İcra orqanları vətəndaşlara necə xidmət göstərir?

Vətəndaşların dövlət qurumlarına müraciətləri müvafiq qanunla həyata keçirilir. Vətəndaşlar müraciətləri əsasında onlara lazım olan bir çox suallara cavab tapır, yaxud öz problemlərini yaradılan şəraitə uyğun şəkildə aidiyyəti qurumlara çatdırmış olurlar. Bəs vətəndaşlar müraciətlərini qurumlara hansı yollarla çatdırır?

Binəqədi Rayon İcra Hakimiyyəti həm elektron, həm vətəndaşların qəbul günlərində, həm də Sakinlərin Müraciət Xidməti - 1646 vasitəsilə vətəndaşların müraciətlərini operativ şəkildə cavablandırır və həll etməyə səy göstərir. Eyni zamanda, saytlarının “Sual-Cavab” bölməsində müraciətlər cavablandırılır. Digər icra orqanlarından fərqli olaraq burada 5 ildir fəaliyyət göstərən Sakinlərin Müraciət Xidməti – 1646 hər ay mütəmadi olaraq hesabat təqdim edir. Bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir. Bu, eyni zamanda, şəffaflığı təmin edir və korrupsiyaya qarşı mübarizədə rayon sakinlərinin rolunu artırır. 

Xidmət rayon sakinlərinin icra hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən məlumat almaq imkanı əldə etmək və şikayətlərini daha çevik və operativ şəkildə bir telefon zəngi vasitəsi ilə İcra Hakimiyyətinə çatdırmaq üçün fəaliyyət göstərir. Eyni zamanda, Sakinlərin Müraciət Xidməti sisteminin fəaliyyəti İcra Hakimiyyətinin fəaliyyətinə dair vətəndaşların məlumatlılığının artmasına, daxil olan şikayətlərlə əlaqədar operativ tədbirlərin həyata keçirilməsinə imkan yaradıb və rayonun yerli struktur orqanlarının məsuliyyət hissini artırıb. 

İcra Hakimiyyətinin fəaliyyətinə dair vətəndaşların suallarının cavablandırılması, vətəndaşların onları narahat edən məsələlərə dair şikayətlərinin qəbul edilməsi və operativ şəkildə araşdırmaya yönləndirilməsi, şikayət həll olunanadək nəzarətdə saxlanılaraq sonda vətəndaşın razılığı olduğu təqdirdə şikayət vərəqəsinin bağlanması Sakinlərin Müraciət Xidmətində vətəndaşlara göstərilən xidmətlərin fəaliyyət istiqamətlərindəndir. Fəaliyyət nəzakətlilik, operativlik, və məsuliyyət prinsipləri əsasında qurulub və gün ərzində 24 saat fəaliyyət göstərir.

Xidmətin iyul ayı üzrə yaydığı hesabata görə, cavablandırılan zənglərin sayı 4173 vahid, birbaşa cavablandırılan zənglərin sayı 3766 vahid, tərtib edilmiş icraat vərəqələrinin sayı isə 407 vahid olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə cavablandırılmış zənglər 45,7% və ya 1906 vahid çox, birbaşa cavablandırılan zənglərin sayı 51,6 % və ya 1943 vahid çox, tərtib edilmiş icraat vərəqələrinin sayı 8,3 % və ya 37 vahid az olub. Nəticədə 2018-ci ilin iyul ayı üçün 1 gün ərzində cavablandırılmış zənglərin orta hesabla sayı 134 vahid olub. Hesabat ayı ərzində xidmət tərəfindən qurum rəhbərlərinin mobil telefonlarına göndərilən SMS sayı 57 vahid olub. Hesabat ayı ərzində icraat vərəqəsi qeydiyyata alınmış 407 vahid müraciətin 350  vahidi və ya 86%-i tam, 26 vahidi və ya 6,4%-i qismən, 31 vahidi və ya 7,6 %-i müvafiq izahat verilərək həll edilib.

Xətai Rayon İcra Hakimiyyəti vətəndaşların müraciətlərini elektron şəkildə və onlar üçün nəzərdə tutulmuş qəbul günlərində cavablandırır. Qurumun internet resursunda isə “Sual-Cavab” bölməsi yerləşdirilməyib. 

Xəzər Rayon İcra Hakimiyyəti isə müraciətləri elektron qaydada qəbul edir. Qurumun rəsmi internet səhifəsində “Sual-Cavab” bölməsi olsa da, burada yalnız bir sual-cavab yerləşdirilib ki, onun da tarixi qeyd olunmayıb.

Səbail Rayon İcra Hakimiyyəti də “Sual-Cavab” bölməsi olmayan qurumlardandır. Vətəndaşların müraciətləri isə elektron və onların qəbul günlərində dinlənilir.

Nərimanov Rayon İcra Hakimiyyəti digərlərindən fərqli olaraq internet saytında elektron müraciətə yer ayırmayıb. Bundan başqa, resursda “Sual-cavab” bölməsi də yoxdur. Müraciətlər yalnız qəbul günlərində, səyyar görüşlərdə dinlənilir.

Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi internet resursuna daxil olduqda sadaladığımız icra orqanlarında fərqli olaraq, səhifədə kiçik pəncərə açılır ki, burada da ziyarətçinin müvafiq sualları cavablandırılır və ya aidiyyəti üzrə yönləndirilir. Elə bu səbəblə də saytda “Sual-Cavab” bölməsi fəaliyyət göstərmir. Eyni zamanda, müraciətlər elektron qaydada da qəbul edilir.


Zəminə Abbasova

Bu məqalə “Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Açıq  hökumətin təşviqi  - KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmənin təşkili” layihəsi çərçivəsində hazırlanıb. 

9.08.2018 12:13 / Baxılıb: 194 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo