripal işi” ilə əlaqədar Rusiyaya qarşı ikimərhələli sanksiya planının elan olunmasıdır”.

Azadinform xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli bildirib. Politoloq qeyd edib ki, xəbər dünən axşam yayıldı, bu gün birjalar açıldıqdan sonra Rusiya şirkətlərinin səhmlərində növbəti ucuzlaşma başladı. “Aeroflot”un səhmləri 12%-dən çox, “Sberbank”ın səhmləri 6% civarında, VTB-nin səhmləri 7%-dən çox ucuzlaşdı, rubl da düşməyə davam etdi: “Avqustun 22-dən etibarən ABŞ Rusiyaya milli təhlükəsizlik sahəsi ilə bağlı olan elektron qurğuların və onların komponentlərinin, o cümlədən aviasiya sahəsində istifadə olunan cihazların ixracını tam dayandıracaq. Bu, kimyəvi və bioloji silahlar üzərində nəzarət və onların tətbiqinin qadağan olunması haqqında 1991-ci il tarixli qanuna əsasən edilir. ABŞ şərt qoyur ki, Rusiya bu tip silahlardan bir daha istifadə etməyəcəyinə dair 3 ay ərzində təminat verməli və öz ərazisinə beynəlxalq müfəttişlərin buraxılmasına razılaşmalıdır. Əks təqdirdə, sanksiyaların ikinci, daha ağır mərhələsi başlayacaq. Rusiya ilə diplomatik əlaqələrin səviyyəsi aşağı salınacaq (səfir geri çağırılacaq), “Aeroflot”un və Rusiya hökumətinin nəzarətindəki digər aviaşirkətlərin ABŞ-a uçuşları dayandırılacaq, qida məhsulları istisna olmaqla, ABŞ-dan Rusiyaya ixracat tam dayandırılacaq və bu ölkədən ABŞ-a idxal (o cümlədən neft və neft məhsulları) qadağan ediləcək, Rusiyaya beynəlxalq maliyyə qurumlarından yardım və kreditlərin ayrılması əngəllənəcək”.

Politoloq xatırladıb ki, qeyd olunan qanun indiyədək yalnız iki ölkəyə qarşı tətbiq edilib – 2013-cü ildə Suriyaya və 2018-ci ildə Şimali Koreyaya qarşı: “Rusiya faktiki, bu ölkələr və İranla eyni kateqoriyaya aid edilir və onun qarşısında kimyəvi silahlarının saxlanıldığı hərbi obyektlərini beynəlxalq müfəttişlərə açmaq tələbi qoyulur. Aydındır ki, Moskva alçaldıcı görünən şərtləri yerinə yetirməyəcək, bunu şərt qoyanlar da bilməmiş deyil. Belə görünür ki, Putin geri addım atmasa, onun qarşıdakı 5,5 illik səlahiyyət müddətində sanksiyalar ağırlaşmaqda davam edəcək, nəticədə Rusiya iqtisadiyyatı “komaya” düşəcək. Böyük ehtimalla, ABŞ-ın sanksiyalarına Britaniya da qoşulacaq”.

9.08.2018 17:00 / Baxılıb: 170 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo