Azad seks davası milli təhlükəsizlik kontekstində

Son vaxtlar cəmiyyətimizdə zorlamalar, qadın alveri, boşanmalar, həyat yoldaşına xəyanət halları sürətlə artır. Mənəvi-əxlaqı deqradasiya prosesi gedir. Maddi dəyərlər mənəvi dəyərləri arxa plana atıb. Bəs bu tendensiya kimlərdən, nələrdən qaynaqlanır?

Hamıya aydındır ki, burda ictimai, kütləvi təbliğatın böyük rolu var. Özəl televiziyalar və bəzi internet portalları cəmiyyətin bütün mənəvi-əxlaqı ehkamlarını məhv etməyi qarşılarına məqsəd qoyublar. 

Alt-şüurun dəyişdirilməsinə hesablanmış amerikan filmlərində, bir çox Türk seriallarında, şou proqramlarda, həmçinin internet portalların yaydığı materiallarda qadın azadlığı adı altında durmadan fahişəlik, boşanmalar, nikahdankənar cinsi əlaqələr təbliğ olunur, həyat yoldaşına xəyanət etməyin yolları peşəkarcasına öyrədilir. Bunların dediyindən belə çıxır ki, bizim cəmiyyətdə bəzi heyvanlarda olduğu kimi azad seks olmadığına görə geridə qalmışıq, məsələn, toydan əvvəl müxtəlif oğlanlarla sevişən qızlarla heç kim evlənmir ki, bu da düzgün deyilmiş. 

Xülasə, azad seksin olmamağı cəmiyyətin sosial, iqtisadi, elmi, mədəni inkişafına maneə törədirmiş. Buna görə də, yetkinlik yaşına çatmış qızlara və oğlanlara cinsi əlaqənin Qərbdə daha çox dəbdə olan formalarını praktiki öyrətmək lazım imiş. 

Adamlar bəlkə haqlıdırlar? Gəlin, əvvəlcə insan cəmiyyətində, sonra isə heyvanlar aləmində analoji vəziyyəti qiymətləndirməyə çalışaq, görək arqumentləri nə dərəcədə əsaslıdır.

Baxın Yaponiyaya, bunlar öz milli mədəniyyətlərini, mənəvi dəyərlərini konservativcəsinə qoruyub saxladıqlarından dünyada ən geridə qalmış ölkəyə çevriliblər. Amma, Afrikadakı bəzi qəbilələrdə toyuqlarda olduğu kimi, azad seks var - kim kimi harada tutdu cinsi əlaqəyə girir- deyə mədəni, elmi, texnoloji cəhətdən ən inkişaf etmiş cəmiyyət və dövlət yaradıblar.

Toyuq demişkən, elə heyvanlar aləmində də bunların arqumentlərinə uyğun hallar var. Məsələn, xoruz və toyuqlar arasında seksual münasibətlər son dərəcə azaddır deyə necə ağıllı, sağlam və yaradıcıdırlar, gözəl ailə sistemi, mənəvi dəyərləri var, hətta yüksək elmi-texnoloji səviyyəyə çatıblar - daha yumurtanı nanotexnoloji üsulla gündə 3 dəfə, özü də əlvan naxışlarla istehsal edirlər. Toyuqlardan dərs götürmək lazımdır.

Azərbaycanda onsuz da, qeyri-rəsmi fahişəxanalar çoxdur. Hər gecə də, hamısı  ağzınadək dolu olur. Lakin bu da kifayət etmirmiş, qərbdən idarə olunan bu qruplar ölkəni bütövlükdə fahişəxanaya çevirmək istəyirlər. 

Guya, bizdə fahişələrin bədənlərini satmasına əngəlmi var? Biz tolerant cəmiyyətik, kim harada, kimə, neçəyə istəyir bədənini satır, kimsə bir söz deyirmi?! Amma təbliğat aparıb yeniyetmə və gəncləri pozğun həyat tərzinə həvəsləndirmə cəhdinə qarşı adekvat cavab alacaqlar.

Azad seks təbliğatı aparanlar, ailə həyatında ciddi problemləri olanlardır. Harada bir boşanmış qadın var, ya da əyyaş kişi var - gəlib mediada ictimai və fərdi əxlaq sahəsində “maarifləndirici” fəaliyyət göstərir. 

Bəs bunlar niyə belə edirlər? Birinci qrupa dediyimiz kimi, mütəşəkkil fəaliyyət göstərən Qərb nüfuz agentləri daxildir ki, onların işlərindən biri də Qərb dəyərlərini təbliğ etməkdir. İkinci qrup isə, tamam başqa cürdür. Sadəcə, bunlar istəyirlər ki, hamı onlar kimi olsun. Onda rahatlıq tapır ki, tək mən belə deyiləm, belələri çoxdur. Həm də pozğunluq etmək üçün partnyoru çox rahat və pul xərcləmədən tapmış olur.

Ümumiyyətlə, ölkədə qadın alverinin, narkotikanın, digər zərərli və təhlükəli halların təbliği, hətta internetdə təhqir qadağandırsa, onda fahişəliyin təbliği də qanunla qadağan olunmalıdır. Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası mediada mənəvi dəyərlərə təcavüzə qarşı daha ciddi tədbir görməlidir. Bu, bir milli təhlükəsizlik məsələsidir. Necə?

Heç kəsə sirr deyil ki, MKİ (CİA) şefi Allen Dallesin SSRİ-yə qarşı “MƏHVETMƏ” planına bənzər doktrinalar hələ tam mənəvi deqradasiyaya uğramamış cəmiyyətlərə, o cümlədən Azərbaycana tətbiq edilir. Əxlaqsızlığın təbliği xüsusi mərkəzlər tərəfindən peşəkarcasına idarə və təşkil olunur.

Dallesin planından mövzumuza birbaşa aidiyyatı olan bəzi detallara nəzər salaq. “...Biz bütün gücümüzü insanların axmaqlaşdırılması və səfeh yerinə qoyulmasına yönəldəcəyik! 

İnsan beynində XAOS yaradaraq, onların dəyərlərini saxtalarıyla dəyişəcəyik və onları bu SAXTA DƏYƏRLƏRƏ inanmağa məcbur edəcəyik. Necə? Biz orada öz həmfikirlərimizi, müttəfiqlərimizi tapacağıq. 

Məsələn, incəsənət və ədəbiyyatdan tədricən onun sosial mahiyyətini çıxaracağıq... Ədəbiyyat, teatr, kino ƏN ALÇAQ İNSANİ HİSSLƏRİ təsvir və mədh edəcək. 

Biz insanların şüuruna SEKS, ZORAKILIQ, SADİZM, SATQINLIQ kultunu, bir sözlə hər cür ƏXLAQSIZLIĞI yeridən və yayan adamları dəstəkləyəcəyik…

ÇOX AZ ADAM NƏ BAŞ VERDİYİNİ BAŞA DÜŞƏCƏK. Lakin biz onları köməksiz vəziyyətə salacaq, gülüş obyektinə çevirəcəyik, onları şərləməyin və cəmiyyətin tör-töküntüsü adlandırmağın yolunu tapacağıq. Xalq əxlaqının əsaslarını təhrif edərək məhv edəcəyik. 

…Biz bu yolla nəsli nəslin ardınca sarsıdacağıq. İnsanların üzərində UŞAQ, YENİYETMƏ yaşlarından işləyəcəyik, əsas stavkanı isə həmişə GƏNCLƏRƏ edəcəyik - onları mənəviyyatca korlayacaq, onlardan HƏYASIZ, HEYVƏRƏ VƏ KOSMOPOLITLƏR düzəldəcəyik. Biz bunu bax belə edəcəyik!”.

Məncə əlavə şərhə ehtiyac yoxdur… 

Bax indi cəmiyyətdə bu qruplar tərəfindən həyata keçirilən təbliğatın iki istiqaməti var, biri dini-mənəvi ehkamları lağa qoymaq, gözdən salmaq, digəri isə qərbə inteqrasiya və inkişaf üçün üçün əxlaqsızlığın vacib olduğunu önə çəkməkdir. Halbuki, yuxarıda bunun belə olmadığını sübut etdik.

Mənəvi məsələləri inzibati yolla tənzimləmək mümkün deyil. Sadəcə, dövlət bunun qarşısını almaq üçün mümkün olan tədbirləri həyata keçirə bilər və keçirir də. Mənəvi dəyərlərimizi, milli mədəniyyətimizi qorumaq istiqamətində müəyyən işlər görülür. 

Prezident İlham Əliyev bu məsələ ilə  bağlı öz siyasi iradəsini ortaya qoyub: "Bəzi hallarda belə sözlər işlədilir ki, biz inteqrasiya etməliyik, Avropaya inteqrasiya etməliyik. Mən artıq dəfələrlə demişəm, biz heç yerə inteqrasiya etməməliyik. Biz öz milli dəyərlərimiz üzərində möhkəm dövlət, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Xüsusilə, indiki ayrı-seçkilik, islamafobiya dövründə inteqrasiya etməyə heç bir ehtiyac yoxdur".


Elçin Bayramlı

7.08.2018 15:16 / Baxılıb: 925 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo