İlham Əliyev: Əminik ki, İtaliya ATƏT-in sədri kimi münaqişənin həllində fəal rol oynayacaq

Adəm Abbaslı/

AZADİNFORM.

“İtaliya hazırda ATƏT-in sədridir. Biz ümid edirik və əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq”.

Azadinform-un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

“Mən cənab prezidenti münaqişə ilə bağlı məlumatlandırdım, danışıqların hazırkı vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Biz istəyirik ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapsın. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. Xalqımıza qarşı hərbi cinayətlər törədilib. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz məhv edilib. ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərib. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb. Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul edib. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, tezliklə münaqişənin həlli üçün addımlar atılmalıdır, Ermənistanın işğalçı qüvvələri bizim tarixi torpaqlarımızdan çıxarılmalıdır”, - deyə o vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, bir həftə bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlığın prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına bir daha Avropa İttifaqı tərəfindən dəstək göstərilib: “Bir gün ondan sonra NATO Zirvə görüşünün nəticəsində qəbul edilmiş Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi dəstəklənib. Yəni, heç kəs üçün sirr deyil ki, Ermənistan bizim tarixi torpaqlarımızı qanunsuz yollarla zəbt edib və bu torpaqlardan çıxmalıdır. Ancaq bundan sonra bölgədə sülh, əməkdaşlıq ola bilər və ancaq bundan sonra Cənubi Qafqazda geniş miqyasda əməkdaşlıq aparıla bilər”.

18.07.2018 13:46 / Baxılıb: 381 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo