Türkiyədəki seçkilərin yekun nəticələri məlum olub

Adəm Abbaslı/AZADİNFORM. Türkiyədə iyunun 24-də keçirilən prezident və parlament seçkilərinin yekun nəticələri məlum olub.

Azadinform Türkiyə mediasına istinadən xəbər verir ki, seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə isə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İyi Partiyanın namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.

Bu seçkidən sonra Türkiyədə parlamentar sistemin sonuna gəlinib. 16 aprel 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumunda Türkiyənin prezident üsulu ilə idarə edilməsi qərarlaşdırılıb. 24 iyundakı seçkidən sonra Türkiyə  tamamilə prezident üsul-idarəsinə keçib.

Parlament mandatı  uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduqları “Cümhur İttifaqı”  53,6% səslə  qalib gəlib. Müxalifət partiyalarının “Millət İttifaqı” adlı  seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lıq bariyeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyasın 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

Millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra  keçirilən ilk seçkidə AKP  məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaqda getdiyinə görə, 49 mandat qazanan MHP-nin AKP ilə  məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74%- 146 mandat), HDP-nin (11.7%- 67 mandat) və İyi Partiyanın   (10.07-45 mandat)  qurduğu ittifaq isə məclisdə çoxluğu ələ keçirə bilməyib.

25.06.2018 09:00 / Baxılıb: 173 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo