Yaxın vaxtlarda daha 500-dək hərbi qulluqçuya mənzil veriləcək

Samir Soltanov/AZADİNFORM. “Prioritet istiqamətlərdən biri də hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasıdır”. 

Azadinform xəbər verir ki, bu barədə müdafiə naziri Zakir Həsənov Ordumuzun əsas prioritetləri, aparılan uğurlu islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə danışarkən bildirib. O qeyd edib ki, dövlətimizin diqqəti və qayğısı nəticəsində son illərdə Bakı, Gəncə və Naxçıvanda 1400-dək hərbi qulluqçu daimi mənzillə, ölkənin müxtəlif bölgələrində isə 2000-dək hərbi qulluqçu xidməti mənzillə təmin olunub: “Silahlı Qüvvələrimizin şəxsi heyətinin 85 faizi yeni inşa edilən müasir hərbi şəhərciklərdə yerləşdirilib. Qısa müddətdə, xüsusilə cəbhəboyu zonada, 40-dək yeni hərbi şəhərcik inşa edilərək istifadəyə verilib, hazırda 5 hərbi hissədə tamamlama işləri davam etdirilir. İlin sonunadək daha 4 yeni hərbi şəhərciyin inşa edilərək sona çatdırılması planlaşdırılır. Bundan əlavə, Ali Baş Komandanın tapşırığına əsasən yaxın vaxtlarda daha 500-dək hərbi qulluqçunun daimi mənzillə təmin olunması nəzərdə tutulub. Stasionar və çöl şəraitdə yerləşən hərbi hissələrin, xüsusilə də ön xətdəki bölmələrin hərbi qulluqçularının sosial-məişət, əşya-əmlak və ərzaq təminatının yaxşılaşdırılması məqsədilə planlı surətdə müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş normalara və təminat planına əsasən hərbi hissələr mövsümə uyğun əşya əmlakları ilə tam təmin olunub”. 

Nazir bildirib ki, relyefinə görə çətin keçilən ərazilər və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyəti konservləşdirilmiş milli yeməklərlə təmin edilib: “İçməli su mənbəyi olmayan yerlərdə yerləşən bölmələr və mövqelər isə, orada xidmət edən və döyüş növbətçiliyi aparan hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə gün ərzində bir nəfər üçün yeməklərin hazırlanmasına 2,5 litr, içmək üçün yay mövsümündə 2 litr, qış mövsümündə isə 1 litr qablaşdırılmış su ilə təmin edilib. Eyni zamanda döyüş mövqelərindəki postlara su xətlərinin çəkilməsi həyata keçirilib. Hərbi qulluqçuların və onların ailə üzvlərinin sağlamlıq vəziyyətinin qorunması, xüsusilə ön xətdə yerləşən hərbi hissələrdə tibbi təminatın müasir tələblərə uyğun təşkili və yaxşılaşdırılması sahəsində kompleks tədbirlər icra edilib. Qarnizonların ərazilərində poliklinikalar inşa edilib, hərbi hissələrdə, o cümlədən cəbhəboyu zonada müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchiz olunmuş onlarla tibb məntəqəsi tikilərək istifadəyə verilib.

Cəbhəboyu zonada müxtəlif istiqamətlərdə müasir tibbi avadanlıqla tam təchiz edilmiş və müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulmuş stasionar və mobil səhra hospitalları və səhra tibb qrupları yaradılıb. Ön xətdə yerləşən bütün hərbi hissələr zirehli ambulanslar ilə təmin olunub. Bir sözlə, Ordumuzun hərbi potensialını gücləndirmək üçün nə lazımdırsa Azərbaycan dövləti onu edir. Biz müharibə şəraitində yaşayırıq və müharibə şəraitində yaşayan ölkə, ilk növbədə, ordu quruculuğuna diqqət göstərməlidir. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yerdədir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və silahların modernləşdirilməsi üçün 2014-cü ildən başlayaraq hər il bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir və bundan sonra da dövlətimizin dəstəyi ilə bu addımlar davam etdiriləcək. Məhz bu səbəbdən bu gün tam əminliklə deyə bilərik ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir əmrini dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdır və qadirdir”.

Nazir qeyd edib ki, bu əlamətdar bayramda mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində, sülhməramlı qüvvələrin tərkibində, ölkəmizin xarici dövlətlərdəki nümayəndəliklərində xidmət edən şəxsi heyəti təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətlərində uğurlar arzulayıram: “Azərbaycan Ordusunun əldə etdiyi uğurların arxasında, heç şübhəsiz, ölkə Prezidenti, Ali Baş Komandanın gərgin əməyi və davamlı qayğısı dayanır. Bu münasibəti daim öz üzərində hiss edən Azərbaycan Ordusunun şəxsi heyəti və öz adımdan cənab Ali Baş Komandanı yubiley münasibətilə təbrik edirəm. Əmin edirəm ki, Azərbaycan Ordusunun bütün şəxsi heyəti göstərilən etimadı daim doğrultmağa, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzün təmin edilməsinə tam hazırdır. Qələbə əzmi ilə xidmət edən Ordumuz xalqımızı gələcəkdə də əldə edilən uğurlar və nailiyyətləri ilə daim sevindirəcək”.

22.06.2018 12:47 / Baxılıb: 267 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo