Bakıda Təcəssüm adlı rəsm sərgisi açılıb

Mədəniyyət Nazirliyi, “Retro Holding” və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Bakıda “Təcəssüm” adlı rəsm sərgisi açılıb.

Azadinform xəbər verir ki, Xətai Sənət Mərkəzində təşkil edilən sərgidə ilk dəfə olaraq “Kaatı” sənətinə aid olan rəsm əsərləri nümayiş edilir. Gənc rəssamlar İnci Aksu, Nicat Muxtarlı və Aysel Günəşin əsərlərindən ibarət 60-dək sənət əsərinin yer aldığı sərgidə yağlı boya ilə işlənmiş rəsm əsərləri də ekspozisiyanın görkəminə maraq qatıb.

Xalq rəssamı Arif Hüseynov, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev çıxış edərək sərginin əhəmiyyətindən söz açıblar.

Nümayiş edilən sənət əsərlərinin məna və məzmun cəhətdən fərqliliyinə toxunan natiqlər bildiriblər ki, yüksək sənət meyarlarına cavab verən “Kaatı” təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, habelə yetişməkdə olan nəslin bu sənətə marağının artırılması məqsədilə belə bir sərginin ölkəmizdə təşkili olduqca önəmlidir.

Qeyd edilib ki, hər üç sənət adamı mükəmməl yaradıcılığa malik olduğu üçün onların ərsəyə gətirdiyi əsərlər də mükəmməlliyi ilə seçilir. Natiqlər rəssamlara gələcək yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi haqqında məlumat verib. Rəhbəri olduğu sənət ocağının maraqlı və ecazkar sərgilərlə hər zaman sənətsevərlərin görüşünə gəldiyini deyən Z. Əvəzov “Təcəssüm”ün də belə sərgilərdən olduğuna diqqət çəkib.

Mərkəzin direktoru hər üç rəssama Xətai Sənət Mərkəzinin diplomlarını təqdim edib.

Çıxış edən rəssamlar sərginin ekspozisiyasında yer alan öz sənət əsərləri haqqında qonaqlara məlumat verib, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür ediblər.

Sonra qonaqlar sərgi ilə yaxından tanış olublar.

Qeyd edək ki, “Kaatı” sənəti ilk dəfə Çində yaranıb. Bu sənətin İslam dünyasında ilk nümunələrinə XV əsrdə Teymurilər və Ağqoyunlular dövründə rast gəlinir.

7.07.2018 15:38 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo