"Gəncədə baş verən hadisələr dövlətçiliyə qarşı yönəlib"

Ləman Hüseynzadə / AZADİNFORM. "Mən həm Vəhdət Partiyası adından, həm də millət vəkili kimi seçicilərim adından Gəncədə baş verən hadisələri qəti şəkildə pisləyirəm və bunun dövlətçiliyə qarşı yönəldiyini bəyan edirəm". Bu fikirləri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

O bildirib ki, Azərbaycan xalqı bütün hallarda dövlətin yanında olmalıdır: "Bütün siyasi partiyalara, QHT-lərə, mətbuata, gəncəlilərə və xalqımıza müraciət edirəm ki, dövlətimizin ən böyük nailiyyəti olan sabitliyin pozulmasına imkan verməsinlər. Hesab edirəm ki, bu heç də dinə qarşı deyil. Yalnız radikal qruplar var ki, xaricdə Azərbaycanın müstəqilliyini, onun ordusunun gücləndiyini, Qarabağın azad olunmasına hazır səviyyədə olan paradı və Naxçıvanda böyük əməliyyat nəticəsində 11 min hektar torpağın azad olunmasını görənlər narahatlıq keçirirlər. Belə separatist, Azərbaycanı istəməyən qruplar özlərinə əlaltı axtarırlar. Bəzi radikallar da öz mənafeləri üçün bundan istifadə edirlər. Azərbaycan dövləti daim dini cərəyanlara çox dözümlü və hörmətlə yanaşır. Burada heç bir məna axtarmaq lazım deyil".

Millət vəkili qeyd edib ki, Azərbaycan dövləti kifayət qədər güclüdür: "Vaxtı ilə keçmiş Neft Akademiyasında da buna oxşar hadisə baş vermişdi. İndiki kimi Azərbaycan əsilli başqa dövlətin vətəndaşı o hadisəni törətmişdi. Həmin zaman da Azərbaycan xalqı sarsılmadı. Gəncə hadisələrində də biz gördük ki, xalqımız bu çağırışlara qoşulmadı. Yüz minlərlə əhalinin yaşadığı bir şəhərdə cəmi bir neçə yüz belə radikal mövqedə olan insan çıxdı. Camaat özü dövlətin yanında oldu. Hər şeydən əvvəl xalqın ayıq sayıqlığı bir daha artmalıdır. Yol vermək olmaz ki, düşmən niyyətini həyata keçirib, Azərbaycandakı sabitliyi pozsun və dövlətimizi zəiflətsin. Şəhid olan iki polisimizə də  Allahdan rəhmət diləyirəm".

11.07.2018 14:32 / Baxılıb: 361 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo