"200 nəfər insan bütün Gəncə demək deyil" - Sosioloq

Ləman Hüseynzadə / AZADİNFORM. "Bəzən sosial şəbəkələrin əhatə dairəsi qəzet, sayt və televiziyalardan daha geniş olur və deyilən fikirlər daha çox ünvana çatır". Bu fikirləri Azadinform-a Sağlam Cəmiyyət İB-nin sədri, sosiolaq Lalə Mehralı Gəncə hadisələri ilə bağlı sosial şəbəkələrdə yayılan video görüntülərin cəmiyyətdə necə qarşılandığı barədə danışarkən deyib.

O bildirib ki, sosial şəbəkələrdə hər təbəqədən insan görmək mümkündür: "Fəhlə də, alim də, həkim də, müəllim də sosial şəbəkədən istifadə edir. Yəni hər hansı bir xəbər saytını açıb məlumat oxumaq hamının ağlına gəlmir, yaxud da heç bunun həvəsində də olmurlar. Nəticədə əksəriyyəti baş verənlərdən xəbərsiz qalır. Sosial şəbəkələrdə isə belədir ki, istifadəçinin qarşısına çıxır və o, məlumata göz atır. Sosial şəbəkələrdə videoların yayılmasını isə birmənalı şəkildə pisləyə bilmərəm. Çünki qeyd etdiyim kimi, onun hədəf arenası da bizə çox şey qazandırır. Məsələn, deyirdilər ki, bütün Gəncə ayağa qalxıb, amma biz kadrlarda 150-200 insanı gördük. Baxanlar da başa düşür ki, 200 nəfər insan bütün Gəncə demək deyil. Yəni yalanların üzə çıxmasında sosial şəbəkələrin də rolunu danmaq ədalətsizlik olar".

"Qaldı ki, məsələnin digər tərəfi olan hadisələrin videolarının, cinayətkarların fotolarının paylaşılmağı məsələsinə, fərqindəsinizsə, cinayətkarın fotosu paylaşılandan sonra vətəndaşların köməyi ilə polis bir nəfəri yaxalaya bildi", - deyən sosioloq əlavə edib ki, vətəndaş həmin simanı görəndə bunun polis tərəfindən axtarıldığı yadına düşür və anında polisə dəstək ola bilir: "Bu baxımdan sosial şəbəkələrin təsir qüvvəsinin çox olduğunu deyə bilərik. İnsanlar arasında ictimai rəyin formalaşdırılmasına gəlincə isə demək olar ki, hazırda insanlar bir-birinin ağlı ilə oturub durmur. Yəni o dövrlər artıq arxada qalıb. Hamının şəxsi mülahizə yürütmək, analiz etmək qabiliyyəti var. Bir fotoya mən bir cür rəy bildirə bilərəm, digəri başqa cür. Bu insanların analiz qabiliyyətindən asılıdır ki, insanlar bunu necə qəbul edir. Gəncə hadisələri ilə bağlı yayımlanan fotoları görənlərdən bəziləri dedi yayımlanmağı düzgün deyil, bəzilər isə tamam fərqli dedilər ki, bu fotoların sosial şəbəkələrdə yayımlanması yaxşıdır ki, insanlar öz düşmənini tanıyır. Küçədə bəlkə rastlaşırıq, mən bilim bu kimdi - polis qatilidi, xalq, yaxud dövlət düşmənidi. Bu baxımdan sosial şəbəkələrin gücü danılmazdır".

12.07.2018 13:59 / Baxılıb: 255 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.11.2018
    18.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo