Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi ilə görüşüb. 

XİN-in mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, görüş əsnasında nazirlər İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana həyata keçirilən rəsmi səfərini iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndiriblər. 

E. Məmmədyarov İtaliya prezidentinin ölkəyə ilk səfəri çərçivəsində prezident İlham Əliyev ilə keçirdiyi görüşün və apardığı müzakirələrin siyasi, iqtisadi-ticarət, enerji, mədəniyyət, elm-təhsil və digər sahələrdə əməkdaşlığın təşviqi üçün mühüm təkan verəcəyini söyləyib. O, İtaliyanın bu il ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını həyata keçirdiyini nəzərə alaraq Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə gedən danışıqlar prosesinə diqqət yetirilməsinin əhəmiyyətinə toxunub. Nazir bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və münaqişənin bu prinsiplər əsasında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli olduğunu bildirib. 

İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu xatırladan E. Məmmədyarov Cənub Qaz Dəhlizinin işə düşməsinin əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.  

Enzo Moavero Milanesi isə səfərindən məmnunluğunu vurğulayaraq ikitərəfli əlaqələrlə bərabər, İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsini dəstəklədiyini deyib.  

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

18.07.2018 17:20 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo