Prezident İlham Əliyev Donald Tusk ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb. 

Görüşdən sonra “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi olub. Azadinform xəbər verir ki, dövlətimizin başçısı Avropa İttifaqının mənzil-qərargahına gəldi. Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk birgə foto çəkdirdilər. 

Sonra Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun görüşü oldu. 

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulandı. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparıldı. 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu. Prezident İlham Əliyev münaqişənin hazırkı vəziyyəti barədə məlumat verdi. 

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəyə malik olduğunu qeyd etdi. 

Söhbət zamanı Azərbaycanda insan haqları ilə bağlı vəziyyət, bu sahədə həyata keçiriləcək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə məsələlər müzakirə olundu. 

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan ilə Avropa İttifaqı arasında bu gün paraflanacaq “Tərəfdaşlıq prioritetləri” sənədini yüksək qiymətləndirdilər, bu sənədin Azərbaycan-Avropa İttifaqı tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açacağını məmnuniyyətlə qeyd etdilər.

11.07.2018 13:51 / Baxılıb: 63 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.07.2018
16.07.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo