TAP-ın İtaliya hissəsinin tikintisi dayandırılıb

Samir Soltanov/AZADİNFORM. Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin İtaliya marşrutunun inşası işləri yenidən dayandırılıb. 

Azadinform AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert deyib. Lisa Givert qeyd edib ki, 2015-ci il mayın 20-də İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən əsas icazə sənədinə uyğun olaraq TAP-ın inşasına dair digər ikinci dərəcəli icazələrin alınması üzrə işlər davam etdirilir: “TAP yay mövsümündə heç bir tikinti işləri aparmayacağına dair öhdəliyinə uyğun olaraq, mikrotunel sahəsində işləri dayandırıb. Podratçı “Saipem S.p.A” şirkəti mikrotunelin inşası üçün çuxurun qazılması işlərini artıq başa çatdırıb”. 

Qeyd edək ki, TAP-ın 8 kilometrlik İtaliya hissəsinin inşası çərçivəsində ötən ilin mart-iyul aylarında mikrotunelin tikiləcəyi ərazidən zeytun ağacları çıxarılıb. Həmin ağaclar yaxınlıqdakı bir uşaq bağçasına (“Masseria del Capitano”) köçürülüb. Ağaclar burada təmənnasız saxlanılacaq və onlara müvafiq qulluq göstəriləcək. Boru kəmərinin tikintisi başa çatdıqdan sonra həmin zeytun ağacları öz yerlərinə geri qaytarılacaq. Bundan başqa, TAP-ın dəniz hissəsinin inşasında istifadə olunacaq boruların sonuncu partiyası da keçən il sentyabrın 3-6-da İtaliyanın Brindisi bölgəsində boşaldılıb. 

TAP-ın Adriatik dənizindən keçəcək hissəsinin tikintisini “Saipem S.p.A” şirkəti həyata keçirir. Boru kəmərinin dəniz hissəsi 2018-2019-cu illərdə inşa ediləcək. TAP-ın Adriatik dənizindən keçəcək 36 düymlük hissəsi Albaniya və İtaliyanın cənub sahili arasında dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə və təqribən 105 kilometr uzunluğunda olacaq. “Saipem S.p.A” şirkəti mikrotunel daxil olmaqla, Albaniya və İtaliyada tikinti işlərini, dəniz boru kəmərinin quraşdırılmasını, fiber-optik kabel təchizatını və quraşdırılmasını həyata keçirəcək. İzolyasiya edilmiş 36 düymlük borular və digər qurğular isə TAP tərəfindən təmin olunacaq. 

Layihə qrafikə uyğun irəliləyir. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74 faizdən çoxu icra edilib. Boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 746 kilometrlik ərazi, yəni bu marşrutun 97 faizi tamamilə təmizlənib və qiymətləndirilib. Yunanıstan və Albaniyada boruların 94 faizi qaynaq edilib, onların ümumilikdə 84 faizi torpağa basdırılıb. Yunanıstan və Albaniya marşrutunda torpaq örtüyünün 68 faizi, 520 kilometr torpaq örtüyü əvvəlki vəziyyətinə gətirilib. 

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Yunanıstanda - Kipoidə, digəri isə Albaniyada - Fierdə olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına ötən ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Fierdəki stansiyaya turbo kompressorlar çatdırılıb və quraşdırılıb. Fierdəki kompressor stansiyasının tikintisinin ümumilikdə 40 faizdən çoxu tamamlanıb. 

Kipoidəki kompressor stansiyasında isə ümumi tikinti işlərinin təxminən 50 faizdən çoxu görülüb. Üç turbo kompressorun hər biri quraşdırılıb. Binanın üst tikililəri demək olar ki, hazırdır. Hazırda boru, mexaniki və elektrik işlərinə başlanılıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasındakı işlərə keçən ilin birinci rübündə başlanılıb. Hazırda tikinti işlərinin 40 faizi yekunlaşıb. 

Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən 2 il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. Təxminən 6 ay müddətində aparılacaq bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar isə “Siemens” şirkəti tərəfindən istehsal edilib.

14.07.2018 12:38 / Baxılıb: 148 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo