Avropa və Azərbaycanın sosial fərqi: Kim necə yaşayır?

Azərbaycan kimi ölkələrin əhalisi həmişə Qərb ölkələrində əhalinin Cənnətdə yaşadığını düşünür. Bu, təbiidir. Sosializmdən kapitalizmə keçid dövründə bizim mətbuatda və cəmiyyət arasında nəinki Avropa ölkələrində, hətta Türkiyədə belə hamının varlı yaşadığı, hərənin 2-3 evi və avtomobili olduğu, hökumətin işləməyənlərə yüksək məbləğdə kompensasiya ödədiyi və bu pulla xan kimi yaşadıqları kimi cəfəngiyatları məqsədli şəkildə dövriyyəyə buraxanlar var idi.

Xarici film və seriallarda həmişə zənginlərin cənnətvari həyat tərzini göstərirlər, yüz milyonlarla yoxsulun cəhənnəmini isə göstərmirlər. Xaricə gedib-gələnlər də, hansısa Avropa və ya Amerika şəhərinin mərkəzi hissələrini gəzib gəlirlər ki, bəs, orda millət kef eləyir. Nyu-Yorkun yoxsul məhəllələrini onlara televizorda da göstərmirlər.

Xülasə, bizim cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, bizdə sosial vəziyyət dəhşətlidir, amma xaricdə hamı əla yaşayır. İllər keçdikcə, bizim insanlar bunun belə olmadığını, əksinə təriflənən ölkələrdə sosial vəziyyətin daha pis olduğunu anladılar. Çünki artıq informasiya əsri başlamışdı və qloballaşan dünyada xarici ölkələrə gediş-gəliş su yoluna dönmüşdü.

Dünyada ən zəngin dövlətin ABŞ olduğu heç kimə sirr deyil. Bəli, məhz dövlət varlıdır, xalq yox. Lap dəqiq desək, xalqın 1-2 faizi kinolardakı kimi yaşaya bilir. Amerikada 2009-cu ildə prezident Barak Obama tərəfindən rəsmi etiraf edilmiş 49 milyon aclıq həddində yaşayan insan var. Bir vaxtlar bəzi ərzaq növlərinin əhaliyə talonla verilməsinə görə bizi (SSRİ-ni) lağa qoyan Amerikada 33 milyon insan ərzaq, gündəlik tələbat mallarını talonla alır. 

Sosioloq Josef Stiglitzin dediyi kimi, Amerikadakı sosial bərabərsizlik səviyyəsi 1929-cu ildəki böyük depressiya səviyyəsinə çatıb - 1% ən varlı amerikalı ölkədəki gəlirlərin 93%-ni əldə edirlər.

Amerika mətbuatında tez-tez vaxtilə dünya ölkələrinə hərbi təcavüzdə iştirak etmiş və hazırda Amerika şəhərlərinin küçələrində bomj həyatı yaşayan müharibə veteranları haqda materiallar dərc olunur və sosial şəbəkələrdə yayılır. 

Bəzən iddia edirlər ki, ABŞ-da adi süpürgəçi ildə 20 min dollar qazanır, Qərbi Avropada minimum pensiya 1000 avrodur. Bəli, təxminən elədir, adamları çaşdıran da budur. Çünki pulun nominal dəyəri ilə real dəyəri fərqli anlayışlardır. Yəni, əsas məsələ pulun rəqəmlə necə ifadə olunduğu deyil, onun alıcılıq qabiliyyətidir.

ABŞ-da 4 nəfərlik bir ailənin aclıq həddi 2000 dollardır. Yəni, ildə 24 min qazansa belə yoxsuldur. Bundan yuxarı maaşa iş tapmaq üçün gərək “yeddibaşlı əjdaha” olasan. Ona görə də, işqabiliyyətli əhalinin 96 faizi borc altındadır, əmlakları tam girovdur. Bizdə isə bəzilərinə hələ də elə gəlir ki, bu ölkədə yel əsib, qoz tökülüb. 

Fransada tibb bacısı 1300 avro maaş alır, amma bu ölkədə kirayə haqqı 500 avrodan başlayır. Bəs qalan ehtiyaclar necə ödənilsin?

Almaniyada işsizlər müvəqqəti işçi kimi saatı 1 avroya məhsul toplamaq istəmirlər. Çünki o nə qədər işləsə də, ayda cəmi 300 avro qazanacaq ki, bu da Almaniyada sadəcə avtobus puludur. 

Avtobus pulu demişkən, Avropa və Amerikada şəhərdaxili sərnişin nəqliyyatında gediş haqqı minimum 3-4 avrodur. O cümlədən də çörəyin qiyməti. Kirayə qiymətləri, kommunal xidmətlərin haqqı bizdəki ilə müqayisədə astronomikdir. Bu gün Qərbdə yeməkdən, geyimdən tutmuş məişət əşyalarına, mənzilə qədər hər şeyi kreditlə alırlar. Yəni, kimlərinsə qibtə etdiyi amerikalı işçi artıq gələcəkdə qazanacağı pulları da xərcləyərək borc içində boğulur.

Belə bir şəraitdə insanların intihar etməkdən başqa çarəsi qalmır. Məhz buna görə ABŞ, Britaniya, Finlandiya, Norveç, Yaponiya, Almaniya və Fransa intiharların sayına görə dünyada ilk yerləri bölüşdürürlər.  

Bəzən deyirlər ki, guya Qərb ölkələrində yüksək maaşlı iş yerləri doludur, amma içsi tapılmır. Əvvəla, ABŞ-da işsizlik 15 faiz, İspaniyada 25 faiz civarındadır. Mövcud iş yerlərinin isə Amerika sosioloqu Maykl Parentinin yazdığı kimi, “yalnız 20 faizi 4 nəfərlik ailəni təmin edə bilər”.

Azərbaycanda da sosial problemlər var, amma bizdə ac qalan, “bomj”lar barmaqla sayılır. Azərbaycan bizə təriflənən Qərb dövlətlərinə baxanda daha çox sosial dövlətdir - əhalinin imtiyazlı təbəqələri üçün çoxsaylı sosial güzəştlər, yardımlar, müavinətlər var. Dövlət bir çox sosial qrupları evlə, avtomobillə təmin edir. Qərbdə isə az qala hava da pulladır. Ən əsası bizdə Qərb ölkələrindəki kimi əhalinin 80 faizi kirayələrdə yaşamır, 80 faizindən çoxu  öz evlərində yaşayır. 

Bu, reallıqdır, uydurulmuş Qərb mifi deyil.


Elçin Bayramlı

7.08.2018 15:06 / Baxılıb: 819 / Çap
 
    Bu bölmədə
    2.10.2018
    Bizim yollar...
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo