Lavrov BMT-nin 4 qətnaməsini əsas saymır?

AZADİNFORM. “BMT-nin baş katibi Antonio Quterrişin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun birgə keçirdikləri mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələrinin niyə yerinə yetirilmədiyi sualına verdikləri cavablarda sətiraltı ifadələrini aydınlaşdırmağa çalışdım.

BMT-nin baş katibi suala sanki konkret cavab verib – "BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir". Ancaq bu cavabda da qüsur var”.

Azadinform xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib. Politoloq deyib ki, BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etmək yox, yerinə yetirməlidirlər, yerinə yetirmədikdə isə bunun üçün bəlli mexanizmlər hərəkətə gətirilir: “Sergey Lavrov isə verilən suala ikibaşlı cavab verib. Birincisi, o deyib ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edirlər. Necə işlədiyini 20 ildən çoxdur görürük. Cavabın sonrakı hissəsi daha maraqlıdır – “Bu qətnamələr hərbi əməliyyatlar dövründə qəbul olunub. Onlar böyük ölçüdə bu qanlı vəziyyətə son qoymağa və məsələni siyasi dialoqa çevirməyə imkan verib”. Yəni bir kəlmə də qətnamələrin məğzinə toxunulmayıb”.

Politoloqun fikrincə, Lavrovun sözlərindən belə çıxır ki, BMT qətnamələri sadəcə atəşkəsə nail olmaq və sonu görünməyən dialoqa başlamaq üçün idi: “Bəs həmin qətnamələrdəki “işğal altındakı rayonlar azad olunmalıdır” ifadəsi niyə unuduldu? Sonra da şikayət edirik ki, Ermənistan niyə BMT-nin 4 qətnaməsini yerinə yetirmir? Yerinə yetirməz də. Qətnaməni qəbul edən təşkilatın və qətnaməyə səs verən əsas ölkənin təmsilçiləri qətnaməni yerinə yetirməyən ölkənin adını çəkmədikləri bir yana, qətnamənin yerinə yetirilməsini də vacib saymırlar”.

22.06.2018 14:26 / Baxılıb: 307 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo