Bölgələrdən bölgələrə yaradıcılıq festivalı Ağdamda Foto

AZADİNFORM. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında respublikamızın regionlarında həyata keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdam rayonun olub. 

Azadinform xəbər verir ki, tədbirdə rayon sakinləri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, həmçinin respublikamızın digər bölgələrindən olan qonaqlar iştirak ediblər.

Heydər Əliyev adına parkın ərazisində Mədəniyyət Nazirliyinin Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Şəki, Kürdəmir, Ağstafa, Şəmkir, Bərdə, Ağcabədi, Ağdaş, Sabirabad, Lənkəran, Masallı və Biləsuvar regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin sərgisi keçirilib. Festivala gələnlər Azərbaycanın bölgələrinin mədəni zənginliyi, özünəməxsusluğu, qədim tarixi, ənənələri, incəsənət nümunələri ilə maraqla tanış olublar. Parkda təqdim olunan konsert proqramı rəngarəngliyi ilə yaddaşlarda qalıb. Hər bir regional idarə üzrə folklor qruplarının, incəsənət və bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər hamıda xoş ovqat yaradıb.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. Layihənin yay mövsümündə keçirilməsi həm ölkəmizə gələn xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradır. Masallı şəhərində start götürmüş, Lənkəran, Salyan, Sabirabad, Füzuli və Ağdamda davam etmiş “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı nazirliyin digər regional idarələrində də davam edəcək

9.07.2018 17:32 / Baxılıb: 165 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
24.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo