Qida əlavələrinin istehsalında istifadəsi qadağan edilən maddələr açıqlanıb

Azərbaycanda bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) tərkibinə dair tələblər müəyyənləşib.

Məlumata görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nda əksini tapıb.

BFMQƏ-nin hazırlanmasında istifadə olunan komponentlər insanın həyat və sağlamlığına zərərli təsir göstərməməlidir. BFMQƏ-nin istehsalında genetik modifikasiya olunmuş məhsullardan, nanomateriallardan, hormonlardan, pestisidlərdən, həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, güclü təsir edən və zəhərli maddələrdən və Beynəlxalq Anti-Dopinq Agentliyinin qüvvədə olan siyahısı ilə müəyyən olunan dopinq maddələrindən istifadə edilməsi qadağandır. BFMQƏ-nin tərkibinə vitamin və mineral maddələrin Səhiyyə Nazirliyinn təsdiq etdiyi siyahıda göstərilən təsiredici maddə formalarında və dozada daxil edilməsinə yol verilir. 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulan BFMQƏ-nin tərkibinə daxil olan vitamin və mineral maddələrin miqdarı Səhiyyə Nazirliyinin təsdiq etdiyi və bu Qaydada nəzərdə tutulmuş siyahıda göstərilən həddin 50 faizini təşkil etməlidir. BFMQƏ-nin və dərman vasitələrinin tərkibi eyni və ya bu məhsulun komponentlərinin dozaları onun yol verilən istifadə səviyyəsindən yuxarı ola bilməz.

BFMQƏ-nin tərkibində onu yeyinti məhsullarından və dərman vasitələrindən fərqləndirən aşağıdakı əsas xüsusiyyətlərin olması nəzərə alınmalıdır:


- BFMQƏ-nin insan orqanizminin normal fizioloji funksiyalarını qoruyub saxlamaq və insanın gündəlik normal fizioloji rasionunu təmin etmək üçün nəzərdə tutulması;


- BFMQƏ-nin terapevtik effektinin olmaması;


- BFMQƏ-nin ciddi əlavə təsirinin olmaması.


BFMQƏ-nin qablaşdırılması dövriyyənin bütün mərhələlərində onların təhlükəsizliyi və keyfiyyətini təmin etməlidir. BFMQƏ-nin qablaşdırılmasında onlarla təmasa yol verilməyən materiallardan istifadə edilməməlidir. İdxal olunan BFMQƏ-nin qablaşdırması üzərində xarici dildə olan yazılar Azərbaycan dilində də olmalıdır. BFMQƏ-nin qablaşdırmasında BFMQƏ-nin istifadə qaydası, tərkibində göstərilən komponentlərin beynəlxalq adları, aktiv komponentlərin isə miqdarı və istehsalçı tərəfindən tövsiyə edilən sutkalıq doza miqdarı göstərilməlidir. Bu Qaydaya əsasən 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş BFMQƏ-nin qablaşdırmasında onun əmtəə nişanı ilə yanaşı, “4-14 yaş arası uşaqların istifadəsi üçün uyğundur” ifadəsi göstərilməlidir. Bu yaş qrupu üçün nəzərdə tutulmayan BFMQƏ-nin qablaşdırmasında uşaqlar üçün nəzərdə tutulduğunu göstərən şəkil, rəsm və ifadə verilə bilməz. BFMQƏ-nin qablaşdırması üzərində aydın seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan formada çap olunmuş “Dərman vasitəsi deyildir” və “Uşaqların əli çatmayan yerdə saxlayın” sözləri yazılmalıdır. (apa)

12.07.2018 12:25 / Baxılıb: 50 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo