Yoakim Bröyer Respublika Əlillərin Bərpa Mərkəzində olub Fotolar

Samir Soltanov/AZADİNFORM. Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti və Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində olub. 

Azadinform xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində ölkəmizdə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması istiqamətində görülən işlər barədə qonaqlara məlumat verib. Bildirilib ki, Respublika Əlillərin Bərpa Mərkəzində əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpası üçün yüksək standartlara uyğun reabilitasiya şəraitinin yaradılması bu istiqamətdə  aparılan işlərdən biridir. Mərkəzdə il ərzində 1700 nəfərə yaxın əlilliyi olan şəxsə müasir tibbi-fizioterapevtik aparatlarla, səmərəli reabilitasiya üsulları ilə bərpa-müalicə xidməti göstərilir. Ümumilikdə, aparılan işlərin davamı kimi, nazirliyin Bakıda və respublikanın regionlarında fəaliyyət göstərən bərpa mərkəzləri tərəfindən cari ilin 6 ayında 5,7 min nəfər reabilitasiya xidmətləri ilə təmin olunub. 

Qonaqlara Heydər Əliyev Fondu tərəfindən yaradılmış Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, Protez-Ortopedik Bərpa Mərkəzi, Uşaq Bərpa Mərkəzi barədə də məlumatlar verilib. 

Nümayəndə heyəti Respublika Əlillərin Bərpa Mərkəzinnin tibbi-sosial reabilitasiya və funksional diaqnostika, fizioterapiya və psixoloji korreksiya şöbələrinin fəaliyyəti, idman zalı, əlavə məşğələ otaqları, müasir reabilitasiya avadanlıqları və qurğularla tanış olublar.  Hovuz, müalicəvi vannalar, müxtəlif duşlar, şarko sirkulyator, müalicə otaqları və fitobar, müasir fizioterapiya və kineterapiya aparatları, müalicəvi bədən tərbiyəsi vasitəsilə aparılan reabilitasiya prosesi nəzərdən keçirilib.  

Y.Bröyer Azərbaycanda  əlilliyi olan şəxslərin reabilitasiyası yönündə aparılan işlərin onda müsbət təəssüratlar yaratdığını, ölkəmizdə bərpa-müalicə sisteminin müasirləşdirilməsi və səmərəli təşkili yönündə atılan addımların təqdirəlayiq olduğunu bildirib.

12.07.2018 10:25 / Baxılıb: 54 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.07.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo