FHN-nin Həmkarlar İttifaqı Gəncədə konfrans keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Nazirliyin Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktik konfrans keçirib.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, tədbirdə çıxış edən FHN Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirib ki, Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra ölkədə hərbi kadrların hazırlanması prosesi geniş vüsət alıb.

O qeyd edib ki, ulu öndər Heydər Əliyevin cəsarətli addımları sayəsində Bakıda 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılıb: “Təsadüfi deyil ki, Naxçıvanski adına Hərbi Məktəb Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrilib. 1993-cü ildə ulu öndərin Azərbaycana rəhbərliyinə yenidən qayıdışından sonra ordu quruculuğu sahəsində irimiqyaslı islahatlara start verilib, Azərbaycanın nizami, hərtərəfli təchiz olunmuş, peşəkar kadrlardan ibarət silahlı qüvvələri formalaşdırılıb. Ulu öndərin müdrik siyasətinin alternativsiz davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin islahatları daha da genişləndirib və nəticədə Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı güclərindən birinə çevrilib”.

Gəncə Dövlət Universitetinin professoru, tarix elmlər doktoru Həsənbala Sadıqov Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu haqda çıxış edib.

FHN Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Asif Məmmədli bildirib ki, dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir.

Tədbirdə çıxış edən FHN Gəncə Regional Mərkəzinin şöbə rəisi polkovnik-leytenant Qabil Əliyev və sektor müdiri Elnur İmanov bugünkü güclü Azərbaycan ordusunun məhz ulu öndər Heydər Əliyevin xidmətlərinin nəticəsi olduğunu vurğulayıblar.

Tədbir konsert proqramı ilə davam etdirilib.

23.06.2018 18:27 / Baxılıb: 278 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo