Cərimələrin artırılması üçün təkliflər hazırlanır

Şəfa Tapdıq/AZADİNFORM. “Cərimələr fərqlidir. Fiziki şəxslər üçün cərimə 2200-3000, vəzifəli şəxslər üçün 5000-7000, hüquqi şəxslər üçün isə 25000-45000 manatdır. Təəssüf ki, hələ də ağacların qanunsuz şəkildə kəsilməsi halları aradan qalxmır. Ona görə də cərimələrin artırılması ilə bağlı hökumətə təqdim etmək üçün təkliflər hazırlayırıq”.

Bu barədə bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən tədbir zamanı məlumat verilib. Qurumun sözçüsü İradə İbrahimova deyib ki, hər kəs yaşadığı ərazidə yaşıllığı qorumalı və onun artırılmasında maraqlı olmalıdır: “Təəssüf ki, bəzən yaşıllıqlara, ağaclara qarşı biganə, sevgisiz münasibətin şahidi oluruq. İnsanların ətraf mühitə, yaşıllığa belə münasibətinin dəyişdirilməsi üçün media nümayəndələrinin, ictimaiyyətin dəstəyinə ehtiyacımız var. Hesab edirəm ki, bu kimi işlərə uşaqlıqdan başlanmalıdır və uşaqlarda təbiətə sevgi hisləri aşılanmalıdır. Hər kəs ağac kəsilməsi və ya qurudulması ilə bağlı məlumatı nazirliyin 168 nömrəli "Qaynar xətt"inə 24 saat ərzində zəng edərək bildirə bilər. Təbiəti, ətraf mühiti birgə qorumalıyıq. Ötən dövr ərzində qanunsuz ağac kəsilməsi ilə bağlı ən az şikayət daxil olan rayonlar Xəzər və Qaradağdır”.

Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə sektorunun müdiri Umayra Tağıyeva deyib ki, nazirlik ağacların əkilməsi, onların qırılmasının qarşısının alınması və s ilə bağlı müxtəlif aksiyalar keçirir: “Əgər kimsə yaşıllığın salınması ilə bağlı nazirliyə müraciət etsə, əkin materialları onlara təmənnasız şəkildə təqdim olunacaq”.

22.06.2018 13:12 / Baxılıb: 387 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo