Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir

“Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmaz və əbədidir. Bu səfər bir daha bizim birliyimizi göstərir”. 

Məlumata görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.  

Azərbaycan dövlət başçısı qeyd edib ki, son seçkilərdə Türkiyə xalqı yenidən R. T. Ərdoğana etimad göstərib: “Sizin liderliyinizlə Türkiyə şərəfli yol keçib, dünyada gücə çevrilib, beynəlxalq aləmdə nüfuz sahibidir. Türkiyə iqtisadi inkişafa görə dünyada ən qabaqcıl yerlərdədir. Sizin rəhbərliyinizlə Türkiyədə sabitlik bərqərar olub. Türkiyənin uğurları Azərbaycan xalqını sevindirir. Bizim şəxsi dostluq əlaqələrimiz ölkələrimizi bir-birinə sıx bağlayır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Biz beynəlxalq aləmdə daim bir-birimizi dəstəkləyirik”. 

Prezident Türkiyə şirkətlərinin Azərbaycana 12 milyard dollardan çox vəsait qoyduqlarını söyləyib: “Keçən ay Əskişəhərdə TANAP-ın açılışında bir yerdə olmuşuq. TANAP layihəsinin təməlini 2012-ci ildə İstanbulda saziş imzalamaqla qoymuşuq. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası başa çatır. TANAP-ın başa çatması bu istiqamətdə atılan böyük addımdır. Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir. Bizim birgə layihələrimiz nəinki region, Avrasiya üçün də böyük əhəmiyyət daşıyır, regional sabitliyə böyük töhfə verir. Əminəm ki, Türkiyə və Azərbaycanın birgə səyi ilə bölgədə sülh yaranacaq”. (apa)

10.07.2018 17:15 / Baxılıb: 76 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo