Ərdoğanın səfəri mühüm siyasi hadisədir

AZADİNFORM. “Qardaş Türkiyə Cümhuriyyəti ən yeni siyasi tarixinin mühüm bir səhifəsinə qədəm qoyur. Uzun illər parlamentar tipli idarəetmə sisteminin diktə etdiyi yorucu və səmərəsiz koalisyon hökumətlər mərhələsi artıq arxada qaldı. Etnososiologiya belə izah edir ki, hər bir millətin idarəetmə sistemi onun tarixi ənənələri və milli xarakteri ilə uzlaşmalıdır, əks təqdirdə effektiv və xalqla bütünləşən siyasi idarəetmədən danışmaq olmaz”. 

Azadinform xəbər verir ki, bu sözləri millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Hikmət Babaoğlu bildirib. 

O, qeyd edib ki, Türk xalqlarının demokratiya ilə bağlı seçimi həmişə birbaşa demokratiya olub: “Yəni vəkalətli yaxud mərhələli demokratiya bizim milli siyasi təfəkkürümüzlə normal izah edilən hadisə deyil. Məsələn, ABŞ-da daha çox təmsilçili demokratiya, bir sıra Avropa ölkələrində parlamentar demokratiya mövcuddur. Həmin cəmiyyətlər üçün belə model məqbul hesab edilə bilər. Bizdə milli mentalitet və siyasi mədəniyyət birbaşa demokratiyanı sifariş edir. Yəni prezidenti birbaşa xalq özü seçməklə Prezident üsul-idarəsini qəbul edir. Hazırda 24 iyun seçkilərindən sonra Türkiyədə əslində bu hadisə baş verib və düşünürəm ki, Türk xalqının bu seçimi çox doğru və uzaqgörən seçimdir. Türkiyə ətrafında və bütövlükdə Müsəlman Şərqində olduqca mürəkkəb hərbi-siyasi hadisələr baş verməkdədir. Qardaş ölkə bu çətin və mürəkkəb vəziyyətdə həm öz təhlükəsizliyini təmin etməli, həm də bütövlükdə regionda müvazinətqoruyucu rol oynamalıdır. Dolayısıyla, regionun geostrateji müvazinətini saxlamaqla Yaxın Şərq və Şimali Afrika ölkələri üçün rol-model olmalıdır”.

Millət vəkilinin fikrincə, Türkiyə Qafqazlar və Orta Asiya ilə tarixi strateji əlaqələri möhkəmləndirməklə yeni Avrasiyaçılıq konsepsiyasında təyinedici ölkələrdən birinə çevrilməlidir: “Bütün bunlar Türkiyənin qarşısında olduqca mühüm strateji vəzifələr qoyur. Türkiyədə bunu fərqindədirlər və dərk edirlər ki, hazırda baş verən siyasi proseslərdə bu ölkənin alacağı qərarlar həm Türkiyənin, həm də onun müttəfiqlərinin, o cümlədən siyasi Azərbaycanın gələcəyi baxımından həyati vacib əhəmiyyətlidir. Ona görə də yeni siyasi sistemdə hakimiyyətin xalqın iradəsilə müəyyənləşmiş tək bir mərkəzdə cəmləşməsi bu çətin vəzifələri yerinə yetirməkdə strateji önəmə sahib olacaqdır. Düşünürəm ki, qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın formalaşdırdığı siyasi komanda bu şərəfli vəzifənin öhdəsindən layiqincə gələ biləcək”.

H. Babaoğlu Türkiyə prezidentinin ilk səfərini Azərbaycana etməsindən də danışıb. Bildirib ki, Prezident İlham Əliyev Türkiyənin gücünün bizim gücümüz olduğunu deyib: “Bu mühüm cümlədə Türkiyə-Azərbaycan münasibətlərinin dərin strateji məzmunu öz əksini tapıb. Artıq Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycandadır və onun inauqurasiyadan sonra dərhal ölkəmizə səfər etməsi olduqca mühüm siyasi hadisədir”.

10.07.2018 16:02 / Baxılıb: 84 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo