Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri başlayıb

Samir Soltanov/AZADİNFORM. Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri  başlayıb. 

Azadinform xəbər verir ki, yerli vaxtla saat 8-də başlayan seçkilər saat 17-də başa çatacaq. Seçkilərin ilk nəticələrinin yeri vaxtla saat 19:00-dan sonra açıqlanması gözlənilir.   

Qeyd edək ki, Türkiyədə bələdiyyə, prezident və parlament seçkilərinin 2019-ci ildə keçirilməsi nəzərdə tutulsa da, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı  bu il aprelin 17-də partiyasının parlament  fraksiyasının iclasındakı çıxışında “ölkədəki, bölgədəki və dünyadakı  şərtləri” nəzərə alaraq, avqustun 26-da vaxtından əvvəl parlament və prezident seçkilərinin keçirilməsini təklif edib. 

Növbəti gün D. Baxçalı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdən sonra R. T. Ərdoğan iyunun 24-də növbədənkənar parlament və prezident seçkilərinin keçiriləcəyini açıqlayıb, parlament və Ali Seçki Şurası müvafiq qərar qəbul edib. 

Bu gün prezidentliyə namizədlərdən hər hansı biri 50%+1 səs ala bilməyəcəyi halda bu turda ən çox səs toplamış  iki namizəd iyulun 8-də  keçiriləcək ikinci turda yarışacaq. Bu parlament seçkisini əvvəlkilərdən fərqləndirən ən önəmli məqam isə seçkidə  partiyaların ittifaq yaratmalarına icazə verilməsidir. 1982-ci ildə qəbul edilmiş Konstitusiya və seçki qanunvericiliyinə görə 10 faizlik baryeri aşan partiyalar parlamentdə təmsil oluna bilərdi. 10%-lik baryeri keçə bilməyən kiçik siyasi partiyalar bu seçkidə yaradılan ittifaqlar nəticəsində parlamentdə mandata sahib ola biləcəklər.

24.06.2018 10:00 / Baxılıb: 293 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo