BTC vasitəsilə 3 milyardıncı barel neft dünya bazarlarına yola salınıb

Samir Soltanov/AZADİNFORM. Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunan Xəzər xam neftinin 3 milyardıncı bareli 3929-cu tankerə yüklənərək dünya bazarlarına yola salınıb. 

"BP Azerbaijan" şirkətindən Azadinform-a verilən məlumata görə, bu günə qədər BTC texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilər nümayiş etdirib. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75%-dən artaraq hazırkı 99,9% səviyyəsinə çatıb.  BP-nin Azərbaycan-Gürüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz Ceyhan limanından xam neftin 3 milyardıncı barelinin nəql olunması BTC-nin əldə etdiyi əlamətdar nailiyyət adlandırıb: "İstismara başladığı vaxtdan etibarən boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib. Onun inşası nəhəng mühəndis-texniki nailiyyətdir və 12 illik təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatlardan sonra bu boru kəməri əməliyyat səmərəliliyinin bariz nümunəsi və üç ölkə boyunca vahid komandanın gerçəkləşdirdiyi dünya miqyaslı fəaliyyət kimi təsvir oluna bilər. Əminliklə deyə bilərəm ki, BTC-nin fəaliyyəti dünyada ən təhlükəsiz və ekoloji cəhətdən zərərsiz boru kəməri əməliyyatlarından biridir. Biz hamımız BTC-nin uğur hekayəsi ilə qürur duymalıyıq. Hamımız dedikdə, mən layihə başladığı andan etibarən üç ölkədə layihənin icrasına cəlb edilmiş minlərlə insanı – işçi qüvvəsini, icmaları, şirkətləri, regional və beynəlxalq hökumətləri, tərəfdaşları və öz işçi heyətimizi nəzərdə tuturam. Bu, həqiqətən də hər mənada böyük obyektdir və bu günə qədər onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır. Üç regional ölkəni birləşdirən körpü kimi BTC həmin üç ölkə boyu icmalarda və əhalidə böyük müsbət dəyişikliklərə yol açaraq bu ölkələr arasında əlaqələri öhkəmləndirib. BP-nin dünya üzrə biznesində belə layihənin olması mənə böyük qürur və şərəf verir və sizin çoxunuzun da eyni hisləri bölüşdüyünüzə əminəm”. Qeyd edək ki, Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi də 2006-cı ilin isti yay günlərinə təsadüf edib.  "Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək BTC boru kəməri vasitəsilə 1768 km məsafəni qət edərək nəql olunmuş təxminən 600000 barel həcmində Azəri-Çıraq-Günəşli xam neftindən ibarət ilk yük 4 iyun 2006-cı il tarixində British Hawthorn tankerinə yüklənmiş və yeni Ceyhan Dəniz Terminalından yola salınmışdı. Yeri gəlmişkən, ilk tankerin yola salınması məhz 12 il əvvəl 13 iyul tarixində regionun dövlət və hökumətlərinin rəhbərlərinin, BTC-nin sahibkar şirkətlərinin  icraçı rəhbərlərinin və digər yüksək vəzifəli qonaqların iştirakı ilə keçirilmiş möhtəşəm tədbirdə rəsmi qaydada qeyd edilmişdi. Hazırda bütün bunlar tarixin səhifələrində qalıb, tarix olmayan isə BTC-nin Xəzərin karbohidrogenlərini son 12 il ərzində təhlükəsiz, səssiz, etibarlı, gözə görünmədən və minimum risk ilə nəql etməkdə davam etməsidir", - deyə məlumatda vurğulanıb. 

"BP Azerbaijan" şirkətindən bildirilib ki, regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri Xəzər dənizinin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayıb. Azərbaycanın strateji obyekt kimi dəyərləndirdiyi bu boru kəməri qapalı Xəzər hövzəsi ilə bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir. Tikinti mərhələsindən başlayaraq, BTC regiona mühüm mənfəətlər gətirərək müsbət dəyişikliklər yaradıb.  Eyni zamanda, boru kəmərinin Bosfor və Dardanel boğazlarından yan keçməsi tranzit ölkələr üçün mühüm gəlirlərin əldə olunmasına imkan yaradaraq, neft daşımalarının qaçılmaz artımının və əlaqədar ekoloji risklərin azalmasına kömək edir və bununla yanaşı Azərbaycan, Gürcüstan, Türkiyə və qərb ölkələri arasında siyasi və iqtisadi əlaqələrin güclənməsinə dəstəyi davam etdirir.

16.07.2018 17:41 / Baxılıb: 327 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo