ATƏT həmsədrləri Ermənistanla daha konkret işləməsələr ...

Şəfa Tapdıq/AZADİNFORM. “ATƏT həmsədrləri Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə 4 saatlıq görüşün təşkilatçısı və iştirakçısı oldular. İştirakçıların bir-biri ilə ünsiyyətdə dil problemi yoxdur. Amma hələlik nəticə yoxdur”.

Azadinform xəbər verir ki, bu sözləri politoloq Mübariz Əhmədoğlu bu gün jurnalistlərlə keçirdiyi görüşdə bildirib.

O deyib ki, Z.Mnasakanyanın fikrincə, 4 saat ona E.Məmmmədyarovla tanış olmaq üçün sərf olunub: “Paşinyan ümumiyyətlə “demokratik fontan” vurdu. Guya həmsədrlər görüş zamanı Ermənistanda keçiriləcək Frankofoniya sammitində iştirak etməyi müzakirə və xahiş ediblər. Azərbaycanın ATƏT və tənzimlənməyə konseptual və cari yanaşmasında heç bir dəyişiklik baş verməyib. Ermənistan tərəfdə isə dəyişikliklər boldur. Konstitusiya dəyişilib. Yeni konstitusiyaya görə dövlətin başçısı prezident, icra hakimiyyətinin başçısı baş nazirdir. Xarici siyasət məsələlərini də baş nazir müəyyən etməlidir. Azərbaycan konstitusiyasına görə Prezident həm dövlətin, həm icra hakimiyyətinin başçısıdır və xarici siyasəti də o müəyyənləşdirir. Ermənistanda inqilab baş verdi. Zorakı yolla Paşinyan hakimiyyəti ələ keçirdi. O, Dağlıq Qarabağ tənzimlənməsində fərqli mövqe, şərt ortalığa qoyur. Onun şərtinin qəbul edilmədiyi bəllidir. Amma Paşinyan geri çəkilmir”.

Politoloq bildirib ki, Ermənistanda konstitusiya və dövlət idarəçiliyinin dəyişdirilməsi məqsədyönlü idi. Hədəf Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyində qeyri-müəyyənlik yaratmaq idi. Bu planın müəllifi Sərkisyan hakimiyyətdə qalsaydı, haçansa o da süni baş nazir dəyişikliyinə gedəcəkdi. Məqsəd real tənzimlənmədən yayınmaq idi: “Ehtimal ki, hadisələrin belə gedişi həmsədrlərə də bəlli idi. Ona görə həmsədrlər Paşinyanın növbəti addımlarına köklənməməlidir. Həmsədrlərin Brüssel görüşündən sonra yaydığı bəyanatda “məzmunlu danışıqlarda təkrar iştirak üçün növbəti addımlar və parametrlər barəsində fikir mübadiləsinin aparıldığı, etimadın möhkəmləndirilməsi üçün bir sıra mümkün tədbirlərə baxdıqlarını” bildirdilər. Həmsədrlərin bəyanatından Azərbaycan və Ermənistan liderlərinin görüşünün hazırlanmasının aktiv müzakirə mövzusu olduğu aydın görünür. Əsas məsələ Ermənistanı kimin təmsil edəcəyidir. Paşinyan statusuna görə Azərbaycan prezidentinin tayı deyil”.

M. Əhmədoğlu onu da qeyd edib ki, ATƏT MQ Ermənistanda dördüncü liderlə işləyir: “Əvvəlki 3 prezidentlə indiki baş nazirin Dağlıq Qarabağ tənzimlənməsinə yanaşmaları arasında fərqin olub-olmadığını yaxşı bilirlər. Bu, artıq ATƏT həmsədrlərinin daha konkret gündəliklə işləməsini imperativə çevirir. Əks-təqdirdə, həmsədrlər təkcə özlərini deyil, mənsub olduqları dövlətlərin imicinə xələl gətirəcəklər. Azərbaycan ordusunun fəaliyyətinin qarşısını almaq isə onların gücü daxilində olan məsələ deyil”.

18.07.2018 14:43 / Baxılıb: 315 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo