| |||||
“Ermənistanın gələcəyi işğal siyasətinə son qoyulmasından keçir”
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov yap.org.az saytına müsahibə verib. Azadinform müsahibəni diqqətinizə çatdırır:
- Elman müəllim, ilk öncə Mingəçevirdəki "Azərbaycan İstilik Elektrik Stansiyası”nda baş verən qəza və onun aradan qaldırılması üçün həyata keçirilən tədbirlərlə bağlı fikirlərinizi bilmək istərdik. Ölkə Prezidentinin yanında keçirilən müşavirədə ölkənin enerji sistemindəki vəziyyət geniş təhlil olundu. Müşavirədə qaldırılan məsələlər barədə nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzadan sonra ölkənin energetika sahəsində ciddi problem yaşandı. Lakin müvafiq qurumların proseslərə müdaxiləsi nəticəsində bu, uzunmüddətli olmadı. Ümumilikdə görülmüş işlər nəticəsində paytaxt Bakı da daxil olmaqla, Azərbaycanın digər ərazilərinə elektrik verilişi bərpa olundu, həyatın bütün sahələrində normal iş fəaliyyəti yenidən öz ahəngində davam etdirildi. Hadisədən dərhal sonra Prezidentin mətbuat xidməti məlumat yayaraq, məsələnin dövlət başçısının daim nəzarətində olduğunu bəyan etdi. Bununla yanaşı, prezident İlham Əliyev "Azərbaycan İstilik Elektrik Stansiyası”nın yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı. Bu müşavirədə "Azərbaycan İstilik Elektrik Stansiyası”da baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası üzvləri ayrı-ayrılıqda hesabatla çıxış etdilər. Müşavirənin keçirilməsində başlıca məqsəd qəzanın səbəblərini, nəticələrini araşdırmaqdan, bundan irəli gələn məsələlərin müzakirəsindən ibarət idi. Dövlət başçısı İlham Əliyev son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulduğunu vurğuladı. Diqqətə çatdırıldı ki, son 15 il ərzində Azərbaycanda 30 yeni elektrik stansiyası istifadəyə verilib, 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Bunun nəticəsində Azərbaycanın hazırkı enerji potensialı 6400 meqavata çatdırılıb. Bunun 2500 meqavatı son 15 il ərzində yaradılıb. Ölkə başçısı Azərbaycanın bütün bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında yeni elektrik stansiyalarının tikildiyini, həmçinin su elektrik stansiyalarının yaradıldığını söylədi. O qeyd etdi ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin deyə, mühüm işlər görülsə də, bir qəza nəticəsində bütün enerji sistemi sıradan çıxıb. Dövlətimizin başçısı bu məsələnin çox ciddi suallar yaratdığını vurğuladı. O, bu suallara cavab verilməsinin zəruriliyini bildirdi. Dövlət Komissiyasından tələb edildi ki, bu suallara tezliklə cavab tapılsın, ciddi araşdırma aparılsın, indiki vəziyyəti şərtləndirən amillər üzə çıxarılsın. Prezident müşavirədəki çıxışında birmənalı olaraq bildirdi ki, ciddi araşdırmaların aparılması nəticəsində günahkarlar müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır. Prezident İlham Əliyev yaranmış gərginlik fonunda əhalinin göstərdiyi mövqeyə, səfərbər olmuş cəmiyyətə, vətəndaş həmrəyliyinə və dövlət başçısının siyasi kursunu dəstəklədiyinə görə xalqımıza minnətdarlığını bildirdi. O, baş verənlərin eyni zamanda sınaq olduğunu və Azərbaycan xalqının bu sınaqdan şərəflə çıxdığını dilə gətirdi. Bu, bizim böyük nailiyyətimizdir. Bununla yanaşı, dövlət başçısı hadisə baş verən sektora görə məsuliyyət daşıyan məmurları kəskin tənqid etdi. Bildirdi ki, onların səhlənkarlığı ucbatından bu qəza baş verib. Nəticədə bu isti havada insanlara əziyyət verilib, iqtisadiyyata böyük ziyan vurulub. Bütün bunlar prezidentin baş verənləri şəxsən nəzarətdə saxladığını növbəti dəfə nümayiş etdirdi. Qeyd olundu ki, Dövlət Komissiyası xüsusi tədbirlər planı hazırlamalı, Azərbaycan xalqı gələcəkdə bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özünü qoruya bilməlidir.
- Son illər Azərbaycan regionda böyük layihələrin müəllifi kimi çıxış edir. Bu layihələr ölkəmizə nə kimi dividentlər gətirir?
- Müstəqil Azərbaycanın sosial və iqtisadi sahələrdə dinamik inkişafı prosesində Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı neft strategiyasının uğurla həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə neft-qaz sənayesinin “Əsrin müqaviləsi” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas faktor kimi çıxış edib. “Əsrin müqaviləsi”nin və digər layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın gücünü o səviyyədə artırıb ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilib.
Bütövlükdə "Cənub Qaz Dəhlizi" ətrafında Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, İtaliya, Yunanıstan və Albaniya kimi ölkələrin sıx əməkdaşlığı formalaşıb. Balkanlardan Bosniya və Hersoqovina, Xarvatiya və Monteneqro da memorandum imzalayaraq, layihənin potensial iştirakçıları olublar. Əlavə olaraq, Rumıniya və Türkmənistan da layihəyə ciddi maraq göstərir. Görünən odur ki, "Cənub Qaz Dəhlizi" öz təsdiqini tapır dünya üçün böyük önəm kəsb edir.
- İşğalçı Ermənistan bütün bu layihələrdən kənarda qalır...
- Ermənistan təcavüzkar siyasəti nəticəsində Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərindən və indi də Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsindən kənarda qaldı. Ermənistanın iqtisadi blokadası güclənəcək və bu ölkədən miqrant axını, eləcə də yerli əhalinin yoxsulluq səviyyəsi daha da artacaq.
- Elman müəllim, ümumiyyətlə, Ermənistanın yeni hakimiyyətinin Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı mövqeyini necə şərh edərdiniz?
- İşğalçı Ermənistanın yeni hakimiyyəti Sarkisyanın vəziyyətindən dərs çıxarmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikirləri, onun işğal olunmuş ərazilərimizə səfəri münaqişənin sülh yolu ilə həllinə xidmət etmir. Həmçinin, o, aparılan danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirakını təklif etməklə özünə dividend qazanmaq istəyir.
10.07.2018 15:40 / Baxılıb: 434 /
Bu bölmədə ![]() ![]() ![]() |
![]() 19.02.2019
18:55“Messi bir dahidir”
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |