Birgəyaşayış naminə Milli siyasət: görülən işlər və nəticələr - V yazı

(əvvəli bu linkdə: http://www.azadinform.az/news/a-179458.html )


...Azərbaycanda bütün xalqların, tarixən və bu gün bərabərhüquqlu yaşaması böyük dəyər və dövlətimizin üstünlüyü olmasını Prezident İlham Əliyev 2012-ci il fevralın 16-da ölkəmizin Şimal bölgəsinə səfəri zamanı bir daha bəyan edib. Prezident vurğulayıb ki, heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək, verilmir və bunun qarantı Azərbaycan prezidentidir: "Bunun qarantı mənəm - Azərbaycan prezidenti. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə də bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda yaşayan bütün xalqlar bərabər hüquqlara malik idilər. Bu gün də bu gözəl ənənələr yaşayır. Hər bir vətəndaş dinindən, dilindən, milliyətindən asılı olmayaraq, Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır. Bizi bəzi başqa ölkələrdən fərqləndirən, məhz, budur. Heç vaxt Azərbaycanda milli zəmində qarşıdurma olmayıb və olmayacaq. Əksinə, bizim təcrübəmiz dünya ictimaiyyəti tərəfindən öyrənilir. Necə ola bilir ki, müxtəlif dillərdə danışan, müxtəlif dinlərin nümayəndələri olan insanlar bir ailə kimi, problemsiz yaşayırlar?! Biz öz həyatımızla və siyasətimizlə sübut edirik ki, bu, mümkündür. Bəzi hallarda bir sıra Avropa ölkələrində belə ifadələr, fikirlər səslənir ki, multikulturalizm iflasa uğrayıb. Yəni, müxtəlif millətlərə mənsub olan xalqlar bir yerdə yaşaya bilmirlər. Gəlsinlər Azərbaycana baxsınlar, bu, mümkündür! Özü də yaxşı yaşamaq mümkündür… ". (http://president.az/articles/11095)

2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı mədəniyyət nazirlərinin toplantısı keçirildi. Tədbirə Avropa Şurası dövlətlərinin mədəniyyət nazirləri də dəvət edilmişdi. Yenə də dinlərarası barışığa, harmoniyaya, sivilizasiyalararası  dialoqa dəstək siyasəti öz təntənəsini tapdı. Azərbaycanın timsalında dünya şahid oldu ki, bu kiçik müsəlman dövləti, əslində, böyük dövlətlərə multikulturalizm dərsi keçir. Eyni zamanda, dinlərin harmoniyada olmasının mümkünlüyü ideyasını təlqin edir və bunu, təkcə, sözdə deyil, həm də əməli işdə təsdiq edir. 

2014-cü il 28 fevral tarixdə Prezident İlham Əliyevin Sərəncamı ilə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin yaradılmasını sıradan bir Sərəncam kimi deyil, dinlərarası, millətlərarası, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlərin davamı, Azərbaycanın əsl tolerant ölkə olması, toleratnlığa xüsusi önəm verməsi kimi dəyərləndirmək daha düzgün olardı.

Bu gün baş verənləri təhlil etsək, görərik ki, istər millətlərarası münasibətlərin inkişafında, istər dini tolerantlıq sahəsində ciddi araşdırmalara, elmi yanaşma ortaya qoymağa ehtiyac yaranıb. Bu baxımdan, atılan addım çox uğurludur.

QHT-lərin dünya miqyaslı layihələrə cəlb edilməsi də millətlərarası münasibətlərin inkişafına müsbət təsirini göstərdi. Bu gün millətlərarası münasibətlərin inkişafı üçün QHT-lər, vətəndaş cəmiyyətləri müxtəlif işlər görür və bunu ümumilikdə iki istiqamətdə daha qabarıq şəkildə göstərmək olar. Birincisi - Prezident İlham Əliyevin təşəbbüsü ilə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı, ikincisi -  bununla da onların daha sistemli fəaliyyəti tənzimləndi. Dövlət tərəfindən maliyyələşən layihələrin bir hissəsi də, məhz, millətlərarası münasibətlərin inkişafına sərf edildi və yenə də edilməkdədir. Azərbaycanda yaşayan xalqların mədəniyyətləri, dilləri, dinlərinin qorunması üçün layihələr həyata keçirilir və dövlət tərəfindən maliyyə ayrılır. Məhz, Şuranın səyləri nəticəsində Avropa xalqları, millətləri ilə sıx təmaslar quruldu, mədəniyyətlərin inteqrasiyasına nail olundu. 

2014-cü il aprelin 15-də Beynəlxalq Mətbuat Mərkəzində "Etnik və milli şüur" mövzusunda konfrans keçirildi. Tədbir "Etnoqlobus" Beynəlxalq Onlayn İnformasiya - Analitik Mərkəzinin "Etniklik azərbaycançılığın əsas amillərindən biri kimi" müddətsiz layihəsi çərçivəsində təşkil olunmuşdu. Layihənin məqsədi cəmiyyətdə etnik və milli şüurun öyrənilməsi, Azərbaycanda etnoqrafiya sahəsində aparılan araşdırmaların ictimai fikrə çatdırılması, etnik və milli məsələlərin işıqlandırılmasında ortaya çıxan neqativ məqamların üzə çıxarılmasıdır. 

Bu gün dünyada baş verən proseslər aydın şəkildə sübut edir ki, toplum olaraq qloballaşmada, inteqrasiyada iştirak etmək və paralel olaraq "xalq məni"ni qoruyub saxlamaq üçün ətraf cəmiyyətə açıq olmaq mühüm şərtdir. Millətlərarası münasibətlərin inkişafına açıq olmalı və bu istiqamətdə addımlar atılmalıdır. Bu gün Azərbaycandakı hadisələr, həyata keçirilən siyasət də buna sübutdur. İstər ölkə daxilində milli azlıqlara bərabər şəraitin yaradılması, xalqçılığın inkişafı, istərsə də ətraf cəmiyyətlə isti münasibətlərin qurulması kifayət qədər mühüm məsələlərdir və bununla Azərbaycan sübut edir ki, millətlərarası münasibətlərin inkişafında öz xətti var və bu prinsiplərə sadiqdir. 

Təsadüfi deyil ki, bu gün Azərbaycanın beynəlxalq səviyyəli iqtisadi layihələr həyata keçirməsi, mədəniyyətlərarası ünsiyyətin yaranması, dini tolerantlığın qorunub saxlanılması istiqamətində gördüyü bütün işlərin kökündə, məhz, insani dəyərlər, millətlərarası münasibətlərin formalaşması dayanır.  

Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən, sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Dövlət başçısının IV Bakı Beynəlxalq Humanitar Forumunda dediyi kimi: "Multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər, multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir".

Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyi vardır. Bu gün Heydər Əliyev Fondu Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında - hər il olduğu kimi - ənənəvi iftar mərasimində iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı bir sıra vacib məsələlərə toxunaraq vurğuladı ki, respublikamızda din-dövlət münasibətləri möhkəm və sağlam təməl üzərində qurulub və ölkəmizin uğurlu inkişafında bu münasibətlər xüsusi yer tutur:  "Deyə bilərəm ki, Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır. Əlbəttə, burada Ulu öndərin və Şeyx həzrətlərinin şəxsi dostluğu öz rolunu oynamışdır və bu gün bütün istiqamətlər üzrə olduğu kimi, bu sahədə də ənənələr, ardıcıllıq davam edir. Bizim də Şeyx həzrətləri ilə dostluğumuz həm ürəyimizdən gələn bir sifarişdir, bir duyğudur, eyni zamanda, ölkəmizin inamlı inkişafı üçün də mühüm amildir. Bu gün din-dövlət münasibətləri uğurla inkişaf edir. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıllıq davam etdiriləcəkdir".

Prezident İlham Əliyev daha sonra bildirib ki, Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir və sadiq olaraq qalacaqdır: "Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil. Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur ".

Dövlət başçısı multikulturalizm, dinlərarası dialoq üzrə beynəlxalq forumların, məhz, Azərbaycanda keçirilməsinin heç də təsadüfi olmadığını diqqətə çatdırıb: "Bu forumların təşəbbüskarı da bizik. Mən şübhə etmirəm ki, bizim bu istiqamətdə inkişaf edən doğma Vətənimiz gələcəkdə daha da böyük mövqelərə malik olacaqdır. Bu gün onsuz da beynəlxalq aləmdə kifayət qədər güclü mövqelərə malikik. Biz, həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Azərbaycan nəinki sivilizasiyalararası bir körpüdür, biz, eyni zamanda, öz əməyimizlə, siyasətimizlə müsbət meyllərin güclənməsinə təkan veririk. Ancaq burada da deyildiyi kimi, əfsuslar olsun ki, heç də hər yerdə belə deyildir. Dini ayrı-seçkilik müşahidə olunur, məzhəb davası aparılır. Bu, böyük fəlakətdir və uçuruma aparan yoldur. Biz çalışırıq, çalışmalıyıq və öz səylərimizi daha da artırmalıyıq ki, dünyada bu meyllər müsbət istiqamətdə getsin".

Ölkəmizdə milli və dini birgəyaşayışın çox böyük və şərəfli tarixinin olması Bakıda təşkil olunan sivilizasiyalararası və dinlərarası dialoqun gücləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq sammit və forumlarda da dəfələrlə səslənmişdir. Azərbaycan, həqiqətən, artıq dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilmişdir.  

2014-cü il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən IV Bakı Beynəlxalq Humanitar Forum bunun bariz nümunəsidir. Artıq, ənənə halını alan Forumda Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da  iştirak etmişdir. 

Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.

Forumda çıxış edən Prezident İlham Əliyev digər məsələlərlə yanaşı, ölkədə yaşayan milli və dini azlıqlarla da bağlı maraqlı məqamlara toxunub. Prezident bildirib ki, əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik dövründə bu müsbət meyllər daha da güclənib: "Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir ".

Prezidentin çıxışından irəli gələn nəticələr həm də onu deməyə əsas verir ki, dünyada etimadsızlıq mühitinin formalaşdığı bir zamanda Azərbaycan dünya üçün tolerantlıq nümunəsi verir, multikulturalizmi bir həyat normasına çevirir. 


(ardı var)


Niyaz NİFTİYEV


Bu yazı "Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İB-in AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda yaşayan xalqların mədəniyyətlərinin təbliği və dövlətin bu istiqamətdə gördüyü işlərin ictimailəşdirilməsinə dəstək” layihəsi çərçivəsində çap olunur.

 

7.08.2018 10:29 / Baxılıb: 396 / Çap
 
    Bu bölmədə
    1.08.2018
    Dağ kimi ADAM
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo