İslamı müxtəlif cinayətlərdə ittiham etmək kökündən səhvdir

AZADİNFORM. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasda iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində baş vermiş terror aktlarının xarakterinə toxunaraq onların məhz dini şüarlar altında həyata keçirildiyini vurğulamış, bu addımları İslam dininə qarşı ən böyük cinayət adlandırmışdır.

Dövlət başçısı qeyd etmişdi ki, “İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir”. Həqiqətən də, multikulturalizmə həyat tərzi və adət-ənənə, dövlət siyasəti, ictimai sifariş, zənginliyimiz, gələcəyimizin təminatçısı və böyük məsuliyyət kimi yanaşan, ili eyni adla adlandıran, növbəti ili “islam həmrəyliyi” elan edən, İslam həmrəylik oyunlarını keçirən Azərbaycan Respublikasında dini zəmində və dini şüarlarla terror aktları törətmək üçün heç bir zəmin yoxdur”.

Azadinform xəbər verir ki, bu fikirləri millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib. Millət vəkilinin fikrincə, Gəncədə terror aktları törədənlərin İslamla heç bir əlaqəsi yoxdur. Onlar sadəcə islamofob müəyyən xarici dairələrin sifarişlərini yerinə yetirirlər və əsas məqsədləri də Prezident İlham Əliyevin təbirincə desək, sabitliyimizi pozmaqdan ibarətdir: “İslam və terror arasında bərabərlik işarəsi qoyub, onların eyni mahiyyət kəsb etdiyini ictimai rəyə sırımaq istəyir, bütün dünyada islamofob qüvvələrin car çəkdikləri təhlükəli “İslam STOP!” şüarına haqq qazandırmağa çalışırlar. Bütün bu acı reallıqlar fonunda əslində terror və İslamın tam əks qütblər olduğu ilə bağlı təkzibedilməz həqiqətə bəzi mülahizələrimi əlavə edib, bölüşmək istəyirəm. Terrorçuluq fəaliyyətini bir çox hallarda “İslam terrorizmi” kimi də qiymətləndirməyə cəhdlər göstərilir. Məsələyə belə yanaşıldıqda, XIX əsrdə Afrikanın müstəmləkəyə çevrilməsi müstəmləkəçi dövlətlərin dini mənsubiyyətinə görə “xristian müstəmləkəçiliyi” adlandırılmalıdır. Belə son dərəcə həssas məsələlərdə ifadələr dəqiq ölçülüb-biçilib işlədilməlidir. Müsəlmanlar “Nyu-York göydələnlərini dağıtdılar” kimi ifadələrin işlədilməsi yolverilməzdir, çünki məsələnin belə qoyuluşu bütün müsəlman dünyasını terrorizmdə ittiham etmək deməkdir. Çox qəribədir ki, heç kim “induslar Mahatma Qandini öldürdülər” və ya “yəhudilər İshaq Rabini qətlə yetirdilər” kimi fikirlər söyləmirlər. Eyni məntiqə söykənilsə, ABŞ prezidenti Kennedinin öldürülməsində ittiham olunan Li Harvi Osvalda görə bütün Amerika xalqını müttəhim kürsüsündə əyləşdirmək lazım gələrdi”.

E. Nəsirov bildirib ki, belə bir mif yayılmaqdadır ki, guya islam dininin mahiyyətində zorakılığa hüsn-rəğbət var. Əslində isə tanınmış Rusiyalı şərqşünas alim A.M.Xazanovun fikrincə desək, “terrorizm heç də müsəlmanların ixtirası deyil. Xristian Avropanın tarixi, eyni zamanda müsəlmanlara qarşı kütləvi qətllər və terror aktları ilə zəngindir. Səlib yürüşləri və Rekonkista müsəlmanların və iudeylərin zorən katolikliyə keçirilməsi, onların «müqəddəs inkvizisiyaya» və autodafeyə tuş gətirilməsi ilə müşaiyət olunmuşdur”. Bu bir həqiqətdir ki, terrorçunun dini və milli mənsubiyyəti olmur: “Hitlerin başkəsənlərinin qayışlarının toqqasında “Allah bizimlədir” - ifadəsi həkk olunmuşdu. Bunu əsas götürüb, “faşist xristian orduları” ifadəsi işlətmək olarmı? Əlbəttə, yox. Öz antimüsəlman mövqelərinə haqq qazandırmaq üçün “psevdoislamşünasların” ən çox müraciət etdiyi məsələ “cihad” termini ilə bağlıdır. Onlar səhvən və ya bilərəkdən “cihadı” “qeyri-müsəlmanlara qarşı müqəddəs müharibə” kimi yozmaqda davam edirlər. Bu isə, guya ki, müsəlmanları qeyri-müsəlman dünyasına qarşı mübarizəyə və bu mübarizədə bütün üsullardan, hətta terrordan da belə bəhrələnməyə sövq edir. Başqa sözlə, guya ki, “cihad” konsepsiyası terrorizmə haqq qazandırır. Əslində “cihad” hərfi mənasına görə “ən yüksək səy” deməkdir. İslam ideologiyasının təqdimatına görə, “cihad” İslamın yayılması və müdafiəsi uğrunda mübarizə deməkdir. Amerikalı alim Tomas Lippmanın fikrincə, “cihad” sözü Məhəmməd peyğəmbərin öz ardıcılları üzərinə qoyduğu öhdəliyi - “dinin qorunmasını” əks etdirir. Həqiqətən də Quranın 2-ci surəsində (“İnək surəsi”) deyilir - “Allah qoyduğu yol naminə sizi öldürənləri öldürün, lakin ölçülərdən kənara çıxmayın, çünki Allah həddini aşanları sevmir”. Nəhayət, İslamı həddindən artıq döyüşkənlikdə və hərbə çağırışda ittiham edənlər ədalət naminə İisus Xristosun məşhur fikrini unutmamalıdırlar - “Düşünməyin ki, mən Yer üzünə sülh gətirmək üçün gəlmişəm. Mən sülh yox, qılınc gətirdim”. Bu yerdə “təməlçilik” məsələsinə də aydınlıq gətirmək lazımdır”.

Millət vəkili bildirib ki, çox zaman səhv olaraq bu anlayışla radikalizm, ekstrimizm və hətta terrorizm arasında bərabərlik işarəsi qoyurlar. Təməlçilik-dinin köklərinə qayıdışın zəruriliyini, onun ilkin təmizliyinin hifz edilib qorunmasını təbliğ edir. Belə yanaşma tərzi istənilən dində ola bilər: “Yeri gəlmişkən, o, ABŞ-da yaranmışdır. Belə ki, 1919-cu ildə pres-viterian, baptis və metodist dünya görüşlərinin daşıyıcıları olan qruplar Ümumdünya Xristian Fundamental Assosiasiyasını yaratmışlar. Məqsədləri-inamlarının fundamental əsasları saydıqları məsələlərin qorunub saxlanılması olmuşdur (məsələn, onlar insanın yaranışı haqqında Darvinin nəzəriyyəsini inkar edirlər). İslam təməlçiləri nümayəndələri də (ərəbcə “əs-sələf-ayi”-“ulular”) öz dinlərinin köklərinə qayıdışa çağırırlar və bu heç bir qeyri-müsəlmanlara qarşı zorakılığa çağırış kimi yozulmamalıdır. Buna görə də İslamı müxtəlif cinayətlərdə ittiham etmək kökündən səhvdir və yuxarıdakı araşdırmalarımız belə yanaşma tərzinin nə qədər təhlükəli olduğunu bir daha sübut edir”.

18.07.2018 14:50 / Baxılıb: 456 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo