"Biriləri təlimat əsasında kəllə atmağa çalışdılar"

4 il (1996-2000-ci illərdə ) Gəncədə yaşamışam. Tələbə olmuşam bu gözəl şəhərdə. Burada gəncliyimin ən gözəl dövrü keçib, təsəvvürlərim əsasən Gəncədə formalaşıb.  İctimai-siyasi həyata da Gəncədə qoşulmuşam. 

Tale elə gətirib ki, dostlarımın da xeylisi gəncəlidir. Gəncəyə və gəncəlilərə yaxşı bələdəm. Kifayət qədər dövlətçi, milli, vətənpərvər, ayıq-sayıq, ağı qaradan seçən insanlardır. Bu səbəbdən birmənalı şəkildə əminəm ki, iyulun 10-da axşam saatlarında Gəncədə baş verən iğtişaşın təşkilatçısı, iştirakçısı gəncəlilər deyildi. İlkin məlumat da təsdiqləyir ki, həbs olunan təxribatçılar arasında 1 nəfər də köklü gəncəli yoxdur. Qətiyyən mümkün deyil ki, gəncəlilər əlinə xəncər-qılınc alıb polisin ürəyindən vursun.

Bu təxribatın xaricdən idarə olunmasına, əlinə qılınc-qalxan alıb qanlı hadisə törədən feodal təfəkkürlü adamların hansısa kəşfiyyatın, məkrli, anti-Azərbaycan qruplaşmalarının əlaltıları olmasına heç bir şübhə yoxdur. Sadəcə, Elmar Vəliyevin güllələnməsinin ardından Azərbaycanda xaos yaratmaq istəyən bədnam qüvvələr kəmfürsətcəsinə hərəkətə keçiblər. Təbii, yerinə də oturdacaq Azərbaycan dövləti onları.

Müşahidələrimdən tam məsuliyyətlə deyə bilərəm ki, bu olayın xalqımıza, gəncəlilərə, Gəncəyə heç bir dəxli yoxdur. Baş verənlərdə hansısa sosial problem, sosial etiraz yükü yoxdur. Sadəcə, Gəncədə zəif də olsa mövqe tuta bilmiş təxribatçılar, radikal dini cərəyanların beyinini yuduğu biriləri təlimat əsasında “kəllə atmağa” çalışdılar. Qısa müddətdə hüquq-mühafizə orqanları bu ağır cinayəti törədənlərin kimliyini, hara bağlı olduğunu, haradan gəldiklərini detallarla açıqlayanda həqiqətlər hamımıza bəlli olacaq.

Sevindirici hal budur ki, ayıq-sayıq insanlar təxribata uymadılar. Hətta icra hakimiyyətinin binası qarşısında törədilən iğtişaşı əks etdirən qısa kadrlarda görürük ki,  yerli sakinlər polislərə hücum edənlərə təpinir! Bir vətəndaş qışqıraraq deyirdi ki, camaat, qoymayın onlar polisi vursun! Ən əsası, haradansa qəfil peyda olmuş təxribatçılara şəhər sakinlərindən, sadə adamlardan bir kimsənin qoşulması halı yoxdur. İğtişaşçılar öncədən təlim keçmiş bir qrupdur və onların da əksəri zərərsizləşdirildi, tutuldu. Faktlar, müşahidələr sübut edir ki, Gəncədə baş verənlərin yerli camaata, xalqa qətiyyən aidiyyəti yoxdur.

Görünən budur ki, həmin təxribatçılara dövlətin məsul strukturları ilə yanaşı, ən yaxşı cavabı gəncəlilər özü verir. Gəncə əhalisi bütün ölkə insanları kimi sabitlik istəyir. Xalq bu oyunların mahiyyətini təbii ki, başa düşür və bu ayıq-sayıqlıq nəticəsində iğtişaşçılar məkrli niyyətlərinə nail ola bilməyəcəklər.

Gəncənin aydınları, aktiv insanları da ayaqdadır və mövqelərini bildirirlər, Gəncəni qarışdırmaq istəyənlərin qarşısındadırlar, onları lənətləyirlər.

Gəncəli dostum, jurnalist Nicat Dağlar facebook statusunda yazıb: “Belə də olmalı idi. Gəncəlilər təxribata getmədilər. Tanrı Azərbaycanımızı qorusun! Dövlətimizə, bayrağımıza görə canını fəda etmiş polis zabitlərimizə Allahdan rəhmət diləyirik”.

Gəncəli daha bir dostumuz, diplomat, ictimai fəal Gültəkin Verdiyeva Gəncədə polislərin şəhid edilməsinə dair facebookda paylaşdığım xəbərin altından yazıb: “Allah cavabını versin onları şəhid edənlərin. Anlaya bilmirəm heç cür.  Bu Gəncə əhalisi deyil, ola bilməz! Bu şəhərdə o qədər xidmət etmiş iki polkovniki şəhid etmək şərəfsizlikdir”.

Tanınmış jurnalist Mahir Məmmədli də bir gəncəli kimi mövqe ortaya qoyaraq, bütün həmyerlilərini bu təxribatçılara qarşı çıxmağa səsləyib.

Xülasə, dövləti, milləti sevən, Azərbaycana qarşı hansı oyunların oynanıldığından az-çox məlumatlı olan hər kəs ayaqdadır və iştişaş törətmək istəyənlərin planlarını pozmaq üçün çalışır. Təbii, bu murdar niyyətlər baş tutası da deyil.

Nədən ki, bu prosesin heç bir sosial yükü yoxdur. Ona görə ki, bu xaotik prosesi xalq, gəncəlilər lənətləyir.

Gəncədə “etiraz aksiyası” adı altında törədilən bu dövləti cinayətin təşkilatçıları, iştirakçıları heç şübhəsiz ki, ağır cəzalandırılacaq. Eyni zamanda bu olaylar dövlətimizin dayaqlarını sarsıtmaq istəyən, içərilərimizə soxulmuş radikalların, xarici kəşfiyyat orqanlarının əlaltılarının, böyük bir cinayətkar şəbəkənin yer-yurdunun müəyyən edilib zərərsizləşdirilməsinə vəsilə oldu. Bu olaylar tam səngiyənə qədər hər birimiz maksimum ayıq-sayıq olmalıyıq.

Və onu da nəzərə alaq ki, bu gün dörd bir yandan Azərbaycana qarşı bir basqı var. Dövlətimizi zəif salmaq, Qarabağ məsələsində məkrli niyyətlərini gerçəkləşdirmək üçün bir vaxtlar çoxlarının güvəndiyi Avropa Şurası belə bizə qarşı qərəz nümayiş etdirir. Ardınca Avropa Parlamenti, digər təşkilatlar, Soros Fondu da dövlətimizə qarşı ən iyrənc projelər tətbiq etməyə çalışır. Üstəlik, daim böyük güclərin regionla bağlı planlarında Azərbaycana təzyiqlər göstərmək prioritet olub. Son zamanlar bu oyunlar o qədər bir-birinə qarışıb ki, bütün cəbhələrdən qorunmağa məhkumuq. Və şükürlər olsun ki, bunu bacarırıq! Düşmən sevinməyəcək!


Elşad Məmmədli

11.07.2018 09:30 / Baxılıb: 237 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo