Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri mövzusunda konfrans keçirilib

AZADİNFORM. Bu gün Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda konfrans  keçirilib.

Azadinform xəbər verir ki, tədbirə jurnalist təşkilatlarının, KİV qurumlarının, QHT-lərin təmsilçiləri qatılıblar.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, Gəncədə baş verən son hadisələr zamanı bir daha təsdiq olundu ki, xəbər istehsalçılarının “kriminal hadisələr barədə xəbər hazırlamağın şərtlərinə” yanaşmaları problemlidir: “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında açıq şəkildə göstərilir ki, terror hadisələri zamanı terror törədən şəxsin fikirlərinin, ideyalarının cəmiyyətə açıqlanmasına yol vermək olmaz. Amma bəzi qeyri-peşəkar xəbər istehsalçıları nəinki Yunis Səfərovun “ideyalarını” yaydılar, həmçinin, ona dolayısı ilə dəstək nümayiş etdirdilər. Bu və digər nümunələr deməyə əsas verir ki, əksər xəbər istehsalçıları kriminal mövzuda informasiya hazırlayarkən ciddi qüsurlara yol verirlər. Bu qüsurların bir tərəfi süni sensassiya yaratmaq, auditoriya qazanmaq naminə bilərəkdən yol verilmiş xətalardırsa, digər tərəfi də hüquqi bilgisizliklə, yanlış terminlərin istifadə edilməsilə bağlıdır”.

M. Ələsgərli qeyd edib ki, layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” adlı vəsait də çap edilib və seminar iştirakçılarına pulsuz paylanıb.

Tədbirdə çıxış edən media təmsilçiləri və ekspertlər – Azər Həsrət, Nəzirə Nurullayeva, Ramella İbrahimxəlilova, Namiq Mailov, Elçin Zahiroğlu, İlqar Vəliyev, Çingiz Bayramov, Elçin Hüseynov, Sevda Əsgərova, Anar Vəziroğlu, Nadir Azəri və digərləri kriminal hadisələr haqqında informasiya yayımının şərtlərinin pozulması nəticəsində yaranan problemlərdən danışıblar. Bildiriblər ki, layihənin icrasının bu sahədəki problemləri aradan qaldırmağa yardım göstərəcəyinə inanırlar.

Qeyd edək ki, tədbir Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Xəbər istehsalçıları üçün “Kriminal hadisələr barədə xəbər hazırlamağın şərtləri” mövzusunda konfrans və seminarların  təşkili” layihəsi çərçivəsində baş tutub.

 

19.07.2018 17:36 / Baxılıb: 223 / Çap
 
Bu bölmədə
1.08.2018
Dağ kimi ADAM
 Xəbər lenti
21.08.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo