Sosial şəbəkələr vətəndaşların problemlərinin həlli üçün çıxış yoludurmu?

İnformasiya texnologiyalarının sürətli inkişafı kütləvi informasiya vasitələrinə (KİV), o cümlədən elektron mediaya ciddi təsir göstərməkdədir. 

İnternetin, xüsusilə də sosial şəbəkələrin meydana çıxması jurnalistikanın yeni dövrünün başlanması kimi xarakterizə edilir. Hazırda sosial şəbəkələr mediaya nəinki təsir göstərir, hətta operativlik baxımından onu vurub sıradan çıxarmaq səviyyəsinə qədər gəlib çatıb. Sosial şəbəkələrdə heç bir qadağa, redaksiya nəzarəti və ya kənar müdaxilə yoxdur. Tam sərbəstlik media ilə müqayisədə sosial şəbəkəni daha cəlbedici edir və nəticədə oxucu auditoriyasının diqqətini ikincinin xeyrinə dəyişir.

Bundan başqa, sosial şəbəkə istifadəçiləri hesab edir ki, hər hansı bir problemi bu şəbəkələr vasitəsilə işıqlandırdıqda daha çox ictimailəşir və qismən həll olunur. Hətta buna həsr edilən xüsusi qruplarla da rastlaşırıq. Dövlət, bələdiyyə və bu kimi digər qurumlardan müraciətlərinə cavab tapa bilməyən həmin şəxslər bu qruplar vasitəsilə bir növ kömək almağa çalışırlar. Bəs, vətəndaşlar necə hesab edir, bu çıxış yoludurmu?

Sosial şəbəkə istifadəçisi Türkan Orucova bildirib ki, problemin birdəfəlik həll olunması üçün dövlət və bələdiyyə qurumları müraciətlərə vaxtında cavab verməlidir: “Bununla vətəndaşların problemini həll etməyə çalışmalıdırlar. Təbii ki, əksi olduğu təqdirdə vətəndaşların belə çıxış yolu seçməyi heç nəyi həll etmir. Məsələni sosial şəbəkələrdə deyil, aidiyyəti qurumlarla müzakirə edib həll etməyə çalışmalıdırlar. Əslində isə dövlət qurumları ilə yanaşı məsələni sosial şəbəkələrdə gündəmə gətirdikdə daha tez öz həllini tapır. Çünki cəmiyyət tərəfindən qınaq atəşinə tutulur. Gec, ya tez problem öz həllini tapır. Məsələn, bu yaxınlarda bağçada uşaq döyülmüşdü. İnsanlar tərəfindən bir çox fikirlər səsləndirildi. Sonda təqsirləndirilən şəxs işdən azad olundu. Həmin adamın işdən azad olunması bir çoxlarına dərs oldu. Ən azından gizlicə onun kimi hərəkət edənlər sonlarının belə olacağını düşündülər. Düzdür, aidiyyəti qurumlar tərəfindən müəyyən tədbirlər görüldü. Məhz bu da əhali tərəfindən səsləndirilən fikirlər əsasında eyni zamanda, qanuna uyğun olaraq addımlar atıldı. Bütün bunlara baxmayaraq həllini tapa bilməyən məsələlər də az deyil. Buna görə də dövlət qurumları vətəndaşların həllini özləri həll etməlidirlər. Şərt o deyil ki, ölkə başçısına məktub yazılsın, ondan sonra əl-ayağa düşsünlər. İstəsələr vətəndaş müraciət etdiyi anda problemi mümkün qədər tez həll edə bilərlər. Çünki onlar Prezidentimiz tərəfindən əhaliyə qayğı göstərilmələri üçün vəzifəyə gətiriliblər. Məncə problem vaxtında öz həllini tapsa sosial şəbəkələrdə gündəmə gətirilməz. Çünki effektli olduğu qədər effektsiz qalan məsələlər də var”. 

Digər sosial şəbəkə istifadəçisi Samir Abbasov problemin işıqlandırıldıqdan sonra aradan qalxdığını qeyd edib: “Mən təxminən 2 il yarım Qobu qəsəbəsində yaşamışam. Orada kommunal problemlər mövcud idi. Əsasən də su problemi mövcud idi. Qəsəbəyə su normal olaraq həftədə 3 dəfə verilir. Bir müddət haradasa 15-20 gün qəsəbəyə su verilmədi. Mən də bunu sosial şəbəkələrdə paylaşdım. Həmçinin, jurnalist dostlardan problemi işıqlandırmasını xahiş etdim. Problem bir neçə internet portallarında işıqlandırıldı. Bundan sonra qəsəbəyə su normal qaydada verildi. Təxminən 1 ay kimi Qobu qəsəbəsinə öz qaydasında – yəni həftədə 3 dəfə 5-6 saat su verilirdi. Hal-hazırda isə orada yaşamıram. Yenidən belə bir problemin olub-olmadığından da xəbərim yoxdur”. 

Nahid Hacıyev adlı başqa bir sosial şəbəkə istifadəçisi isə hesab edir ki, hər sosial şəbəkədə göstərilən problem heç də problemdən çıxış yolu demək deyil: “Problemi göstərən şəxs həmin problemə yazılan, yaxud deyilən fikirlərdən bir əsas çıxartmaqla sonda məsələnin izah yolunu göstərməlidir. Bildirməlidir ki, bu gün qoyulan problemə ümumi olaraq bu cür çıxış yolu tapdıq. Problemi göstərməklə deyil, məhz onun çıxışını göstərməklə aradan qaldırıla bilər”.

İslam Soltanlı da problemi sosial şəbəkələr vasitəsilə  gündəmə gətirməyi üstün tutanlardandır: “Mən Qaradağ rayon Lökbatan qəsəbəsi, 2-ci massivdə yaşayıram. Təxminən 1 ilə yaxındır ki, burada kirayə qalıram. Bizim yaşadığımız məhəllənin ən böyük problemi zibilliklə bağlı idi. Zibil yeşiklərini elektrik stansiyasının yanına qoymuşdular. Təsəvvür edin, 3-4 zibil yeşikləri var idi. Onlar zibillərlə dolurdu. Hətta o qədər dolurdu ki, zibillər ətrafa səpələnirdi. Ətrafa üfunət iyi yayılırdı. Bunu mən şəxsən dəfələrlə sosial şəbəkələrdə paylaşmışam. Aidiyyəti qurumlara da şikayət etmişik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət edirdik. Problemin onlara yox, Qaradağ RİH-ə aid olduqlarını bildirirdilər. RİH-in problemlə bağlı aidiyyəti şöbəsi işə laqeyd yanaşırdı. Gəlirdi zibilliyi təmizləyirdi, sonra da uzun müddət gəlmirdi. Yenə məhəllədə eyni mənzərə yaranırdı. Təxminən 2 ay bundan öncə həmin zibillikdə yanğın çıxdı. Zibilliyin yaxınlığındakı elektrik stansiyası partladı. Artıq zibil yeşiklərini götürüblər. İndi sakinlər öz zibillərini evlərinin yanına qoyurlar. Zibil idarəsi zibilləri evlərin yanından götürür. Yəni deməyim odur ki, problemi tam həll edə bilmirlər. Mən deyərdim ki, hər hansı problemin həllində sosial şəbəkələrin xüsusi rolu var. Sosial şəbəkələr olmasa problemlər olduğu kimi qalardı”.

Hüquqşünas Məhərrəməli Həmidov qeyd edib ki, dövlət və bələdiyyə qurumlarından müraciətinə cavab almayan vətəndaş dərhal həmin problemi sosial platformalarda və internet resurslarında ictimailəşdirməklə çıxış yolu tapdığını düşünür: “Hətta sosial şəbəkələrdə vətəndaşların problemlərini ictimailəşdirən qruplar və səhifələr də var. Bu yol haradasa effektli ola bilər. Lakin bunun çıxış yolu qanunvericilikdə nəzərdə tutulub. Məsələn, vətəndaş hansısa inzibati orqana, yaxud bələdiyyəyə öhdəliyin icrası, məcburetmə və s. predmetlə müraciət edir. Lakin müraciətinə cavab ala bilmir. Bu zaman inzibati iqtisadi məhkəmədə həmin orqanın üzərinə müraciətə cavab verilməsi öhdəliyinin qoyulmasına nail olmaq olar. Sosial şəbəkələr bunun bir az sadə və rahat başa gəlməsi baxımından, daha effektli olması baxımından özünü göstərə bilər”.



Zəminə Abbasova


Bu məqalə “Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Açıq  hökumətin təşviqi  - KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmənin təşkili” layihəsi çərçivəsində hazırlanıb. 

9.07.2018 13:50 / Baxılıb: 334 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo