Təhsil liderləri Şimali Kiprdə Forum keçirdi

AZADİNFORM. Girnə Amerikan Universiteti və Qlobal Karyera İnstitutunun təşkilatçılığı, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Şimali Kipr Türk Respublikası (ŞKTR) Prezident Administrasiyası, ŞKTR Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Şimali Kipr Türk Respublikasında “Təhsildə Beynəlxalq Liderlər” Forumu keçirilib.  Azadinform xəbər verir ki, Forumun açılış mərasimi Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyində gerçəkləşib. 

Təşkilat komitəsinin sədri, Global Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu  Forumu açaraq, dünyanın diqqətini təhsilin yüksək əhəmiyyətə malik olduğuna  yönəldib, planetin hər yerində insan kapitalının ən vacib sərvət kimi qavranılmasını önə çəkib, “yurda sülh, cahanda sülh” anlamının gerçəkləşməsinə təhsilin liderliyi ilə çatmağın mümkünlüyü mesajını verib.

Professor Oğuz Karakartalın moderatorluğu ilə keçirilən forumda Kipr və Azərbaycanı rəsmi şəxslər, elm və təhsil nümayəndələri  təmsil ediblər. Professor Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən fikirlər səsləndirib, “Azərbaycan” şerini söyləyib. 

ŞKTR-in təhsil naziri Camal Özyiğit ölkəsinin təhsil adası olduğunu xatırladaraq, Şimali Kipr və Azərbaycan arasında uğurla tələbə mübadiləsi aparıldığını deyib. Nazir bildirib ki, bağlı qapıları təhsilin gücü ilə açmaq mümkündür və Şimali Kipr rəhbərliyi məhz bu fəlsəfəyə əsaslanır. 

Azərbaycan Milli Məclisinin üzvü Sona Əliyeva təhsil sahəsində aparılan islahatlardan danışaraq, yüksək ixtisaslı kadrların yetişdiyini və həmin gənclərin idarəetmədə layiqli yer tutduqlarını vurğulayıb. Millət vəkili qeyd edib ki, təhsilli şəxslər yeni dünyanın tələblərinə cavab verəcək səviyyəyə yüksəlməklə vətənlərini layiqincə təmsil etməyi bacararlar. 

ŞKTR-in Baş nazirinin müavini, xarici işlər naziri professor Qüdrət Özərsay Azərbaycandan gələn təhsil xadimləri qarşısında “Şimali Kiprin təhsil modeli” mövzusunda mühazirə ilə çıxış edib. Xarici işlər naziri bildirib ki, təhsildə öndə olması ilə seçilən bu ada əsasən təhsilin gücü ilə məntiqi siyasət yürüdür. 

Bakı Dövlət Universitetinin professoru, əməkdar elm xadimi Şahlar Əsgərov “Tərəqqinin fəlsəfəsi” mövzusunda çıxış edib. Professor inkişafda ictimai mənafeyin əhəmiyyətini vurğulayıb. Slayd vasitəsilə göstərib ki, inkişaf etmək üçün iqtisadi mənafeyin nisbəti şəxsi mənafeyin nisbətindən üstün olmalıdır. Ş.Əsgərov müəllifi olduğu “Kamilləşən bəşəriyyət” kitabını dinləyicilərə hədiyyə edib. 

Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin təmsilçisi İsmayıl Ənsərlı təmsil etdiyi qurumun sədri Fuad Muradovun forum iştirakçılarına salamlarını çatdırıb və təbrik mətnini oxuyub. Bildirib ki, bütün ölkələrdə yaşayan azərbaycanlılar və türklər eyni ruhun daşıyıcılarıdır və onların hər biri vətənlərinin inkişafına, dünyadakı mövqeyinin sarsılmaz olduğuna çalışırlar. 

Türk Birliyi Həmrəylik Dərnəyinin sədri Güvən Arıklı iki qardaş ölkənin münasibətlərinin tarixindən söz açıb və bu birliyin əbədi olmasında təhsilin əhəmiyyətini önə çəkib. 

Kommunikasiya mütəxəssisi İpek Halim “Təhsildə kommunikasiyanın sirləri”ndən bəhs edib.

Nahardan sonra qonaqlar Kipr Amerikan Universitetini ziyarət ediblər.  

Azərbaycan təhsilində həyata keçirilən islahatlar barədə Təhsil Şurasının üzvü Böyükağa Mikayıllı danışıb və qısa müddət ərzində keçilən uğurlu yolun tarixini diqqətə çatdırıb. 

Millət vəkili Sona Əliyeva universitetin rektoruna Azərbaycandan xatirə hədiyyəsi təqdim edib. 

Forumun ikinci günü Girne Amerikan Universitetində olub. 

Qazaxıstan təmsilçisi Almagey İqtisadi və Statistika Akademiyasının prorektoru Lidiya Beqenova bu ölkənin təhsil sistemini detalları ilə iştirakçılara anladıb. Xanım rektorun video-təqdimatı maraqla qarşılanıb.

Millət vəkili Sona Əliyeva “İnkişafda təhsilin akademik rolu” mövzusunda söylədiyi mühazirədə savadlılıq dərəcəsi yüksək olan ölkələrin inkişaf strategiyasına diqqət çəkib və Azərbaycanın bu sırada öncüllərdən olduğunu deyib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu çıxışında təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. Natiq qeyd edib ki, Fondun layihələrində gənclərin biliklənməsi ilə yanaşı əsl vətəndaş kimi tərbiyə olunmaları prioritet təşkil edir.  

Gənc filosof  Hakan Mengüc Yunus Əmrə fəlsəfəsindən söz açıb. O, fikirlərini ifa etdiyi ney vasitəsi ilə çatdırıb və bildirib ki, insan özünü dərk edəndən sonra başqa həqiqətləri tapa bilər, bu xoşbəxtliyə aparan yol isə təhsildən keçir. 

İyulun 5-də Forumun iştirakçıları Kiprin tarixi məkanlarını ziyarət ediblər.

“Təhsildə motivasiya və özünə inamın formalaşdırılmasının sirləri”, “Təhsildə beynəlxalq əməkdaşlıqların perspektivləri və təcrübələrin müqayisəli diskusiyası”, “Məktəb-ailə münasibətlərinin formalaşdırılmasında müəllimlərin rolu”, “Uğurlu idarəçilik: prinsiplər, tətbiqlər, resurslar” mövzusunda seminarların iştirakçıları olan təhsil xadimlərinə sertifikatlar verilib.

 

 

10.07.2018 15:24 / Baxılıb: 540 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo