Acınacaqlı məğlubiyyətin yeganə səbəbkarı Messi?

Futbol üzrə 21-ci dünya çempionatı davam edir. Artıq ikinci turun da əksər qarşılaşmaları başa çatıb. Rusiyada keçirilən mundial ötən çempionatlardan bir çox xüsusiyyətlərinə görə fərqlənir. 

Bu il ilk dəfə olaraq VAR (Video Köməkçi Hakim) sistemindən istifadə olunur. Artıq mübahisəli epizodlarda referi tək deyil, onun texnologiya kimi dəqiq dostu var.

DÇ-nin maraqlı tərəflərindən biri də ötən illərdə favorit sayılan Almaniya, Braziliya, Argentina kimi yığmaların gözləntiləri doğrultmamasıdı. Sosial şəbəkələrdə də əsasən favoritlərin istənilən səviyyədə çıxış edə bilməməsi müzakirə olunur. Ən çox tənqid edilənlər arasında Argentina millisi ilk pillədədir desəm, yəqin ki, yanlış olmaz. Komandanın kapitanı Messi isə az qala təhqirlərə məruz qalır. Əksər futbol azarkeşləri millinin uğursuz çıxışını məhz onunla bağlayır. Görəsən, həqiqətən də uğursuz gedişatın, Xorvatiyaya 0:3 hesablı acınacaqlı məğlubiyyətin yeganə səbəbkarı komandanın kapitanıdırmı? Media rəhbərlərinin fikirlərini öyrəndik...

"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov deyir ki, dünya çempionatı elə bir hadisədir ki, dörd ildən bir olur. Ona baxmamaq, yaxud qaçırmaq ağılsızlıq olar: "Bu çempionat özlüyündə bir futbol bayramı hesab oluna bilər. Bu mənada, vacib oyunları mümkün qədər izləməyə çalışıram. Amma təbii ki, qaçırdıqlarım da olur. Çünki işlə bağlı müəyyən oyunlara baxa bilmirəm. Budəfəki dünya çempionatında favoritim Portuqaliya millisidir. Əslində Rusiyadakı çempionat digərlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir və bu fərqliliklər onu daha da maraqlı edir. İndiyə qədər bir sıra gözlənilməz oyunlar və nəticələr izləmişik. Tətbiq olunan texniki yeniliklərlə bağlı fikirlər də birmənalı deyil. Düşünürəm ki, hakim subyektivliyinin azaldılması futbolun xeyrinədir. Mənim üçün, Argentina-Xorvatiya oyunu hələlik ən gözlənilməz oyunlardan biri oldu. Argentinanın məğlubiyyəti ilə bağlı sosial şəbəkələrdə xeyli tənqidlər yazıldı. Amma bizim millətin bir xüsusiyyəti var ki, söyməyə adam axtarırıq. Onlar üçün fərqi yoxdur ki, bu şəxs avtobus sürücüsü, metrodakı sərnişin qadın, hər hansı bir məmur, yaxud Messidir. Bu dəfə onların əlinə Messi keçmişdi, onu da söyürdülər. Hal-hazırda onun yaşı 35-ə yaxınlaşır. Bu bir hücumçu üçün kritik yaş dönəmi sayılır. Qapıçılar, müdafiəçilər öz formalarını 35-40 yaşlarına qədər saxlaya bilsələr də, hücumçularda bu, bir qədər çətindir. O, bir neçə ilə öz karyerasını başa çatdıracaq. Ona görə də onu qınamaq düzgün deyil. Messi özlüyündə böyük oyunçudur və şərəfli bir futbol karyerası keçib. Onun göstərdiyi şoular, əyləncəli futbol hər bir azarkeşin ürəyincədir. Bir oyuna görə hansısa oyunçunu tənqid etmək, yaxud söymək düzgün deyil”.

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bildirdi ki, builki dünya çempionatını başladığı gündən izləyir: "Düzdür, Azərbaycan, Türkiyə milliləri bu çempionatda iştirak etməsə də, istənilən halda maraqlı oyunlar izləyirik. Favorit komandam Misir idi. Məhəmməd Salah sevdiyim futbolçudur və ona görə də bu komandaya azarkeşlik edirdim. Təəssüf ki, o, birinci oyunda iştirak etmədi. Komandanın oyunu da bir o qədər uğurlu sayılmaz. Amma ümumilikdə zövq aldığım bir neçə oyunlar olub. 1998-ci ildə Xorvatiya üçüncü yeri tutanda onların oyunlarını çox bəyənmişdim, bu mənada da dünən onlara azarkeşlik edirdim. Onların Argentina kimi bir rəqiblə uğurlu oyunu məni çox sevindirdi. Həmçinin İspaniya və Portuqaliya arasında keçirilən oyundan da böyük zövq aldım. Çempionatın iddialı komandalarından biri də Rusiya millisidir. İnanıram ki, onların ilk üçlüyə qədər irəliləmə ehtimalı var. İkinci mərhələdə futbol azarkeşlərini daha gözəl oyunlar gözləyir. İlk dövrəyə baxmayan hər kəsi bu çempionata baxmağa dəvət edirəm. İspaniya ilə Portuqaliya oyununda Ronaldonun iddialı oyunu və 3 qol vurması Messini psixoloji cəhətdən sındırdı. O, rəqib olaraq Messidən üstün və daha yaxşı formada olduğunu göstərdi. Bu oyundan sonra Messi öz oyununu oynaya bilmədi. Bundan başqa, Argentina Portuqaliyanın Ronaldoya göstərdiyi dəstəyi ona göstərmir. Buna görə də o, ciddi depressiya keçirir. Amma bütün hallarda, mən onu böyük futbolçu hesab edirəm. Sadəcə olaraq futbolda elə keyfiyyətlər var ki, onu axıradək qoruyub saxlamaq lazımdır. Bu mənada Ronaldo hələlik daha üstün səviyyədədir”. 

"Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmlinin qənaətinə görə, son illər ərzində futbolda nəticəyə oynanılan oyunların sayı daha çoxdur: "Rusiyada keçirilən mundialda bu, açıq-aydın görünür. Demək olar ki, dünyanın əksər yığma komandaları sırf nəticəyə oynayır. Futbol əvvəlki məzmunundan bir qədər uzaqlaşıb. Dünya çempionatı fərqli futbol məktəblərinin qatıldığı yarışmadır. Əvvəlki mundiallarda bu, hiss olunurdu. İndi dünya futbolu praqmatik futbola yönəlib. Söhbət ilk turun təəssüratından gedirsə, ənənəvi favoritlərin heç biri gözləntiləri doğrultmayıb. Söhbət Braziliya, Almaniya, Argentina kimi yığmalardan gedir. İspaniya yığması öz təbiətini qoruyur. Fransa komandası artıq iki oyunda qələbəni təmin edib. Qarşıdakı turlarda, ümid edirəm ki, daha məzmunlu oyunlar izləyə biləcəyik. Çempionatda favorit komandam hələlik yoxdur. Əvvəllər favorit gözü ilə baxılan yığmalardan Braziliya, Argentina kimi komandalar ümidlərimi doğrultmayıb. Hazırda daha çox ön plana çıxan İspaniya, Portuqaliya, Fransa kimi komandalar digərlərinə nisbətən daha yaxşı təsir bağışlayır. Bundan başqa, Belçika və İngiltərə də ilk turda uğurlu çıxış edib. Bu mənada sıralar bir qədər genişlənir. Messiyə gəldikdə isə, o, dünya futboluna öz damğasını çoxdan vurub. Artıq onun erasının başa çatdığını desələr də, mənə elə gəlir ki, bu, heç də belə deyil. Son illər onun çıxış etdiyi komanda finallarda məğlub olur. Amma mən Argentinanın məğlubiyyətlərini sırf Messiyə bağlamıram. Onu daha çox Ronaldo ilə müqayisə edirlər. Ayrı-ayrı komponentlərinə görə Messi Ronaldodan daha üstündür. Təəssüflər olsun ki, Argentina daha zəif komandadır. Həmçinin dünənki məğlubiyyətdə komandanın baş məşqçisi Sampaolenin də böyük günahı var. O özü də bu məsuliyyəti öz üzərinə götürdü. Məncə, komandanın problemi məşqçi ilə bağlıdır”. 

 

Şəbnəm Mehdizadə

23.06.2018 12:00 / Baxılıb: 239 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo