Samuxda baş verən yanğın söndürülüb - 230 ha sahə yanıb

Samir Soltanov/AZADİNFORM. Samuxda bataqlıq ərazidə baş verən yanğın söndürülüb. 

Azadinform Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 07 iyul 2018-ci il tarixində axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Burunqovaq kəndi yaxınlığında sıx kolluq və qamışlıq olan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının keçilməz sıx kolluq və qamışlıq olan bataqlıq ərazidə baş verdiyi, yaxınlıqdakı meşə zolağına keçmə təhlükəsinin olduğu müəyyən edilib. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. Həyata keçirilmiş yanğınsöndürmə tədbirləri nəticəsində yanğın 11 iyul 2018-ci il tarixində saat 20:50-də söndürülüb. Yanğın nəticəsində 230 ha sahədə sıx kollar və qamışlıq yanıb. Yaxınlıqdakı meşə zolağı, ərazidəki yulğun ağacları və ətraf ərazilər yanğından mühafizə olunub.

12.07.2018 12:17 / Baxılıb: 104 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo