Həm də Azərbaycan gücləndi

Şəfa Tapdıq/AZADİNFORM. “Türkiyə Cümhuriyyəti 24 iyun seçkilərilə ən yeni siyasi tarixinin mühüm bir mərhələsinə qədəm qoydu. Bu mərhələdən sonra başlayan siyasi era qardaş ölkənin önümüzdəki yüzillikdə yerini və rolunu müəyyən edəcək. Mən bu seçkini onümüzdəki yüzillik kontekstində təsadüfən qiymətləndirmirəm. Hazırda beynəlxlq münasibətlər tarixinin çox mürəkkəb bir dövrünü yaşamaqdayıq və Türkiyənin yerləşdiyi geostrateji rayon da daxil olmaqla bütövlükdə Yaxın Şərq və Şimali Afrika təhlükəsizlik baxımından ən çox təhdidlərə məruz qalan bir siyasi coğrafiyadır”.

Bu fikirləri Azadinform-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu dünən Türkiyədə baş tutan prezident və parlament seçkilərinin nəticələri barədə danışarkən deyib.

O, bildirib ki, təhdidlərin mənbəyi bir sıra imperialist mərkəzlərdir: “Onlar həmin siyasi coğrafiya üzərində siyasi və demoqrafik mühəndislik edərək yeni hibrid müharibələr vasitəsilə öz maraqlarına xidmət edəcək yeni nizam yaradırlar. Belə kiritik mərhələdə Türkiyənin regionun ən güclü aktoru kimi davranışları həm öz siyasi gələcəyi üçün, həm də bütövlükdə regionun gələcəyi üçün olduqca vacib idi.Qısacası, ya türk xalqı doğru qərar qəbul edərək dövlətçilik və regionda söz sahibi ola bilmə problemini həll edəcək ya da müsəlman Şərqinin digər dövlətlərinin taleyini yaşamağa məhkum ediləcəkdi. Düşünürəm ki, Türkiyə xalqı bu siyasi reallığı obyektiv qiymətləndirməyi bacarmaqla ən doğru qərarı qəbul etdi. Cümhur İttifaqının qələbəsi Türkiyənin gələcək inkişafı və sabitliyi baxımından olduqca mühüm bir hadisədir. Qələbənin təmin olunmasında isə heç şübhəsiz ki təcrübəli dövlət adamı, ciddi siyasi iradə nümayiş etdirməyi bacan, Türkiyənin milli maraqları baxımından mühüm qərarlar qəbul edən Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyəti əhəmiyyətli rol oynadı .Ədalət naminə qeyd etmək lazımdır ki, bu prosesdə Milliyyətçi Hərəkat Partiyasının da başından bəri prinsipial mövqe ortaya qoyması əslində bu ittifaqın gələcəyini və bütövlükdə qardaş ölkənin uğurlu siyasi gələcəyini müəyyən etdi. Başqa bir məsələ ondan ibarətdir ki, Türkiyə bu seçkilərdən sonra yeni idarəetmə üsuluna keçəcək və Prezident üsul idarəsilə idarə ediləcək”.

Millət vəkilinin fikrincə, həm tarixi reallığı, həm də bugünkü siyasi prosesləri nəzərə aldıqda, bu mürəkkəb mərhələdə yeni idarə üsulunun tətbiqi siyasi məqsədlərə çatmaq baxımından ən doğru olanıdır: “Türkiyə kimi mürəkkəb bir coğrafiyada yerləşən və olduqca mürəkkəb demoqrafik və ideoloji daxili mikrostruktura malik olan bir ölkənin vahid bir mərkəzdən idarə olunması sosial sifariş kimi ortaya çıxmışdı və Türkiyə xalqı öz sifarişini demokratik seçkilər vasitəsilə təmin etdi. Seçkilərdən sonra Türkiyə-Azərbaycan münasibətlərinin perspektivlərinə gəldikdə isə bu perespektivlər həmişə yüsək sviyyədə olub və bundan sonra daha da yüksələn xəttlə inkişaf edəcək .Həm iki ölkə xalqının siyasi sifarişi həm də qardaş ölkələrin liderlərinin dostluq və qardaşlıq münasibətləri, daima xalqlarımızın mənafeyi baxımından çıxış etmələri və bu maraqları uzlaşdırma bacarıqları Türkiyə -Azərbaycan münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Azərbaycan həmişə ən çətin məqamlarda Türkiyəni və onun dəstəyini yanında hiss edib .Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev TANAP layihəsinin açılışında çıxış edərkən bir daha bildirdi ki, Türkiyənin gücü bizim gücümüzdür. 24 iyun seçkilərindən sonra Türkiyə bir az da gücləndi. Deməli, həm də Azərbaycan gücləndi. Mən qəbul etdikləri müdrik qərar münasibətilə Türkiyə xalqını, Türkiyədəki dostlarımı və bütövlükdə Cümhur İttifaqını təbrik edirəm”.

25.06.2018 12:27 / Baxılıb: 235 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.07.2018
    14.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo