Bakıda nəqliyyat böhranı: səbəbləri, nəticələri və çıxış yolları

Azərbaycan o ölkələrdəndir ki, bütün mədəni və iqtisadi potensialı, ölkə əhalisinin az qala yarısı demək olar ki, yalnız paytaxtda cəmləşib. Düzdür, qeyd olunan faktorlar bəzi ölkələrdə də müşahidə olunur. Amma Bakının digərlərindən fərqi ondadır ki, ölkənin digər bölgələrində sadalanan sistemlər olduqca zəif formada olduğundan bütün ağırlıq paytaxta düşüb. Ultra-ubanizasiya prosesinin mənfi təsirləri özünü şəhərdaxili nəqliyyatda da göstərir.

 

Sosialist iqtisadi sisteminin ləğvi öz mənfi təsirini əyalətlərdə daha çox göstərdi. İqtisadi formasiyanın 180 dərəcə dəyişməsi nəticəsində keçid dövrünün əlamətləri özünü büruzə verməyə bilməzdi. Nəticədə ölkənin regionlarında kütləvi işsizlik tendensiyası başladı. Bu isə öz növbəsində demoqrafik proseslərin birtərəfli istiqamətdə inkişafına stimul verdi. Yəni, ölkə əhalisinin böyük hissəsinin regionlardan paytaxta doğru axını start götürdü. Bu axına ali məktəblərdə təhsil almağa və işləməyə gələn yüz minlərlə vətəndaş, Ermənistandan və işğal edilmiş ərazilərimizdən deportasiya edilən yüz minlərlə azərbaycanlının, həmçinin son vaxtlar qonşu ölkələrdən Bakıya köç edən miqrantların, paytaxtda məskunlaşması kimi prosesləri də əlavə etsək, mənzərə tam aydınlaşar. 

 

1990-cı ildə sovet Bakısının əhalisi ətrafı ilə birlikdə 2 milyon civarında idisə, hazırda qeyri-rəsmi məlumatlara görə, bu rəqəm 5 milyona yaxındır. Rəsmi məlumatlara ona görə inanmaq olmaz ki, əyalətlərdə qeydiyyatda olan, özü isə daim Bakıda iş və ya təhsil səbəbi ilə yaşayan yüz minlərlə vətəndaşımız var.

 

Beləliklə, son 20 ildə paytaxtımız xeyli “kökəldiyindən”, paytaxt həyatının bütün sahələrində olduğu kimi, şəhər orqanizminin qan damarları sayılan nəqliyyat sistemində də vəziyyət gərginləşib. 

Paytaxtın nəqliyyat sistemində, daha doğrusu şəhərdaxili avtobus nəqliyyatında həyata keçirilən islahatlar öz müsbət yönləri ilə yanaşı mənfi nəticələrini də verdi. Kiçik tutumlu avtobusların əksəriyyətinin marşrutlardan çıxarılması və iri tutumlu avtobuslarla əvəzlənməsi də problemi həll edə bilmədi.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən şəhərdaxili avtobus marşrutlarının yenilənməsi, daha iritutumlu və keyfiyyətli avtobusların gətirilməsi işini müsbət qiymətləndirmək olar, amma bir şərtlə ki, şəhərdəki istismar müddətini başa vurmuş avtobusların hamısı yenilənsin. Çünki hazırda marşrutlarda işləyən “sərnişin” avtobuslarının bir hissəsi bu iş üçün tam yararsız və təhlükəlidir.

Üstəlik, iri tutumlu avtobuslar keyfiyyətli xidmət cəhətdən üstün olsa da, Bakının dar küçələrində onların hərəkəti əlavə problemlər yaradır. Üstəlik, bu avtobuslar olduqca ləng hərəkət edirlər ki, bu da sərnişinlərin mənzil başına nəzərdə tutduqları vaxtdan gec çatmalarına səbəb olur.

 

Avtobusların normal hərəkətinə maneələrdən biri də taksilər və şəxsi minik avtomobilləridir. Bu maşınlar demək olar ki, bütün dayanacaqları tutublar və avtobusların dayanacağa girməsinə imkan vermirlər. Nəticədə, həmin yerdə avtobuslar yolun ortasında dayanmalı olur ki, bu da tıxac yaranmasına səbəb olur.

 

Sərnişindaşımanın daha bir parodoksal və problemli cəhəti var ki, bu da marşrutların düzgün təşkil edilməməsidir. Təəccüblüdür ki, metrodan-metroya marşrutlar daha çox paylanıb, metro olmayan yerlərə isə əksinə, daha az marşrut işləyir. Bundan başqa, marşrut xətlərinin bir çoxu ləğv edilib, hərəkət xətləri qısaldılıb. Bu da sərnişindaşımada böyük disbalans yaradır. Bəzi ərazilərdə yaşayanlar şəhərin başqa yerinə getmək üçün azı 2-3 marşrut dəyişməyə məcbur olurlar ki, bu da əlavə vaxt və pul itkisi deməkdir.

 

İldən-ilə avtobusların sayının artmasına baxmayaraq, əksər marşrutlarda sərnişinlər ayaq üstə getməyə belə yer tapmırlar. Bu da onsuz da yaxşı olmayan sürücü-sərnişin münasibətlərini daha da gərginləşdirib. Hər gün bir çoxumuz sürücü-sərnişin mübahisəsinin, bəzi hallarda isə hətta davasının şahidi oluruq. 

Marşrutların və avtobusların sayı, intervalı tələbata uyğun deyil. Konkret olaraq, marşrut sahiblərinə tutaq ki, gün ərzində potensial 1000 sərnişini 10 avtobusla daşımaqdansa, 5 avtobusla daşımaq sərf edir. Əlavə avtobus isə əlavə xərclər deməkdir.

 

Nəqliyyatda aparılan islahatlar Sumqayıt əhalisi üçün də xeyli əlavə problem yaradıb. Əvvəllər Sumqayıt-Bakı marşrutu ilə işləyən avtobuslar “20 Yanvar” metro stansiyası yaxınlığındakı xüsusi dayanacaqdan hərəkət edirdilər. Bakı Beynəlxalq Avtovağzalının istifadəyə verilməsindən sonra isə orada xüsusi “Sumqayıt sektoru” ayrıldı. Üstəlik, Sumqayıtın müxtəlif hissələrinə gedən marşrutlar ancaq şəhər avtovağzalına yönləndirildi.

 

İndi paytaxtdan Sumqayıta gedənlər əvvəl bir marşrutla “20 yanvar” metro stansiyasına gəlməli, oradan digər bir marşrutla Beynəlxalq avtovağzala getməli, oradan Sumqayıt avtovağzalına, oradan da şəhərin istədikləri bölgəsinə. Sumqayıt sakinləri eyni prosesi Bakıya gələrkən də yaşamalıdırlar. Beləliklə, işə gəlib getmək üçün sumqayıtlılar gün ərzində 8 marşrut dəyişməli, artıq pul və vaxt sərf etməlidirlər. 

 

Tramvay və trolleybus kimi səmərəli, ucuz, ekoloji təmiz nəqliyyat sistemlərinin ləğv edilməsi ilə Bakıda böyük problem yarandı. İndi bu boşluğu havaya tonlarla zəhərli qazlar buraxan, şəhərdə tıxaclar yaradan avtobuslar doldurur. Bir də metro, hansı ki, uzun illərdir vaqonlarında sərnişinlər bir-birinin “belində” gedir.

 

Sürücülərin və sərnişinlərin əsəblərini korlayan tıxac problemi isə bitmək bilmir. Şəhərdə yaranan avtomobil tıxaclarına son qoymaq üçün istifadəyə verilən yol ötürücüləri və küçələrin hərəkət sxemində edilən dəyişikliklər gərginliyi bir qədər səngitsə də, problem hələ də həll edilməyib. 

 

Beləliklə, sərnişin nəqliyyatında əziyyət çəkən şəhər sakinlərinin çoxu borc-xərc avtomobil alıb ki, bu da son nəticədə paytaxt küçələrində yüklənməni artırıb və tıxacların artmasına gətirib çıxarıb. Pik saatlarda bir çox küçələr keçilməz hala gəlir. Bu vəziyyətdə təcili yardım və yanğınsöndürən maşınların hərəkəti mümkün olur ki, bu da ağır faciələrə səbəb ola bilər.

 

Problemi həll etmək üçün paytaxtın şəhərdaxili sərnişin nəqliyyatında və küçələrin hərəkət sistemində əsaslı islahatlar aparılmalıdır. Ümumiyyətlə, özəl sərnişindaşıma şirkətləri ləğv edilsə, bu işlə dövlət özü məşğul olsa yaxşı olar. Son illərin təcrübəsi də bunu göstərir.


Elçin Bayramlı

19.07.2018 13:00 / Baxılıb: 632 / Çap
 
    Bu bölmədə
    2.10.2018
    Bizim yollar...
     Xəbər lenti
    15.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo