İlham Əliyev Şri-Lankadan gələn yeni səfirin etimadnaməsini qəbul edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Məhəmməd Şərif Anisin etimadnaməsini qəbul edib.

Azadinform xəbər verir ki, səfir Məhəmməd Şərif Anis fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Məhəmməd Şərif Anis etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Şri-Lanka arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirərək beynəlxalq təşkilatlarda ölkələrimizin bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə etdi.

İqtisadi sahədə əlaqələrin inkişafının önəmini qeyd edən dövlətimizin başçısı bunun üçün yaxşı potensialın olduğunu bildirdi. Prezident İlham Əliyev Məhəmməd Şərif Anisin səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi üçün Azərbaycanın müvafiq qurumları ilə səmərəli görüşlər keçirəcəyinə və qarşılıqlı səfərlərin təşkil olunacağına əminliyini bildirdi.

Məhəmməd Şərif Anis Şri-Lanka Prezidenti Maytripala Sirisenanın və Şri-Lankanın Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. Səfir ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsinin önəminə toxunaraq ticarət və sənaye sahələrində əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini dedi.

Azərbaycanın regionda ən gözəl turizm məkanlarından biri olduğunu qeyd edən səfir bu sahədə Şri-Lanka ilə Azərbaycan arasında əməkdaşlığın qurulması üçün geniş imkanların olduğunu bildirdi. Səfir, eyni zamanda, qarşılıqlı investisiya sahəsində imkanların araşdırılmasının zəruriliyini qeyd etdi.

Prezident İlham Əliyev Məhəmməd Şərif Anisin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenanın və Şri-Lanka Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Şri-Lanka Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

8.08.2018 16:40 / Baxılıb: 298 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo