Səbir böyük nemətdir

Qətllə müşayiət olunan Gəncə hadisələrindən bir neçə gün keçməsinə baxmayaraq, hələ bu mövzu ictimaiyyətin, KİV-in, sosial şəbəkə istifadəçilərinin əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Son on gün ərzində cəmiyyəti və hakimiyyəti ciddi narahat edən, bəzilərini şoka salan Gəncə olayları həm hakimiyyət, həm də ictimaiyyət üçün ciddi imtahan və xəbərdarlıq kimi qiymətləndirilməlidir. Təhlükə ötüşdü, lakin onun təsiri hələ uzun müddət ictimai fikri, hakimiyyətin diqqətini özündə saxlayacaq.


Hadisələr baş verən andan sosial şəbəkələrdə onların nədən qaynaqlanması, günahkarların haradan və kimlərdən dəstək alması haqda ziddiyyətli versiyalar, əsassız şayiələr səsləndirilməkdədir. Bəzən ehtimal, bəzən qərəzli xarakter daşıyan bu xəbərlər insanların hadisələrə qiymət verib nəticə çıxarmasına mane olur, onlarda çaşqınlıq yaradır, düzgün mahiyyətli, əsaslı versiyaların ortaya çıxmasına mane olur. Kimsə açıq şəkildə yalnız qonşu ölkələrdən birinin, kimsə radikal dindar qrupların adını hallandırmaqla, kimsə də vacib olanı kənarda qoyub əsas olmadan icra orqanlarının məsuliyyətsizliyini ortaya atmaqla ictimai fikri istədiyi qeyri-məntiqi səmtə yönəltməyə çalışır. 

Məncə, dövlətimizin imicinə zərbə vura biləcək belə ciddi hadisələrin məsuliyyətini sadəlövhcəsinə bir qrup radikal dini qrupların və ya hansısa xarici qüvvələrin üstünə atmaq böyük səhvdir. Sadalanan amillərin hər birinin az da olsa, baş verənlərdə rolu var və olaylarda yalnız islam dininin  rolunu şişirtmək siyasi savadsızlıqdan irəli gəlir, zənnimcə, məqsədli şayiə yaymağa, əsas səbəbləri kölgədə qoymağa xidmət edir. Bu cinayət xarakterli təhlükəli əməlin arxasında kimlərin durduğunu müəyyənləşdirməkdən öncə bir şeyi başa düşmək lazımdır ki, hadisələrin əsas səbəbləri bəzi yerli icra strukturlarında məmur məsuliyyətsizliyi, ictimai-siyasi vəziyyətə tam şəkildə nəzarət etməmək, icra bir sıra orqanları ilə xalq arasında ciddi, ədalətə və qanuna söykənən, inama əsaslanan qarşılıqlı əlaqələrin zəif olması, ölkədə pis niyyətli dağıdıcı radikal dini və qeyri-dini qrupların mövcudluğunu, onların xarici tərəfdarlarının olduğunu nəzərə almaq vacibdir. 

Bu, yalnız göz önündə olanlardır. Lakin burda daha ciddi səbəblər, siyasi məqamlar var ki, onlar haqqında tez bir zamanda şərh vermək, kimlərisə birbaşa günahlandırmaq düzgün olmazdı. Bütün ölkələrdə icra və hüquq-mühafizə orqanı nümayəndələrinə qəsd dövlətə qəsd kimi qiymətləndirilir. Məmura atılan güllə dövlətə atılan güllə deməkdir. Bu hadisələrin məzmununu və mıəqsədini tamamilə dəyişir, ona siyasi xarakter veririr. Burda təkcə əməlin icraçıları yox, onların arxasında duran yerli və ola bilsin ki, xaricdən dəstəklənən qüvvələr də məsuliyyət daşımalıdır. Onların məqsədləri bizi daha çox maraqlandırmalıdır. Bu, bir vətəndaş kimi bizi daha çox narahat etməlidir. Bilməliyik ki, vertikal idarəetmə sistemində ilk baxışda çoxları üçün gözəgörünməyən maneələrin olması daha ciddi fəsadlara gətirib çıxara bilər. Bu sahədə problemlərin olmasını ölkə prezidenti öz çıxışlarında dəfələrlə dilə gətirib, məsuliyyət sahiblərinə ciddi xəbərdarlıq edib. Bu fikir dövlət başçısının keçirdiyi son müşavirədə də səsləndirilib. 

Bütün bunları nəzərə almadan vəziyyəti baş verənləri yalnız şayələrdən bilən ictimaiyyət, ayrı-ayrı fərdlər səviyyəsində təhlil edib, tələm-tələsik nəticə çıxarmaq, geniş müzakirə aparıb xalqla hakimiyyət arasında münasibətləri gərginləşdirməyə yönəltməyə çalışmaq ən azından qeyri-səmimilik, ictimai fikri kimlərinsə istəyinə uyğun istiqamətə yönəltməyə xidmət edir. Açığını desəm, bu çox zərərli fəaliyyətdir. Belə ciddi, cinayət xarakterli hadisələr fonunda ictimai fikir çox həssas olur və onu istənilən tərəfə yönəltmək asanlaşır. Fürsətdən istifadə edən bəzi siyasətçilər, sosial şəbəkə fəalları vəziyyətdən öz maraqları çərçivəsində yararlanmağa cəhd göstəririlər.

Nəzərə almalıyıq ki, müasir dünyamız ciddi surətdə dəyişib və bu proses hazırda davam edir. Cənubi Qafqazda yeni siyasi vəziyyət formalaşır və bu, bizim xeyrimizədir: Rusiya-Türkiyə-İran üçlüyü bizim maraqlarımız çərçivəsindədir. Biz bu birliyə öz köməyimizi göstərir və iştirakçı rolunu oynayırıq. Odur ki, istənilən fikri səsləndirərəkən, istənilən şərhi yazarkən deyilənləri nəzərə almalıyıq. Səbirsizlik hələ heç kəsə fayda gətirməyib. 

 

Rafiq Əliyev,

fəlsəfə elmləri doktoru, professor

15.07.2018 19:03 / Baxılıb: 961 / Çap
 
Bu bölmədə
2.10.2018
Bizim yollar...
 Xəbər lenti
15.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo