Açıq-saçıq geyim hansı faciələr yaradır?

Yay mövsümü gələndən Bakıda ənənəvi mövzulardan biri daha da aktuallaşıb. Qızların, arvadların açıq-saçıq geyinməsi, bunun nəticəsində kişilərin haldan-hala düşməsi məsələsini deyirəm. Qısası, bəzi xanımlar “işə gecikdiyindən” və “skleroz olduqlarından” üst paltarı geyməyi unudaraq şəhərə yatmaq paltarında çıxırlar ki, bunun da nəticəsində ciddi problemlər, hətta faciələr yaranır. Vallah şişirtmirəm, bu çox təhlükəli problemdir, belə ki, birbaşa insan həyatının itirilməsi ilə nəticələnə bilir. Necəmi? Mən yazım, siz oxuyun görün haqlıyam, yoxsa yox...

 

Tutaq ki, gözəl və gənc bir xanım bir qarışlıq mini-yubkada, yaxud çox qısa şortikdə minib avtobusa və qabaq sıraların birində əyləşib. Salondakı gənc oğlanların o saat avtobusun həmin qisminə yığılmasını qoyaq bir tərəfə. İndi bu zalım oğlu sürücü maşını necə idarə etsin? Qabaq tərəfə saysız-hesabsız güzgüləri yuxarıdan aşağıya, sağdan-sola, dioqanal vəziyyət havayı yerəmi düzüb? 


Xülasə, bu məzlum sürücü yola baxmaq əvəzinə qabaq şüşənin lap aşağısında yerləşən həmin böyüdücü güzgülərdən xanımı seyr etməyə bilərmi? Xeyr, Azərbaycanda bu mümkün deyil! Əvvəla, biz müsəlmanıq, ağlımız kəsməyəndə zorakılığa məruz qoyularaq sünnət olunmuşuq, ona görə də seksual temperament, cinsi natamamlıq kompleksi yüksək səviyyədədir. 


İkincisi, bizim xalqın kişiləri belə mənzərələrə o qədər də öyrəncəli deyil, adicə küçədə yeriyərkən dönüb çimərlik paltarında qarşısından keçən bir xanımın arxasınca baxanda qarşıdan gələnlə toqquşmurlarmı? Küçədə bu əməliyyat kiçik xəsarətlə qurtara bilər, amma avtobusda vəziyyət fərqlidir. Sürücü yola baxmağın başını buraxaraq salondakı mənzərələri seyr edib feyziyab olmağa başlayanda qəza baş verə bilər. Nəticədə xeyli sərnişin və özü o dünyaya yollana bilər. 


Konstruktorlar üzümüzə baxıb, metro qatarlarında maşinist vaqonun içini görmür, yoxsa tələfat daha kütləvi olardı. Lakin metroda da başqa problem var. Stansiyaya yarıçılpaq nazənin daxil olarkən bəzi polislər sərnişinlərin yüklərini dedektordan keçirməyin başını buraxıb, bu mənzərəni seyr etməyə, bəzən söz atmağa girişirlər ki, bu da metroya kiminsə rahatca bomba keçirməsinə imkan yarada bilər.


Təsəvvür edin ki, bir xanım dar kalqotkada və ya bir neçə sm-lik mini-yubkada, sinəsi və beli açıq şəffaf koftada svetoforun qırmızı işığını filanı vecinə almayaraq nazlana-nazlana  səkkizvari yerişlə yolu keçir! Bütün sürücülərin başları eyni istiqamətə dönəcəkmi? Dönəcək! Burda zəncirvari qəza baş verəcəkmi? 100 faiz! Nəticədə azı bir neçə nəfər həlak olacaq, bir neçə avtomaşın sıradan çıxacaq, ölkə iqtisadiyyatına zərər dəyəcək!


Mən özüm bir neçə dəfə belə qəzaların şahidi olmuşam. Düzdür, yol polisləri sənədləşdirəndə qəzanın səbəblərini bir az dəyişdirib ki ayıbdır, rüsvayçılıq olmasın, dünyada bizə gülməsinlər. Amma hər halda biz özümüz gözümüzlə gördüyümüzü necə unuda bilərik?


Ötən həftə maraqlı bir mənzərənin şahidi oldum. Küçə ilə tək gedən yarıçılpaq qıza ilişmək yarışında bir-birinə güzəştə getməyən iki qaqaş əvvəl türmə jarqonu ilə sözləşib, sonra qaydasız döyüşə başladılar. Bunlar al-qana qərq olduqları vaxtda həmin qız qulağında nauşnik dingildəyə-dingildəyə, daha doğrusu “səkkiz yaza-yaza” yoluna davam edirdi...


Belə misalları çox gətirə bilərəm, amma başınızı niyə ağrıdım ki? Qısası, dediyim odur ki, xanımlarımız bir az ehtiyatlı olsunlar, normal paltar geyinsinlər əyinlərinə. Başa düşürük, yaydır, istidir. Amma bir günahsız insanları da nəzərə alın. Vallah indiki zamanda ölmək yaşamaqdan bahalıdır.


Həm də bu istilər təkcə sizə təsir etmir ki? Bəs biz (kişilər) niyə lüt-üryan küçəyə çıxmırıq? Biz başa düşürük, indi parça bahadır, çox xanımlarımız imkansızlıq ucbatından az parça ala bilirlər. Yazıq dərzi də neyləsin, bundan ancaq mini-yubka çıxa bilər. 


Dükanlarda da “mini”lər uzun yubkalardan, kalqotkalar, şortiklər normal şalvarlardan ucuzdur. Ona görə də, imkansız xanımları anlamaq olar. Yaxşı bəs varlı-hallı xanımların yarıçılpaq vəziyyətdə şəhərə çıxmasına nə deyirsiniz?


Soruşmaq ayıb olmasın, niyə kimsə durduğu... pardon, oturduğu yerdə naməlum dünyaya yollanmalıdır? Bəlkə birinin ailəsinin heç pulu və ya satmağa evi yoxdur ölü mərasimlərini və digər xərcləri ödəməyə?


Dediyim odur ki, əhəmiyyətsiz bir hal kimi görünən bu vəziyyət ciddi problemlər yaradır. Mən hələ bəzi məsələlərə - zorlamaların və təhlükəli xəstəliklərə yoluxmanın artmasında belə geyimlərin rolu və sair bu qəbildən olanlara- toxunmadım. 


İndi gördünüzmü, ölüm sayının, yol qəzalarının, digər çoxsaylı problemlərin  sayının sürətlə artmasında xanımların açıq-saçıq geyinməsinin nə qədər böyük əhəmiyyəti var? Tak çto, əziz xanımlar, camaata yazığınız gəlsin, hoqqa çıxarmayın. Bəşəriyyət bu qədər böyük inkişaf yolu keçib, yenidən ibtidai icma quruluşuna qayıtmaq lazım deyil. Lütfən...


Elçin Bayramlı

22.06.2018 13:43 / Baxılıb: 522 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.11.2018
    17.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo