Lavrovun açıqlaması diplomatik hiyləgərlik nümunəsidir

AZADİNFORM. “Dünən BMT baş katibi Antonio Quttereş Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında BMT TŞ-nin qətnamələrinin uzun illər yerinə yetirilməməsi və BMT-də aparılan islahatların bu qərarlara nə dərəcədə kömək edə biləcəyi ilə bağlı suala cavabında deyib ki, islahatlar katibliklə bağlı olacaq və bunun BMT orqanlarının işi ilə əlaqəsi yoxdur.

Eyni zamanda, Sergey Lavrov BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin hərbi əməliyyatlar dövründə qəbul olunduğunu və bu qətnamələrin qanlı hadisələri dayandırmağa, onu siyasi dialoq məcrasına daşımağa imkan verdiyini bildirib. O qeyd edib ki, daha sonra Minsk qrupu yaradılıb və onun çərçivəsində ərazilərin azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi ilə siyasi nizamlama kimi qalan məsələlərin həllinə dair razılığa gəlinib”.

Azadinform xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib. Partiya sədri bildirib ki, A.Qutterişin də, S.Lavrovun da Qarabağ münaqişəsinin həlli məsələsinə münasibəti ikibaşlı və təhlükəlidir: “Quttereş suala tam cavab verməkdən yayınıb, yalnız BMT katibliyində aparılacaq islahatlardan danışıb. Bəs BMT-nin Qarabağ münaqişəsinin həlli ilə bağlı vaxtilə özünün qəbul etdiyi qətnamələrin icrası necə olsun? Bunu BMT icra etməyəcəksə, bəs kim icra edəcək? Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməyə kim məcbur edəcək? Hörmətli baş katib bütün bu məsələlərə toxunmaqdan yayınıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT-nin Qarabağla bağlı qətnamələrinin müharibə vaxtına aid olmasını qeyd etməsi isə heç də təsadüfi və sıradan bir hadisə deyil. Bu, olduqca məkrli açıqlamadır”.

Ə. Hüseynovun fikrincə, Lavrovun bu açıqlaması onu göstərir ki, Rusiya Xarici İşlər Nazirliyi BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini heçə sayır, qüvvədən düşmüş sənədlər hesab edir. Bu isə avtomatik olaraq Ermənistanın beynəlxalq birlik tərəfindən işğalçı ölkə kimi tanınmasına son qoymuş olur: “Bu da öz növbəsində, Azərbaycanı BMT qətnamələrinə əsasən öz ərazilərini hərbi yolla işğaldan azad etmək hüququndan məhrum edə bilər. Bu mənada, Lavrovun açıqlaması diplomatik hiyləgərlik nümunəsidir. Kənardan belə görünür ki, Lavrov sanki Putinin yox, Paşinyanın maraqlarına xidmət edir”.

22.06.2018 16:43 / Baxılıb: 327 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo