UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Azərbaycanda keçiriləcək

Eşqin Nuruşov/AZADİNFORM. Bəhreyn Krallığının Manama şəhərində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası keçirilib.

Azadinform xəbər verir ki, iclasda Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi altında Xarici İşlər və Mədəniyyət nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib.

İclas çərçivəsində UNESCO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyasına aid məsələlər müzakirə edilib, eyni zamanda müxtəlif ölkələrin maddi irs nümunələri Ümumdünya İrs Siyahısına daxil edilib.

Komitə iclasının sonunda növbəti il üçün Komitənin sədri və 43-cü sessiyaya ev sahibliyi edəcək ölkə ilə bağlı müzakirələr aparılıb.

Yekun qərara əsasən nazir Əbülfəs Qarayev Komitəyə sədr seçilib. Beləliklə, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına Azərbaycan ev sahibliyi edəcək. Tədbirdə dünyanın 180-dan artıq ölkəsindən 2000-dən nəfərdən çox nümayəndənin iştirakı gözlənilir.

Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərindən biri hesab olunur. Ümumdünya İrs Komitəsi dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda Komitəyə sədrlik etməklə Azərbaycan Respublikası dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.

4.07.2018 12:10 / Baxılıb: 191 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo