"Bəzən yeniyetmələr bu videoların təsirindən yersiz çıxışlar edir..." - Psixoloq

Ləman Hüseynzadə / AZADİNFORM. "Ötən gün Gəncədə xoşagəlməz hadisələr baş verdi və qısa müddətdə bu hadisələrin video görüntüləri yayılmağa başladı. Evdə oturan və heç nədən xəbərdar olmayan insanlar boş yerə təşvişə düşməyə başladılar. Eyni vəziyyət aprel döyüşləri zamanı da başımıza gəldi. Yanlış səs yazıları, videolar yayıldı və insanlar başqa yerə istiqamətləndilər, nəticədə yanlış düşüncə formalaşdı". 

Bu fikirləri Azadinform-a psixoloq Gülnarə Əliyeva belə vəziyyətlərdə nə etmək lazım olduğunu izah edərkən deyib. O bildirib ki, belə hallar olduqda yalnız rəsmi açıqlamalara inanmaq və soyuqqanlı davranmaq lazımdır: "Hər görülən videolardan əsəbiləşmək, cuşa gəlmək lazım deyil. Sadəcə olaraq gedişatı izləmək lazımdır. Əksər hallarda videolar təhrif olunur. Məsələn, Lənkəranda çəkilən bir kadr Gəncədə baş vermiş kimi təqdim olunur. Gəncədə meydanda 200 nəfər var idisə, Lənkərandakı videoda 1000 nəfər var və insanlar baxır gözləri "böyüyür". Yaxud meydanda artıq sakitlik hökm sürür, yalnız kənarda bir neçə nəfər mübahisə edir. Video çəkən şəxs ancaq o istiqaməti çəkir və ətrafı görsətmir. İnsanlar da fikirləşir ki, həqiqqətən də meydanda ciddi cəhdlə döyüşürlər və belə olan halda stress keçirirlər. Təsəvvür edin ki, polis, hərbiçi olanların ailələri necə həyəcan keçirib təşvişdə qalırlar". 

"Əlbəttə, hər birimizin azad informasiya qəbul etmək hüququ var, amma buna hardan gəldi, necə gəldi inanmaq olmaz", - deyən psixoloq əlavə edib ki, bu düzgün deyil: "Xüsusən xəbər portallarında əgər polisin vəhşicəsinə qətlə yetirildiyi kimi video təqdim olunursa, başlıqda oraya yaş həddi qoyulmalıdır. Yaxud xəbərdarlıq edilməlidir ki, bəlkə valideyn öz körpəsi, 6-7 yaşlı övladı ilə birgə baxır. Nəticədə uşaq istənilməyən bir videonun şahidi olur və travma qazanır. Biz polis əməkdaşının necə amansızlıqla qətlə yetirildiyinə video görüntü ilə şahid olduq. Vicdanlı hər bir vətəndaş üçün bunu izləmək çox acı bir hissdir. Çox təəssüf edirəm ki, o ruhda böyüyüb bunu törədən insanlar var. Burdan valideynlərə səslənirəm ki, uşaqlarınızı polis, hərbiçi ilə qorxudub yeməyini yeməsən polis səni aparacaq, tutacaq, yaxud hərbiçinin silahı ilə təhdid etməyin. Əksinə uşaqları onlara qarşı sevgi və hörmət ilə böyütmək lazımdır. Onların bizim keşiyimizdə dayandığını aşılamaq lazımdır ki, dünənki videodakı hadisələr təkrarlanmasın". 

G.Əliyeva qeyd edib ki, sözügedən görüntüləri müxtəlif yaşdan olanlar izləyir: "16 yaşlı yeniyətmə, 26 yaşda olan gənc və 46 yaşda olan orta yaşlı insan da izləyir. Onların reaksiyaları da müxtəlif olacaq. Belə hallarda maksimum çalışmaq lazımdır ki, əsasən, yeniyetmələri bu cür naşı informasiyalardan uzaq tutaq. Bəzən yeniyetmələr bu videoların təsirindən yersiz çıxışlar edir, küçələrə axışaraq nəyisə edərək özünü təsdiqləmək, içindəki qəzəb hissini tökməyə yer axtarırlar. Ona görə də ən çox onları bundan uzaq tutmağa və yalnız rəsmi açıqlamalara inanmalarını təmin etmək lazımdır".

12.07.2018 09:12 / Baxılıb: 194 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo