Vətəndaşlar dövləti sərt tədbirlər görməyə çağırır

Azərbaycanda sabitliyi pozmaq, ölkədə iğtişaş yaratmaq cəhdləri baş tutmadı

Bir-iki gün əvvəldən sosial şəbəkələrdə yayılan əsassız və yalan xarakterli məlumat əsasında şəhər sakinlərinə çağırış edildi. İyulun 10-da saat 20 radələrində isə 150-200 nəfərə yaxın radikal dinçi şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydana toplaşaraq təxribat və iğtişaş törətməyə cəhd göstərdi. Bu kampaniyanın profil və səhifələrin sahiblərinin xaricdə, əsasən Avropa ölkələrində oturmuş və xarici xüsusi xidmət orqanlarına işlədiyi hamıya məlum olan şəxslər tərəfindən aparıldığı məlum idi. Elə bu səbəbə görə də radikalların niyyətləri baş tutmadı. 

Hələ bir neçə gün əvvəldən Gəncə şəhərində İH başçısına qarşı törədilmiş sui-qəsd cəhdindən sonra həbs olunan şəxsin “qəhraman” elan edilməsi və onun polis idarəsində işgəncəyə məruz qalması haqda sosial şəbəkələrdə məqsədli saxta xəbərlər yayımlanırdı. Lakin sonra bu şəxsin video-kadrları yayıldı və aydın oldu ki, bu xəbərlərin əsası yoxdur. 

Bu xəbər boşa çıxandan sonra, təxribatçılar daha bir məlumat yaydılar ki, guya güllələnən İH başçısının oğlu tərəfindən Gəncə sakinləri ağır təhqir olunub və şəhər sakinləri buna qarşı etiraz aksiyasına səslənildi. Çağırışı bir qədər əvvəl keçirilmiş seçkilər vaxtı ölkəmizə qarşı təxribatlarla məşğul olan Avropadakı mühacirlərin təşkil etməsi burada ciddi bir təxribat məqsədinin və bu haqda əvvəlcədən hazırlanmış planın mövcud olduğunu göstərirdi.

Bu qüvvələrin ölkədəki agentləri xüsusi tapşırıqla Gəncə şəhərinin mərkəzi meydanına toplaşaraq dini şüarlar səsləndirərək şəhərin dindar sakinlərini ətraflarına toplamaq cəhdi bir nəticə vermədi. Belə olan halda aksiyanın əvvəlcədən planlaşdırılmış hissəsini həyata keçirdilər və 2 yüksək rütbəli polis zabiti soyuq silahlarla qətlə yetirildi. Video-kadrlardan da göründüyü kimi, ərazidə polis sayı çox azdır və onlar etirazçılara qarşı heç bir təzyiq göstərmirlər.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında qeyd olunur ki, xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində həlak olublar.

Asayiş keşikçiləri Gəncədə iğtişaş və qarşıdurma yaratmağa cəhd edən 30-dan çox iğtişaşçını saxlayıblar, şəhərdə sakitlik tam bərqərar olub. Respublikamızın 2-ci böyük şəhəri olan Gəncə artıq normal həyatına davam edir.

Prosesin iştirakçıları əsas təşkilatçılardan diqqəti yayındırmaq üçün dini şüarlar səsləndiriblər, dindarlara müraciət ediblər, lakin bu baş tutmayıb. Burada iki məqsəd güdülüb - dindarların çox olduğu şəhərdə tərəfdar toplamaq və təşkilatçıların kimliyini gizlətmək. Bu adamlar dindardırlarmı? Əlbəttə yox. Onların qətlə yetirdikləri polis zabiti Səməd Abbasov Gəncədəki məşhur İmamzadə kompleksinin axundu, Gəncənin tanınmış və köklü dindarlarından olan Hacı Tahir Abbasovun qardaşıdır.

Hadisə baş verəndən, hüquq-mühafizə orqanları rəsmi məlumat yayandan dərhal sonra prosesi sosial şəbəkələrdən idarə edən təşkilatçılar iki polis zabitinin hökumət tərəfindən qətlə yetirildiyini yaydılar. Halbuki, hadisənin yüzlərlə şahidi, video-kadrları var və hər şey aydın ortadadır.

Bu hadisələrin törədilməsinin arxasında dayanan əsil məqsədlərə gəldikdə isə, onu demək olar ki, son dövrdə Azərbaycanın yeritdiyi müstəqil siyasət, regionda həyata keçirdiyi iri iqtisadi layihələr, işğal edilmiş ərazilərin azad edilməsi ilə göstərilən cəhdlər, ordunun gücləndirilməsi, qlobal imperialist dairələrə tabe olmaqdan imtina edib müstəqil siyasət yeridən Türkiyə ilə əlaqələrin daha da gücləndirilməsi, Ermənistanda Qərbyönümlü şəxslərin hakimiyyətə gəlməsindən sonra işğalçı ölkəyə qərbdən dəstəyin artırılması fonunda Azərbaycanın cəbhədə psixoloji və hərbi üstünlüyünü möhkəmləndirməsi və s. amilləri bəzi xarici dairələri qıcıqlandırıb. Hadisələrin, Türkiyə Prezidentinin Azərbaycana səfəri zamanı törədilməsi də çox şeydən xəbər verir.  

Gəncədə baş verənlər Azərbaycan xalqına, dövlətçiliyinə, sabitliyinə zərbə vurmaq cəhdidir.  Dövlət xalqı, ölkəni qorumağa borcludur. Ona görə də, bu qanlı hadisələrin təşkilatçıları və icraçılarını ağır cəzalandırmalıdır. Sosial şəbəkədə adını “siyasi müxalifət” qoyub bu hadisələri planlayıb təşkil edənlər də ağır cəza almalıdır.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dediyi "Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır və bu dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir" sözlərinin təsdiqi kimi, xalqımız öz qətiyyətini ortaya qoydu.

Ölkə ictimaiyyəti də bir nəfər kimi cinayətkarların sərt cəzalandırılmasını tələb edir və bu işdə dövlətin yanında olduğunu bildirir. Sosial şəbəkələrdə vətəndaşlar qəzəb püskürür və hüquq- mühafizə orqanlarını ən sərt tədbirlər görməyə çağırır. Artıq cinayətkarların həbs olunması və təşkilatçıların axtarışına başlanıb. Tezliklə haqq yerini tapacaq.

Ümumiyyətlə, Gəncə hadisələri göstərdi ki, dövlətlə xalqın bir olduğu ölkələri qarışdırmaq, məhv etmək mümkün olmur. Azərbaycan xalqı heç vaxt xarici qüvvələrin təxribatına uymur və öz dövlətini həmişə müdafiə edir. Bu yolda daim qurbanlar da verir. Xalqımız 2 cəbhədə döyüşür - bir torpaqlarımızı işğal edən Ermənistan kimi xarici düşmənlə, bir də daxili düşmənlərlə. Birincisi, aydın görünən düşməndir, ikincilər gizli düşmən. Tarix və təcrübə göstərir ki, ikincilər daha təhlükəlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan dövləti güclüdür, xalqımız həmrəydir. Biz düşmənin öhdəsindən uğurla gələcəyik. Azərbaycanda sabitlik, inkişaf, rifah siyasəti qalib gəlir və gələcəkdir.

 

Elçin Bayramlı

11.07.2018 14:24 / Baxılıb: 267 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo