Dövlətinə təxribata cəhd Vətənə xəyanətdir!

Bir dəfə Azərbaycanda fəaliyyət göstərən Türk qurumlarının birinin rəhbəri ilə Azərbaycan-Ermənistan müharibəsi haqda müzakirəmiz olmuşdu. Mən inadla öz düşüncələrimi müdafiə edir və dünyadakı ən alçaq düşmənin bizimki olduğunu deyirdim. Müsahibim isə sakit bir tərzdə mənim o günə qədərki düşüncələrimi darmadağın edəcək fikirlər söyləyirdi. Sadəcə bir məqamını sizin diqqətinizə çatdıracağam: 

“Bilirsinizmi, düşməniniz gözünüzün qarşısındadır, görə və ona qarşı mübarizə apara bilirsiniz, bəs biz nə edək? 30 ildir Türkiyə terrorun pəncəsindədir, düşmənin qarşısına haradan, hansı formada çıxacağını da bilmir”. 

O gün hikkəmdən müsahibimin fikirlərini qəbul etməsəm də sonralar haqlı olduğunu başa düşdüm. Hər Türkiyə səfərimdə buna dəfələrlə şahid oldum. İnsanların yol kənarında yiyəsiz buraxılan çantadan necə qorxduqlarını, polisə sarıldıqlarını gördüm. Bir rəfiqəmin danışdıqları isə faciəni çılpaqlığı ilə gözümün önünə sərdi. Sən demə, onlar öz balaca uşaqlarının paltar ciblərinə  yaxınlarının telefon nömrələrini yazıb qoyurlarmış ki, qəfil nə isə olsa uşağı tapıb ailələrinə təhvil versinlər. Təsəvvür belə edə bilməzsiniz, illərlə bu qorxuyla yaşamaq nə deməkdir?

 Azərbaycana gələn ailəmin axşam doqquzda pəncərədən çöldə rahatca gəzişən insanlara heyrətlə baxmaqlarından bəhs etmirəm, belə. Terror qorxusu iliklərinə işləyib. Psixologiyaları məhv olub. Bu hiss terrorun özündən daha dəhşətlidir. 

Heyranlıqla baxdığınız ölkələrdə bəlkə insanların qarnı toxdur, amma can təhlükəsizliyi yoxdur. Kimin  harada, hansı güllədən və ya hansı daşdan-bıçaqdan öləcəyi bəlli deyil. Ömür boyu qaranlıq küçələrdən qorxmaq, arxasına baxaraq yerimək nələrin nəticəsidir, xəbəriniz varmı?! Bu və bu kimi minlərlə misallardan xəbəriniz olsaydı, yerindən qalxanı qəhrəman eləmək, klaviatura arxasından qaz vermək istəyiniz də güc gəlməzdi. Ölüm qorxusu olmadan yaşamaq cahili qəhrəman edərmiş, dedikləri bu olsa gərək. Sosial şəbəkələrdə üsyan çağırışları, insanları qiyama səsləmək ehtizazı hansı məntiqin məhsuludur?! Ya da hansı xarici qüvvənin?!  

Suriya təcrübəsini xatırlatmaq istəmirəm. Onsuz da məndən yaxşı bilirsiniz. Türkiyə parklarda yatan vətənsiz insanlardan keçilmir. Gənc qızlar bir evi, bir loğma tikəsi olsun deyə yaşlı adamlarla evlənir, ən yaxşı halda əl açıb dilənir, oğurluq, fahişəlik edir. Bir ölkə məhv olur. Küçələr uşaqlarla qaynayır. Və bu onların sahib çıxılan hallarıdır. Türkiyə dövlətinin onlara açdığı qucağın mində birini dünya dövlətləri açmadı. Buna baxmayaraq yiyəsiz, sahibsiz, kimsəsizdirlər. Vətənsizdirlər, sözün əsil mənasında. Vətənsiz! Nə ağır bir kəlmədir, elə deyilmi? Başında çatısı olmayan bir ev kimi. Yağış döyər, külək vurar, Günəş yandırar. Xarici qüvvələrin niyyəti, məramı da bizi Vətənsiz buraxmaqdır. Yaxşılıq ha deyil, əllərindən gəlsin! Gəncəsi, Şəmkiri, Şəkisi, Qaxı, Yevlaxı, Naxçıvanı... bunlar bir bədənin damarlarıdır. Birində tıxanma oldumu, can əldən gedər! Can! 

Heç kim ölkədə məmur özbaşınalığı olduğu həqiqətini inkar etmir. Amma Qarabağ savaşının həllini dövlətdən tələb edən bu qaraguruh nədənsə bəzi məsələlərin həlli yetgisini özündə görür. Niyə?! Qarabağ müharibəsinin sizə dəxli yoxdurmu?! Məmurdan narazısan, dövlətinə şikayət et, haqqını tələb elə! Sən çöldə və çöl qanunlarıyla yaşamırsan, döş cibində bu ölkənin vətəndaşlığını təsdiq edən sənəd daşıyırsan! Bax səni haqlı qılan odur. Aidlik duyğundur. Bunu görməzdən gəlib hər hansı şər qüvvələrin qazı ilə dövlətinə qarşı çıxmaq, təxribata cəhd eləmək, o pasporta xəyanət deyilmi?! Kimliyindən asılı olmayaraq Vətəninə, dövlətinə təxribata cəhd Vətənə xəyanətdir və bu Vətən hamımızındır. Ən yuxarıdan ən aşağıya qədər hamımızın! Bölməyə, bölgələşdirməyə heç kimin haqqı yoxdur. Cəhd edən də layiqli cavabını mütləq alacaq. Necə ki, indiyə qədər heç bir xəyanət və heç bir cinayət cəzasız qalmayıb! 

Hərdənbir qıt beyinlərinizin arealından uzaqlaşıb dünyadan özünüzə baxın. Necə göründüyünüzə, xainlərə necə mesaj verdiyinizə diqqət edin. Və bilin ki, siz hər dəfə düşmən sevindirəndə bu Vətən üçün canından keçən oğulların ruhu, əsir qadınların namusu sızlayır. Başqa da sözüm yoxdur. Çünki kişi olan Vətənini bölməz! Papaq qiyməti bilən, tumana sevdalanmaz! Bu Vətən yaxşısı və pisiylə bizimdir. Bizim! Candan pay olmaz, can bölünməz, parçalanmaz! Parçalanırsa ölür və qanı üstünüzdə qalar... 

Hə, bunu da unutmayın. Gəncə nə Nardaran deyil, nə də İran! İstədiyiniz olmayacaq. Nəinki ora heç bir bölgəmiz bu təxribata getməyəcək, mən buna inanıram. Bu məmləkətdən qeyrətsiz çıxmaz çünki! 

Polislərimizə Allahdan rəhmət diləyi ilə.... 


Nigar İsfəndiyar  

11.07.2018 12:58 / Baxılıb: 265 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.07.2018
    16.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo